Azərbaycanda tibbi turizmi necə inkişaf etdirmək olar? - EKSPERT AYDINLIQ GƏTİRDİ
“Tibbi turizm sağlamlıq turizminin bir qoludur. Tibbi məqsədlərlə edilən səyahətlər tibbi turizm adlanır. İnsanlar bir məkana səyahət edərək həm oradakı turistik fəaliyyətlərdən, həm də öz sağlamlıqları üçün tibbi imkanlardan faydalana bilirlər. Bunun üçün ilk növbədə ölkənin tibb sistemi kifayət qədər inkişaf etmiş olmalı, müəyyən standartlara cavab verməlidir. Eyni zamanda, ölkəyə gəliş-gediş rahat olmalı, nəqliyyat və viza məsələlərində əlçatanlıq təmin olunmalıdır. Bir çox ölkələr tibbi turizmi inkişaf etdirirlər. Çünki tibbi turizmdə demək olar ki, mövsümdən asılılıq yoxdur. Digər turizm növlərindən fərqli olaraq tibbi turizmdə bəzən qalma günlərinin sayı çox olur. Həmçinin, tibbi turizmdə xərclər da daha çox ola bilir”. Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Ceyhun Aşurov deyib.
Onun sözlərinə görə, Azərbaycana da ayrı-ayrı ölkələrdən insanlar tibbi məqsədlərlə səyahət edirlər: "Bu ölkələrin sayı təxminən 35-ə yaxındır. Azərbaycana daha çox Orta Asiya və Şərqi Avropa ölkələrindən səyahət edirlər. Çünki bizdə tibbi xidmətlər onlara nisbətən bahalıdır. Azərbaycana gələn tibbi turistlərin sayı o qədər də çox deyil. Lakin ölkəmizdə bu potensial var. Bunun üçün standartların formalaşması, tibbin kifayət qədər sistemləşməsinə ehtiyac var. Azərbaycanda artıq bir neçə tibbi müəssisə və klinikalar ABŞ-ın JCİ sertifikatını alıb”.
Ekspert sözlərinə davam edərək bildirib ki, bu cür müxtəlif standartları əks etdirən sertifikatlar güvən simvoludur: “Bunlar gələn xəstələr və turistlər üçün ağılda yaranan tərəddüdlü sualların aradan qalxmasına kömək edir. Eyni zamanda, tibbi turizmin inkişafı üçün sistematik yanaşma da önəmlidir. Hər hansı bir cərrahın uğurlu əməliyyatı təkcə onun yox, komanda yoldaşlarının da müsbət nəticəsidir. Hansısa bir tibbi prosesin uğurlu olması, hələ ümumi prosesin uğurlu olması demək deyil.
Turizm sərgilərində Azərbaycanda tibbi turizmin doğru şəkildə təbliği gələcəkdə tibbi turistlərin ölkəyə axınına xidmət edə bilər. Çünki hər hansı bir tibbi məqsəd üçün gələn turist ölkəni ziyarət etmiş, tanımış olur. Bu da ümumilikdə ölkə turizminin inkişafına müsbət təsir göstərir”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB