Azərbaycanın turizm potensialı Polşada nümayiş etdirilir

Azərbaycanın turizm imkanlarının və mövcud turizm məhsullarının Polşada tanıdılması məqsədilə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu “TT Warsaw” Beynəlxalq Səyahət Sərgisi və Dünya Səyahət Şousunda təmsil olunur.

Bu barədə SİA-ya Agentlikdən bildirilib.

Məlumata görə, tədbirdə Azərbaycan nümayəndə heyətini hotel, turagentliklər və “Azərbaycan Hava Yolları” QSC daxil olmaqla ümumilikdə 10 tərəfdaş təmsil edir.

Sərgi çərçivəsində digər ölkələri təmsil edən turizm sənayesi nümayəndələri ilə əməkdaşlıq imkanları müzakirə edilir, B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçirilir.

Sərginin ilk günü Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfiri Nərgiz Qurbanova ölkə stendini ziyarət edib, sərgilənən təbliğat materialları ilə tanış olub.

Həmçinin Polşanın “Fly4free”, “Twoj Styl/Bauer”, “Wiadomsci Turystyczne”, “WP.pl”, “RDC Review” kimi aparıcı media platformaları və agentlikləri ilə, eləcə də “Forbes”, “Business Traveller”, “National Geographic Traveler” kimi beynəlxalq nəşrlərin təmsilçiləri ilə görüşlər təşkil olunub.

Media nümayəndələri ilə görüş zamanı Azərbaycanın müxtəlif turizm məhsulları, o cümlədən təbiət, haykinq, xizəksürmə, şərab, milli mətbəx, polyak irsi kimi mövzulardan bəhs olunub. Azərbaycanın dörd turizm marşrutunun xəritəsi nümayiş etdirilib və müxtəlif turizm məhsulları ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində, həmçinin Azərbaycan şərablarının dequstasiyası təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə