Yeni səfirliyin açılması turizmə necə təsir edəcək? - AYDINLIQ GƏTİRİLDİ

"İsrail bizim üçün hədəf turizm bazarlarından biridir və ölkələrimiz arasında ikitərəfli turizm əlaqələri genişlənməkdədir. 2021-ci ildə İsraildə Azərbaycanın rəsmi turizm nümayəndəliyi, 2022-ci ildə isə nümayəndəliyin Təl-Əviv ofisinin açılışı baş tutub. Həmçinin 2022-ci ilin martında Dövlət Turizm Agentliyi ilə İsrailin Turizm Nazirliyi arasında əməkdaşlıq haqqında saziş imzalanıb". Bu sözləri SİA-ya açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat katibi Gülnar Mustafayeva deyib.

Onun sözlərinə görə, bütün bunlar ölkələrimiz arasında turizm əlaqələrinin inkişaf etməkdə olduğunu göstərir: "Ölkələrimiz və xalqlarımız arasında mövcud olan mədəni-tarixi və qarşılıqlı dostluq münasibətləri turizm əlaqələrimizin inkişafına da öz töhfəsini verir.

Həmçinin Dövlət Turizm Agentliyi tərəfindən Azərbaycanda qorunub saxlanılan tarixi yəhudi irsinin turizm potensialının inkişafı üçün bir sıra işlər görülüb.

Belə ki, Agentlik tərəfindən "Azərbaycanda yəhudi irsi" turizm marşrutu hazırlanıb, həmçinin İsrailin Azərbaycandakı Səfirliyi ilə birlikdə Qubada Qırmızı qəsəbədə dağ yəhudilərinin sıx yaşadığı ərazidə turizm marşrutlarının inkişafı və təkmilləşdirilməsi üçün tədbirlər keçirilib".

Qurum rəsmisi sözlərinə davam edərək bildirib ki, Dövlət Turizm Agentliyi tərəfindən Azərbaycan turizm destinasiyası kimi israilli səyahətçilər arasında uğurla tanıdılır: "Buna nümunə olaraq hər il Tel-Əvivdə keçirilən Beynəlxalq Aralıq dənizi Turizm Bazarı (IMTM) sərgisində ölkəmizin turizm imkanları təqdim olunmasını, müxtəlif tədbirlərin keçirilməsini qeyd edə bilərik.

2022-ci ildə Azərbaycana səfər edən İsrail vətəndaşlarının sayı 23 935 nəfər təşkil edib. Bu da 2019-cu ilin rəqəmləri ilə müqayisədə 50 faiz bərpa deməkdir".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə