Rusiyanın “Astoria Grande” gəmisi Amasra və İstanbulda

“Panama” bayraqlı gəmi Türkiyəyə 2023-cü ilin ilk səfərini yanvarın 18-də 385 turist və 283 personalla etmişdi

Rusiyanın Soçi şəhərindən yola düşən “Astoria Grande” kruiz gəmisi Amasra limanında lövbər salıb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Sinopdan sonra 553 sərnişin və 389 nəfərlik heyətlə Bartın rayonunun Amasra qəsəbəsinə gələn “Panama” bayraqlı gəmini qəsəbənin valisi Kadir Perçi, bələdiyyə sədri Recai Çakır və digər şəxslər qarşılayıb.

Turistlərə limanın çıxışında rus dilində yazılmış broşürlər paylanıb və onlar Amasranın tarixi və turistik yerlərini görməyə yollanıblar.

Amasra Muzeyi, Çekiciler çarşısı, Böyük Liman, Amasra qalası və Kemere körpüsündə vaxt keçirən qonaqlardan bəziləri UNESCO-nun Dünya İrs Siyahısına düşən, tarixi evləri ilə məşhur olan Karabükün Safranbolu qəsəbəsinə gedib.

Gəmi axşamçağı İstanbula yola düşüb.

Xatırladaq ki, “Astoria Grande” 2022-ci ildə Amasraya 9 dəfə səfər edib və bölgəyə 5183 rusiyalı turist gətirib.

“Panama” bayraqlı gəmi Türkiyəyə 2023-cü ilin ilk səfərini yanvarın 18-də 385 turist və 283 personalla etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə