“2026-cı ildə hədəfimiz xarici turistlərin sayını 4 milyona çatdırmaqdır” - QURUM RƏSMİSİ AÇIQLADI
"Bu ilin yanvar-aprel aylarında ölkəmizə 523 mindən çox xarici ziyarətçi gəlib. Bu da ötən illə müqayisədə 58 faiz artım deməkdir. Təkcə aprel ayında 154 mindən çox xarici vətəndaş ölkəmizə gəlib ki, bu ötən illə müqayisədə 83 faiz artım deməkdir". Bu sözləri SİA-ya açıqlamasında Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar Mustafayeva deyib.
O, qeyd edib ki, görüldüyü kimi rəqəmlər müsbət tendensiyayla davam edir. Pandemiyadan sonraki bərpa prosesi sürətlə gedir: "2019-cu ilin rəqəmləriylə müqayisədə 60 faizin üzərində bərpa müşahidə olunur. Qarşıdan yay mövsümü gəlir. Yay mövsümü dünyada turizmin canlanması, turistik səfərlərin artması mövsümüdür. Ona görə biz yay mözsümündə bu rəqəmlərin daha çox artmasını gözləyirik. Ən çox xarici ziyarətçilər 4 ay ərzində Rusiya, Türkiyə, İran, Gürcüstan, Pakistan, Hindistan, BƏƏ, Qazaxıstan, Özbəkistan, Belarusiya kimi ölkələrdən üz tutublar."
Günel Mustafayeva bildirib ki, Dövlət Turizm Agentliyinin hədəf ölkələri sırasında Avropa ölkələrini- Almaniya, İsveçrə, Polşa, Avstriyanı, Yaxın Şərq ölkələrindən Səudiyyə Ərəbistan, İsrail, Qətər, Küveyt, Bəhreyni, Rusiya və MDB ölkələrindən Qazaxıstan, Özbəkistan, Belarusu, Asiya ölkələrindən Çin, Hindistan, Pakistanı, Uzaq Şərqdən isə Cənubi Koreya, Yaponiya, Malazya, Sinqapur, İndonezya kimi ölkələri misal göstərə bilərik: "Hədəf arealımız çox genişdir və məqsədimiz bu hədəf bölgələrdən ölkəmizə gələn xarici vətəndaşların sayını artırmaqdır. Bunun üçün Dövlət Turizm Agentliyi və tabeliyindəki Azərbaycan Turizm Bürosu tərəfindən genişmiqyaslı marketinq və kommunikasiya kompaniyaları aparılır. Beynəlxalq tədbirlərdə, sərgilərdə iştirak edilir, görüşlər və seminarlar təşkil olunur. "CNN", "BBC", "Euronews" kimi beynəxalq media orqanlarında turizm potensialımız haqqında məlumatlar paylaşılır və təbliğat kompaniyaları aparılır. Bütün bunlarla yanaşı birbaşa uçuşların artırılması, viza rejiminin sadələşdirilməsi, liberallaşdırılması istiqamətində də mütəmmadi olaraq müzakirələr aparılır, tövsiyyələr səsləndirilir.
Ölkədaxili turizmdə bərpa başa çatmışdır, gəlmə turizmində isə, bərpa prosesi bayaq da qeyd etdiyimiz kimi, davam edir. 2026-cı ilə görə qoyduğumuz hədəflər var, bununla bağlı mətbuatda xəbərlər, məlumatlar mövcuddur. 2026-cı ildə hədəfimiz daxili turistlərin sayını altı milyona , xarici turistlərin sayını isə dörd milyona çatdırmaqdır. Bütün bu proseslərdə, geniş planda məqsəd ümumi daxili məhsulda turizmin payını artırmaq, ölkəyə gələn turistlərin sayını artırmaqla turizm xərcləmələrinin və turizmin faydasını artırmaqdır".
Fazil Hənifəyev
Bütün xəbərlər Facebook səhifəmizdə