Qış fəslində bölgələrdə otellərin doluluq səviyyəsi necədir? - QURUM RƏSMİSİ AÇIQLADI

"Məlum olduğu üzrə insanların ən çox istirahətə yollandığı fəsil yaydır. Yaydan sonra insanlar işə başlayır və müəyyən dərəcədə başları öz işlərinə qarışır. Qış sezonunda da növbəti istirahət planlaşdırılır". Bu sözləri SİA-nın sorğusuna cavab olaraq Azərbaycan Turizm Agentlikləri Assosiasiyanın İdarə heyətinin sədr müavini Əhməd Qurbanov deyib.

Onun sözlərinə görə, qış fəsli, eyni zamanda, Yeni İl bayramına təsadüf etdiyi üçün, əsasən, insanlar bu zaman istirahətə üstünlük verirlər: "Həm də Yeni İldə daha çox qeyri-iş günlərinin olmasını nəzərə alsaq, həmin bu ərəfəyə istirahətlərini təyin edirlər ki, daha rahat şəkildə dincəlsinlər.

Hal-hazırdakı vəziyyətdə görürük ki, koronavirus pandemiyasından sonra insanlar artıq daxili turizmdən istifadə etməyə üstünlük verirlər. Daha çox bölgələrə üz tuturlar və həftəsonları bölgələrdəki otellərin doluluq səviyyəsinə nəzər saldıqda müşahidə edirik ki, bu, maksimum həddədir. Həftəiçi vaxtlarda da 50-60 faiz səviyyəsində doluluq müşahidə edirik".

Əhməd Qurbanov sözlərinə belə davam edib: "Bu, onu deməyə əsas verir ki, vətəndaşlarımızın bir çoxu bölgələrimizdən razı şəkildə istirahət edirlər. Bu da sevindirici bir haldır ki, bölgələrimizi daha yaxşı tanıyırlar.

Bundan əlavə biz xarici ölkələri də nəzərə alsaq görərik ki, insanlar qışda 2 qrupa bölünür. Bir qrup insan dağ-xizək turizmini sevirlər və bunun üçün soyuq ölkələrə üz tuturlar. Bir qrup insanlar da daha çox ölkəmizdə soyuq olduğu üçün isti bölgələrə üz tuturlar. İsti bölgələr dedikdə, Dubay, Misir və Birləşmiş Ərəb Əmirlikləri nəzərdə tutulur.

Bundan əlavə Avropaya da üz tuturlar. Buranın bir çox ölkələrinə gediş-gəliş mümkündür. Daha çox səfər Monteneqroyadır. Son zamanlar bura üstünlük verilir.

Təbii ki, qardaş Türkiyə də vətəndaşlarımızın sevimli turizm məkanlarından biridir və hər zaman bu istiqamətə gediş olur. Bütün bunları nəzərə alsaq, vətəndaşlarımızın bir hissəsi xaricdə, daha çox hissəsi isə bölgələrimizdə istirahət etməyə üstünlük verir. Hal-hazırda da tur paketlərinin satışı davam edir. Dekabr ayı müddətində Şahdağ və Tufandağ kimi qış turizm komplekslərinə gedişlərin sayı çoxdur".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə