"Sağlamlıq turizm tələbinin əsas hissəsi daxili turizmin payına düşür" - QURUM RƏSMİSİ AÇIQLADI

"Azərbaycanın sağlamlıq turizmi imkanlarına Naftalanın müalicəvi nefti, palçıq vannaları, çoxsaylı müalicəvi mineral və termal sularını nümunə göstərmək olar. Ölkəmizdə sağlamlıq turizminin əsasən tibbi (müalicə) istiqaməti daha çox inkişaf edib. Naftalan, Qalaaltı, Duzdağda olan təbii müalicə amilləri, habelə Qarabağda mövcud olan termal bulaqlardan daha çox tibbi turizm məqsədləri üçün istifadə edilib. Bununla belə son dövrlərdə sağlamlıq turizminin sağlamlaşdırma istiqaməti üzrə müalicə-sağlamlıq, sağlamlıq-istirahət, SPA-velnes kimi təklif olunan xidmətlərin sayı artmaqdadır". Bu sözləri SİA-ya açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat katibi Gülnar Mustafayeva deyib.

Onun sözlərinə görə, ölkədə sağlamlıq turizm tələbinin əsas hissəsi daxili turizmin payına düşür: "Ənənəvi olaraq hazırda postsovet məkanından - Rusiya, Qazaxıstan, Özbəkistan, Belarus, Ukrayna, Estoniya kimi ölkələrdən xeyli sayda turist, xüsusilə, Naftalan və Duzdağ kimi unikal sağlamlıq mərkəzlərinə üz tuturlar.

Bu mənada Naftalanda olan sağlamlıq turizmi imkanları xüsusi vurğulanmalıdır. Bütövlükdə mövcud olduğu dövr ərzində Naftalan şəhəri sağlamlıq turizmi destinasiyası kimi hazırda ən dinamik inkişaf dövrünü yaşayır. Hazırda Naftalanda fəaliyyət göstərən turizm obyektlərində bir gündə 2400-dən çox turist müalicə ala və istirahət edə bilər. Şəhərdə tikintisi davam etdirilən turizm obyektləri də istifadəyə verildikdən sonra Naftalanda gün ərzində, ümumilikdə, 3500-ə yaxın turistə hotel və müalicə xidmətləri göstərmək imkanı yaranacaq".

Mətbuat katibi sözlərinə davam edərək bildirib ki, həmçinin ötən ilin oktyabrında Naftalan Turizm İnformasiya Mərkəzinin açılışı baş tutub: "Müasir standartlara uyğun dizayn edilən turizm informasiya mərkəzinin əsas fəaliyyəti turistlərin məlumatlandırılması ilə yanaşı, yeni turizm məhsulların yaradılmasına dəstək göstərmək, mövcud xidmətləri inkişaf etdirmək, turizm dəyər zəncirinin iştirakçılarının fəaliyyətini təşviq etmək, yerli sakinlərin kiçik və orta biznesinə dəstək olmaq, regionda turizmin və dövlət-özəl əməkdaşlığının inkişafına töhfə verməkdir. Bundan əlavə, TİM tərəfindən turistlərə yalnız Naftalan şəhəri deyil, həmçinin Qərb bölgəsi üzrə əyləncəli ekskursiya proqramlarının hazırlanması, istəyə uyğun olaraq hotellərdə yerləşmə, nəqliyyat və bələdçi xidməti ilə bağlı dəstək verilməsi, həmçinin veloturların təşkili xidmətləri göstərilir.

Bundan əlavə, Qarabağ regionunda sağlamlıq-kurort infrastrukturu üçün mühüm təbii ehtiyatlar var. Xüsusilə, Kəlbəcər rayonu ərazisində fərqli tərkiblərdə 100-lərlə mineral termal bulaqlar mövcuddur ki, bunların ətrafında yaradılacaq infrastruktur hesabına sağlamlıq turizminin inkişafına nail olmaq olar. Rayonun müxtəlif hissələrində relyef və landşaftın görə bir-birindən fərqlənən və sağlamlıq resurslarına malik turizm və rekreasiya əraziləri sağlamlıq turizmi baxımından geniş potensiala malikdir.

Bütövlükdə, qeyd olunan sağlamlıq mərkəzləri ilə yanaşı, ölkə üzrə çoxsaylı mineral bulaqlar və termal sular sağlamlıq turizmi üzrə geniş balneoloji imkanlar ehtiva edir.

Azərbaycanın sağlamlıq turizm imkanlarının və sağlamlıq turizm məhsullarının beynəlxalq miqyasda tanıdılması, təbliğatının aparılması istiqamətində Dövlət Turizm Agentliyi tərəfindən intensiv iş aparılır".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə