"Regionlarda hava limanlarının aktiv işləməsi üçün..." - AYDINLIQ GƏTİRİLDİ

“Bildiyiniz kimi, regionlarda olan hava limanlarının əksəriyyəti beynəlxalqdır. Hazırda işğaldan azad olunmuş ərazilərdə də hava limanları açılmaqdadır. Ümumiyyətlə, hava limanlarının olmağı həmin bölgəyə turist axınına səbəb olur. Qəbələyə Birləşmiş Ərəb Əmirliklərindən birbaşa reyslərin açılması bu bölgədə turistlərin sayının artmasına, ümumilikdə turizmin inkişafına gətirib çıxarmışdı. Həqiqətən də regionlarda olan hava limanları normal fəaliyyət göstərməlidir”. Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Əziz Şiriyev deyib.

Onun sözlərinə görə, eyni zamanda, hava limanlarında qiymətlər münasib olmalı və digər ölkələrdən regionlara uçuşlar həyata keçirilməlidir: “Gələcək planlarda yəqinki bunlar reallaşacaq. Tutaq ki, hazırda Lənkəran Hava Limanı fəaliyyət göstərir və bu həmin region sakinlərinin Rusiya istiqamətində gedişi üçün aktualdır”.

Ekspert sözlərinə davam edərək bildirib ki, bölgələrarası gediş-gəlişdə də hava limanları faydalı ola bilər: “Məsələn, Naftalan Gəncəyə yaxın olduğuna görə oraya xeyli turistin cəlb olunması Gəncə Hava Limanı üzərindən həyata keçirilsə, hava limanından istifadənin sayı artar. Hazırda Naxçıvan Hava Limanı yaxşı fəaliyyət göstərir. Bunun da səbəbi quru yolların olmamasıdır. İnşallah ki yaxın gələcəkdə quru yolların açılması da planlaşdırılır. İnanıram ki, tezliklə regionlarda olan hava limanlarının yaxşı işləməsi üçün zərurət yaranacaq. Çünki yalnız Bakıya köklənmək olmaz. Bakı onsuzda həm əhali, həm də turist sayı baxımından kifayət qədər irəlidədir. Regionların turizm baxımından inkişafı üçün yeni istiqamətlərə uçuşlar və münasib qiymətlər təyin olunacaq”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə