"Təmir işləri turizmə kifayət qədər ziyan vurub" - EKSPERT BİLDİRDİ

“Təbii ki, turizm dedikdə, ilk növbədə, yol infrastrukturu nəzərdə tutulur. Ailəvi istirahət mərkəzi, iaşə obyekti, restoran, otel kimi turizm müəssisələrinə getmək üçün hər kəs ilk olaraq yolun necə olduğu ilə maraqlanır. Bu ilin statistikası göstərir ki, şimal-şərq istiqamətinə nisbətən cənub və şimal istiqamətinə daha çox turist axını oldu. Bu da göstərir ki, İsmayıllı-Şəki yolunda aparılan təmir-bərpa işləri kütləvi şəkildə o ərazilərdə yerləşən istirahət mərkəzlərinə, otellərə və s. ziyan vurdu”. Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Əziz Şiriyev deyib.

Onun sözlərinə görə, alternativ yollar da var: “Məlumdur ki, bugünkü gündə Bakıdan Ucardan keçməklə Qəbələyə qatar gedir. Həm rahat şəkildə, həm də münasib qiymətə 3 saat 20 dəqiqə ərzində Qəbələyə çatmaq mümkündür. İkinci alternativ variant isə Hacıqabul-Kürdəmir yoludur. Bu yoldan istifadə edərək Şəkiyə giriş etdikdən sonra Qəbələ və İsmayıllıya getmək mümkündür. Lakin bu, o mənaya gəlmir ki, həmin yolun təmiri o ərazilərə daha çox turist gəlməsinə səbəb olacaq. Bu, müvəqqəti prosesdir. Quba yolunda da belə hal ilə qarşılaşmışdıq. Ümumilikdə təmir-tikinti işlərinin mövsüm periodunda deyil, digər vaxtlarda aparılması daha məqsədəuyğun olardı. Çünki insanların istirahət zamanı təmir işlərinin aparılması kifayət qədər orada yerləşən turizm obyektlərinə öz ziyanını göstərdi”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə