"Azərbaycan hələ də Rusiyanın turizm bazarı üçün populyar hesab olunur" - QURUM RƏSMİSİ BİLDİRDİ

“Ümumiyyətlə, dünyanın 80-dən çox ölkəsində may bayramı qeyd olunur. Bu bayram Rusiyada yazın gəlişi kimi xüsusilə keçirilir. Eyni zamanda, Rusiyada 4 gün ard-arda istirahət günü nəzərdə tutulduğuna görə daxili bazarda canlanma gözlənilir”. Bu sözləri SİA-ya açıqlamasında Qlobal Sağlamlıq Turizm Şurasının baş katibi Ceyhun Aşurov deyib.

Onun sözlərinə görə, Rusiyadan da yaxın ölkələrə daha əlverişli şərtlərlə uçuşların həyata keçməsi müşahidə olunacaq: “Təbii ki, həmin ölkələr arasında Azərbaycan da var. Rusiyanın müxtəlif bölgələrindən Bakıya uçuşlar həyata keçirilir. Həm viza tətbiq olunmadığına, həm də dil bariyeri olmadığına görə Azərbaycan hələ də Rusiya bazarı üçün populyar istiqamət hesab olunur. May ayında bu ardıcıl tətil günlərində, həmçinin qarşıdan gələn yay aylarında da Rusiyadan ölkəmizə daha çox turistin gəlməsini gözləyirik. Artıq bitmiş olan Formula-1 yarışında da müşahidə etdik ki, Rusiyadan kifayət qədər turist gələrək həm bu yarışı izləmək, həm də Bakını gəzmək imkanı əldə edib. Ümumiyyətlə, Ramazan ayından sonra Azərbaycanda baş tutan bu tədbirlər, yazın gəlişi və qarşıdan gələn tətil günləri və s. ölkədə nisbətən turist axınının olacağını güman etməyə əsas verir. May ayında da yalnız Rusiyadan deyil, başqa xarici ölkələrdən də turist axını ilə bağlı gözləntimiz var”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə