Hansı ölkələrin vətəndaşları Azərbaycanda yaşamağa maraq göstərir? - EKSPERT AÇIQLADI

"Bəzi ölkələr var ki, Azərbaycan onlar üçün imkanlar və fürsətlər ölkəsidir. Onlar eyni zamanda Azərbaycana digər ölkərə keçmək və daimi, yaxud uzunmüddətli yaşamaq üçün cəhd edirlər". Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Ceyhun Aşurov deyib.

Ceyhun Aşurov sözlərinə belə davam edib: "Daha çox Pakistan və Hindistandan olan insanları ölkəmizdə müşahidə edirdik. Onlar da burada iş qurmaq, şirkət yaratmaq və bu şirkət əsnasında daimi yaşayış əldə etmək istəyirdilər. Həmçinin, Türkiyədən də ölkəmizə əvvəldən iş adamları gəlib iş qurur. Onlar Azərbaycanı əlverişli imkanları olan ölkə kimi dəyərləndirirlər.

Xüsusən biz bura evlilikləri də aid edə bilərik. Adını çəkdiyim ölkələrlə qarşılıqlı evlilik əsasında qohumluq əlaqələri yaranır. Qərar olaraq ya azərbaycanlılar Türkiyəyə, yaxud da Türkiyədəki insanlar evlilik səbəbindən Azərbaycanda yaşayıb iş qurmağı üstün tuturlar".

Ceyhun Aşurov sözlərinə belə davam edib: "Son dövrlər ölkəmizdə müharibə ilə əlaqədar olaraq Rusiya və Ukraynadan olan vətəndaşları da görürük. Onlar çox deyil, amma həmin ölkələrin nümayəndələri miqrant kimi gəlsələr də bizneslərini ölkəmizə gətirib işlər qurmağı planlaşdırırlar. Bu tendensiya yəqin ki bir müddət davam edəcək. Ölkəmizdə daha çox yaşayanlar evlilik əlaqəsi olanlardır. Onlar artıq gələcək həyatlarını Azərbyacanla bağlayırlar. Bura İran vətəndaşları da aiddir ki, ölkəmizdən mənzil alıblar, yaxud evlilik əlaqəsi qururlar. Hal-hazırda İran vətəndaşları azdır. Əvvəldən qalanlar isə burada öz işlərinə davam edirlər",

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə