Rəsmi rəqəmlərə görə, Dubay 2021-ci ildəki 7,28 milyon turistlə müqayisədə 2022-ci ildə 97 faiz artımla 14,36 milyon qonaq qəbul edib. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Dubayın İqtisadiyyat və Turizm Departamentindən məlumat verilib.
Dubaya səfərlərin əsas hissəsi Qərbi Avropa və Fars körfəzi ölkələrinin payına düşür. Bu regionların hər birinin ümumi göstəricidə payı 21 faizdir. Xüsusən Körfəz regionundan gələnlərin sayı əvvəlki illə müqayisədə 13 faiz artıb. Daha sonra Cənubi Asiyadan (17 faiz), Yaxın Şərq və Şimali Afrikadan (12 faiz) gələn turistlər üstünlük təşkil edib. Amerika qitəsindən 7 faiz, Şimali Asiya və Cənub-Şərqi Asiya regionu və Afrikadan isə 5 faiz qonaq qəbul edilib. Avstraliyanın ümumi turist sayında payı cəmi 2 faizdir.
2019-cu ildə 16,73 milyon ziyarətçi ilə pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşan Dubay turizm göstəricisinə görə, cari ildə “Tripadvisor Travellers' Choice Awards”ın iki il ardıcıl olaraq dünyanın bir nömrəli istiqaməti statusunu alıb. Birləşmiş Millətlər Təşkilatı Ümumdünya Turizm Təşkilatının (UNWTO) son rəqəmləri göstərir ki, 2022-ci ildə qlobal turizm səyahətləri 2019-cu illə müqayisədə 37 faiz azalıb. Ən güclü nisbi artım Yaxın Şərqdə olub. Belə ki, bu regiona gələnlərin sayı pandemiyadan əvvəlki göstəricinin 83 faizinə qalxıb. Dubay isə turizmin həm qlobal, həm də regional bərpa dərəcələrini üstələyib, 2022-ci ildə şəhərə gələn ziyarətçilərin sayı pandemiyadan əvvəlki səviyyənin 86 faizinə çatıb.
2022-ci ildə Dubayın davamlı inkişaf təşəbbüsünün bir hissəsi olaraq, yeni attraksionlar açılıb və bir sıra proqramlar həyata keçirilib. Bunların sırasında Gələcək Muzeyini, “Expo City”ni və “Palm Jumeirah”da yerləşən “Atlantis The Royal” otelinin açılışını göstərmək olar.
Əmirliyin turizm potensialını 100 faizdən çox genişləndirməyi nəzərdə tutan “Dubay 2040 Master” planının həyata keçirilməsi ilə Dubay gələcəyin şəhəri olmağa doğru gedir. Bundan əlavə, Dubay 2031-ci ilədək 40 milyon ziyarətçi cəlb etməyi və turizm sektorunun əmirliyin ÜDM-ə töhfəsini 450 milyard dinara çatdırmağı hədəfləyən strategiyaya uyğun yeni təşəbbüslər həyata keçirəcək.
Dubay, həmçinin turizm sektorunun böyüməsini sürətləndirmək üçün qanunvericilik təşəbbüslərini həyata keçirməyə davam edir, o cümlədən biznes və istirahət məqsədilə səyahət edənlər üçün əmirliyə daha asan giriş qaydaları tətbiq edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB