Ölkəmizdə kənd turizmi hansı səviyyədədir? - TURİZM EKSPERTİ DANIŞDI

“Kənd turizmi əsasən kənd yerlərində formalaşan təbiətə, o yerin mədəni və tarixi resurslarına əsaslanan, eyni zamanda turizm məhsullarını formalaşdıran bir sahədir. Kənd turizmi dünyada ayrıca bir trenddir. Xüsusilə qeyd etmək lazımdır ki, urbanizasiyanın artdığı bir dövrdə kənd yaşıl turizmi, təbiətə meyilli olan turizm trendləri maraq kəsb etməkdədir. Azərbaycanda da kəndlərin inkişafı, icmaların sosial rifahının yaxşılaşdırılması baxımından bu sahə inkişaf etdirilməkdədir. Əlbəttə ki, insanlar xüsusilə şəhər əhalisi turizmin bu növünə maraq göstərirlər. Onlar gündəlik yaşayış tərzinin fərqli bir mühiti olan kənd həyatına səfərlər etməklə təbiətlə əlaqələrini gücləndirmiş olurlar”. Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Ceyhun Aşurov deyib.

Onun sözlərinə görə, bu, kənd həyatında gedən prosesləri izləmək imkanları yaradır ki, o da insanlar üçün olduqca maraq kəsb edir: “Kənd turizmi orada yaşayan əhalinin də rifah səviyyəsinə təsir edir. Bildiyiniz kimi, son dövlərdə Azərbaycanda bu barədə ciddi problemlər var idi. Çünki insanlar məhz iş üçün şəhərlərə, xüsusilə də Bakıya üz tuturdular. Amma bu cür turizm növləri kəndə olan marağı daha da artırır və orada gəliri təmin edir. Ümumiyyətlə, insanlar kənddə yalnız heyvandarlıq, əkin və s. ilə deyil, eyni zamanda turizmlə də məşğul olur”.

Ekspert sözlərinə davam edərək bildirib ki, bu məsələdə kənd evlərini də qeyd etmək lazımdır: “Son dövrlərdə Dövlət Turizm Agentliyi, KOBİA və Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə Azərbaycanın müxtəlif rayonlarında kənd evləri layihəsinə start verilib. Bu kimi evlər həmin rayona səfər edən turistlərin icarəsinə verilir. İsmayıllı, Şəki, Zaqatala, Quba, Xaçmaz, Lənkəran, Astara və s. kimi rayonları kənd turizminin inkişaf etdiyi bölgələrə misal göstərmək olar. Kənd evləri bölgələrdə yerləşən otellərin qiymət bahalığı problemində alternativ rol oynayır. Bu, həm turistə, həm də kənd əhalisinə sərf edir. Həmin sahədə daha çox maarifləndirmə işləri aparılmalıdır. Yaxşı olardı ki, Azərbaycanda bu kənd evləri vahid bir portalda birləşərək əhalimizə təqdim olunsun. Bu insanların istədikləri bölgədə kənd evləri tapmaq işini asanlaşdıracaq”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə