“Bakı Marafonu-2016” keçiriləcək

Mayın 1-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı Marafonu-2016" keçiriləcək. SİA-nın məlumatına görə, fonddan bildiriblər ki, tədbirin əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək göstərmək, insanlar arasında, xüsusilə gənclərdə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdir.

Dövlət Bayrağı Meydanından start götürəcək yarı marafon 21 kilometr olacaq və Bakı Olimpiya Stadionunda başa çatacaq.

Marafona 16 yaşdan yuxarı hər kəs - şəhər sakinləri, qonaqlar əvvəlcədən qeydiyyatdan keçərək qoşula bilər. "Bakı Marafonu-2016"da iştirak etmək istəyənlər qeydiyyat üçün aprelin 11-dən 25-dək Bakının ticarət mərkəzlərində quraşdırılmış qeydiyyat məntəqələrinə və ya onlayn olaraq "Bakı Marafonu-2016"nın saytına (www.bakumarathon.az) müraciət edə bilərlər. Bu zaman qeydiyyat formasını doldurmaq, şəxsiyyət vəsiqəsinin surətini (tələbələr, həmçinin tələbə vəsiqəsinin surətini) təqdim etmək və iştirak üçün müəyyən olunan vəsaiti ödəmək lazımdır.

Tələbələrin iştirakı ilə bağlı vəsait Heydər Əliyev Fondu tərəfindən qarşılandığından onlar qeydiyyat zamanı ödəmə etməyəcəklər. Bunun üçün qeydiyyatdan keçərkən tələbə vəsiqələrinin surətini təqdim etmək lazımdır. Fiziki şəxslər 20 AZN, korporativ şirkət adından iştirak edənlər isə 100 AZN ödəməlidirlər.

Qeyd edək ki, analoji marafonlar bu günədək London, Paris, Boston, Nyu-York, Çikaqo, Berlin, Barselona, İstanbul və digər şəhərlərdə təşkil edilib. Marafon yarışı tam məsafədə 42 kilometr və yarı marafon 21 kilometr məsafədə keçirilir.

İdman tədbiri olmaqla yanaşı, marafon yarışları həm də xeyriyyə məqsədilə təşkil edilir. 1981-ci ildə keçirilən məşhur London marafonu ən böyük xeyriyyə marafonu kimi Ginnesin Rekordlar Kitabına düşüb. Hazırda dünyanın bir çox ölkələrində yalnız xeyriyyə məqsədli marafonlar da təşkil edilir.

Bakı marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı layihəsinə yönəldiləcək.

Marafonda 1-ci yerin qalibi 3000 AZN, 2-ci yerin qalibi 2000 AZN, 3-cü yerin qalibi isə 1000 AZN mükafata sahib olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...