"Azərbaycan və ya qeyri-Avropa Birliyinin vətəndaşlarından Avropaya getmək üçün Şengen viza tələb olunur. Bunun standart şərtləri Avropa Birliyinin konvensiyası ilə hesablanır". Bu sözləri SİA-ya açıqlamasında turizm üzrə ekspert Ramin Zamanov deyib.
Onun sözlərinə görə, viza almaq üçün vətəndaşlara düzgün məlumat verilməlidir: "Avropa ölkələrinin səfirlikləri tərəfindən verilən vizalarda qeyd olunan əsas şərt odur ki, vətəndaş oraya gedəndən sonra geri qayıdacaq. Vizanın verilməsi üçün vətəndaşın öz ölkəsinə geri qayıdacağını əmin edən sənədlər kifayət qədər yetərli olmalıdır. Əgər bir şəxsin öz ölkəsində yaxşı işi, evi, ailəsi və s. varsa artıq səfirlikdə viza verən konsulluq şöbəsi də onun dönüş edəcəyinə əmin olur. Təbii ki, vətəndaşı öz ölkəsinə bağlayan ciddi məqamlar olmadıqda və ya çox gənc olduqda onun viza almaq ehtimalı az olur. Xüsusilə qeyd etmək istəyirəm ki, Avropaya getmək üçün yalnız turistik viza alınmır. Təhsil, işçi, tibbi və s. kimi vizalar mövcuddur. Bunların hər birinin öz standartları var. Əslində, viza şərtləri heç vaxt bizim mövqeyimizə uyğun dəyişə bilməz. Bu şərtlər Avropa Birliyinin konkret standartlarına uyğun olaraq təyin olunub. Viza almaq üçün şərtlər bizə deyil, biz o şərtlərə uyğun olmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə