"Ardıcıl islahatlar 4 milyon insanı əhatə edib" - PARTİYA SƏDRİ BİLDİRDİ

"Sosial ödənişlərin artırılması Azərbaycanda aparılan uğurlu sosial islahatların əsas istiqamətlərindən biridir. Sosial dövlət olan Azərbaycanda bu istiqamətdə mütəmadi olaraq islahatlar həyata keçirilib. Xatırladaq ki, 2019-cu ildən ötən dövrdə ölkəmizdə əməkhaqqı, pensiya və digər sosial ödənişlərin artırılmasını nəzərdə tutan ardıcıl islahatlar 4 milyon insanı əhatə edib. Ümumilikdə həmin dövrdə ölkəmizdə 3 sosial islahat paketi həyata keçirilib. Vətəndaş rifahının yaxşılaşdırılmasında ciddi irəliləyişləri təmin edən həmin islahatlar üçün əlavə olaraq illik 6 milyard manat vəsait ayrılıb". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova Milli Məclisə təqdim olunan və özündə gələn ildən pensiyaların artırılmasını ehtiva edən sənəd haqqında fikirlərini bölüşərkən bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan “Əmək pensiyaları haqqında” Qanununa dəyişiklik layihəsinə əsasən 2023-cü il yanvarın 1-dən bütün növ pensiyaların indeksləşdirilərək artırılması mexanizmi tətbiq ediləcək. 2022-ci ildən xüsusi şərtlərlə pensiya alan şəxslərin aylıq pensiyalarına ödənilən 10%, həmçinin digər pensiyaçılara il ərzində ödənilən 200 manat maddi yardım onların pensiyalarının tərkibinə daxil edildikdən sonra yekun pensiya məbləğləri orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdiriləcək. Partiya sədri vurğulayıb ki, həm pensiya, həm də maddi yardım alan pensiyaçının pensiya məbləği yeni ildən üzərinə indeksasiya faizi qədər artımla hesablanacaq. Həmçinin xüsusi şərtlərlə pensiya alan hərbi qulluqçunun cari il ərzində aldığı, pensiya və 10%-lik maddi yardım toplanaraq, üzərinə indeksasiya faizi qədər artım hesablanacaq. Onun sözlərinə görə, vahid indeksasiya mexanizminin tətbiqi xüsusi şərtlərlə pensiyaya çıxan şəxslərin pensiyalarında davamlı artımı şərtləndirəcək. Belə ki, son 10 ildə bu kateqoriyadan olan şəxslərin böyük əksəriyyətinin pensiyası maksimum 70% artıb. Ümumi əsaslarla pensiyaya çıxan şəxslərin pensiyaları isə bu müddət ərzində indeksasiya nəticəsində 98% artıb.

Ə.Kazımova qeyd edib ki, ümumilikdə layihənin nəzərdə tutduğu istiqamətlər mühüm seqmentləri əhatə etməkdədir. Belə ki, vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əməkhaqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur. Yeni layihədə isə əksini tapan təkliflərdə isə maddi yardımların pensiyaların tərkibinə daxil edilməsi və qulluq əlavəsi alan şəxslərin pensiyasının gələn ilin 1 yanvarından indeksasiya olunması ehtiva olunur: "Əvvəllər pensiyalari indeksasiyaya cəlb olunmayan qulluq əlavəsi alan şəxslərin pensiyasında artımlar hiss olunmurdu. Onların pensiyaları indeksasiya olunmadığı üçün əvvəlki qaydalar həmin vətəndaşlarımızın bu imkandan da faydalanmasına imkan vermirdi. Yeni dəyişikliklər qəbul olunandan sonra həmin vətəndaşlarımız bu hüquqdan istifadə edə biləcəklər. Beləliklə, bu addım yeni dövrün yeni pensiya islahatlarını özündə əks etdirəcək ki, bu da birmənalı şəkiljdə vətəndaşların maraqlarına xidmət edir", - deyən Ə.Kazımova onu da əlavə edib ki, Azərbaycanın dərinməzmunlu sosial siyasətində əhalinin, xüsusilə də aztəminatlı insanların gəlir imkanlarının artırılması xətti xüsusi yer tutur. Apapılan islahatlar isə sosial problemlərin həllində yaxından iştirak edir.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə