"Müharibədən sonra da Ermənistan ərazilərin minalanması prosesini davam etdirir" -POLİTOLOQ DANIŞDI

“İşğal altında olan Azərbaycan ərazilərini Ermənistan 30 il ərzində minalayıb. Bu ərazilər dünyada ən çox minalanmış zonalardan hesab olunur. Hətta Ermənistan tərəfindən minalanmış ərazilər üzrə Azərbaycan ərazisi birinci yerdədir. Çünki minaların basdırılması bir metrdən bir olmalıdır. Ermənistan isə tamamilə bu qaydanı pozmuş, yarım metrdən də az məsafədə minalar basdıraraq, kütləvi insan tələfatına səbəbiyyət vermişdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

Onun sözlərinə görə, 2020-ci ildə baş tutan müharibədən sonra da Ermənistan tərəfi ərazilərin minalanması prosesini davam etdirir:

“Biz bununla bağlı beynəlxalq səviyyədə məsələ qaldırsaq da, Ermənistana yetərli qədər ciddi təzyiq göstərilmədi. Ermənistan bu gün də Azərbaycana minaların xəritəsini düzgün vermir, verilən xətirələr 10-15 faiz həqiqətlə üst-üstə düşür.

Ermənistanda mina istehsal edən zavod var və bu zavod sırf Azərbaycan ərazilərinin minalanmasına yönəlib. Bu da Ermənsitanın törətdiyi terror aktını sübuta yetirən amillərdən biridir. Bütün bunlara görə Ermənistan siyasi, hərbi rəhbərliyi məsuliyyət daşıyır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə