Formula 1 yarışları turizmə necə təsir edir? - TURİZM EKSPERTİ DANIŞDI

“Artıq Azərbaycanda Formula 1 yarışları bir neçə dəfədir ki, təşkil olunur. Bilirik ki, bütün təqvim ili boyunca dünyanın müxtəlif bölgələrində Formula 1 yarışları keçirilir. Formula 1 yarışlarının öz azərkeş kütləsi var. Bu azərkeşlər tədbirin harada keçirilməsindən asılı olmayaraq həmin ölkəyə səfər edirlər. Yarışın keçirildiyi bölgə haqqında internet resurslarında geniş məlumat yazılır və azərkeşlər də həmin ölkə haqqında məlumatlanırlar”. Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Ceyhun Aşurov deyib.

Onun sözlərinə görə, Formula 1 yarışlarının Azərbaycanda keçirilməsi ölkədə marketinqlə bağlı addımlar atılmasına, turizm məkanı kimi tanıdılmasına və seqmentə müraciət etməklə həmin azərkeşlərin gələcəkdə də bura turist kimi səyahət etməsinə şərait yaradır: “Bu kimi geniş auditoriyası olan tədbirlərin keçirilməsi ilk növbədə ölkənin imici və turist axını üçün müsbət bir addımdır. Artıq əvvəlki illərlə müqayisədə ölkənin beynəlxalq aləmə tanıdılması ilə bağlı ciddi işlər görülüb.

Əlbəttə ki, bu kimi yarışlar, beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycana maksimum dərəcədə fayda verir. Azərbaycan Formula 1 yarışlarından düzgün istifadə etməli, onun geniş kütləsinə lazımi ismarıcları çatdırmağı bacarmalıdır. Bu yarışla nəinki bura gələnlər, eyni zamanda ekran qarşısında da Azərbaycan geniş bir auditoriya qarşısına çıxır. Biz gələcək potensial turistlərimizə real və virtual vasitələrlə ölkəmizi turizm destinasiyası kimi tanıtmalı və Azərbaycana səyahət üçün onların diqqətini cəlb etməliyik”

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə