“Aksiya tələblər yerinə yetirilənə qədər davam etdiriləcək” MÜNASİBƏT

“Azərbaycanda ekoloji fəalların Xankəndi yolunda aksiya keçirməsi təqdirəlayiq haldır. Bu, onu göstərir ki, Azərbaycan vətəndaşları özlərinin həyatlarına və gələcək nəsillərin taleyinə biganə deyillər. Biz çox istərdik ki, bu aksiya bütün dünya tərəfindən dəstəklənsin və Ermənistana təzyiq göstərilsin ki, Azərbaycanın təbii sərvətləri vəhşicəsinə dağıtmasınlar, təbiətə zərər vurmasınlar”. Bunu Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli “Səs” qəzetinə açıqlamasında bildirdi.

Onun sözlərinə görə, beynəlxalq qurumlar və bir çox ölkələr bu aksiyadan Azərbaycanın əleyhinə istifadə etməyə çalışırlar: “Amma bütün bunlara baxmayaraq Azərbaycan tərəfi və Azərbaycan vətəndaşları geri çəkilməyəcək. Bu aksiya tələblər yerinə yetirilənə qədər aparılmalıdır. Burada məsələ ondan ibarətdir ki, bu gün aksiya iştirakçıları kifayət qədər humanist mövqe tuturlar. Yəni humanitar yardımların daşınması üçün Qırmızı Xaç Komitəsinin əməkdaşlarını və sülhməramlı qüvvələri Xankəndinə buraxırlar. Düşünürəm ki, gələcəkdə əgər Ermənistan tərəfi müvafiq addım atmasa, bu humanist yanaşma da aradan qaldırılmalıdır və onlara ciddi şəkildə təzyiq göstərilməlidir. Çünki Qarabağ probleminin həlli ilə bağlı proseslər göstərdi ki, ermənilər yalnız yumruq altında hərəkət edə bilirlər. Onlara xoş sözlər və digər jestlər çatmır. Biz bu aksiyanın tezliklə nəticə verməsini gözləyiriksə hesab edirəm ki, Qarabağda yaşayan ermənilərə və Ermənistana təzyiqlərimizi artırmalıyıq”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə