"Təkərli evlər"in istehsalı turizmə necə təsir edəcək? - EKSPERT AÇIQLADI

"Azərbaycanda turizm sahəsinin inkişafı həm də turizm məhsullarının müxtəlifliyindən, məhsul çeşidliliyinin artırılması ilə də əlaqədardır. Bu mənada istər turizm növlərinin, istər turizm məhsullarının çeşidinin artması ölkəyə gələn turistlərin sayına və istirahətin daha səmərəli təşkil olunmasına xidmət edən faktorlardandır". Bu sözləri SİA-ya açıqlamasında Qlobal Sağlamlıq Turizm Şurasının baş katibi Ceyhun Aşurov deyib.

Onun sözlərinə görə, bu mənada "təkərli evlər" dediyimiz karavan turizmi dünyada ayrıca bir trenddir: "Gələcəkdə Azərbaycanda da bu turizm növünün inkişafı üçün şərait var. Karavan turizmi daha çox öz maşını ilə səyahət etmək, ona uyğun olan vaxtda dayanıb dincəlmək və ya təbiət qoynunda ev şəraiti olmasını istəyən şəxslər üçün unikaldır. Bu "təkərli evlər" icarə əsaslı olanda səyahətçilərə daha sərfəli olur. Bununla bağlı Azərbaycanda da müxtəlif layihələr var. Hətta işğaldan azad olunmuş Qarabağ ərazisində də bu kimi layihələrin həyata keçiriləcəyi gözlənilir. Həmin "təkərli evlər" Azərbaycanda da istehsal oluna və ya müxtəlif hissələri hazırlana bilər".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə