"Qarabağ Dirçəliş" Fondu Qarabağda hansı lahiyələr həyata keçirib? - QURUM RƏSMİSİ AÇIQLADI
44 günlük Vətən müharibəsi nəticəsində 30 il işğal altında olan torpaqlarımız düşmən tapdağından azad olundu. Bununla əlaqədar olaraq artıq 2 ilə yaxın bir müddətdir ki, işğaldan azad olunan ərazilərimizdə müxtəlif şirkətlər və fondlar tərəfindən bərpa, quruculuq işlər görülür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı əsasında yaradılan “Qarabağ Dirçəliş” Fondu işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə ölkə daxilində və xaricində zəruri təşviqat işlərini həyata keçirir. Bəs "Qarabağ Dirçəliş" Fondu yaradılan ildən etibarən işğaldan azad edilmiş ərazilərimizdə hansı bərpa işləri görüb? Ərazilərimizdə dəymiş ziyanla bağlı hansı nəticələr çıxarılıb? Bütün bu suallara cavab tapmaq məqsədi ilə SİA "Qarabağ Dirçəliş" Fonduna müraciət edib. Agentliyin sorğusuna “Qarabağ Dirçəliş” Fondunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərvin Məmmədova cavab verib.

Qurum rəsmisi qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində görülən işlərə cəmiyyətin bütün üzvlərinin dəstək göstərməsi Qarabağa vurulan ziyanın həcmi barədə məlumatlandırılmasından birbaşa asılıdır: “Qarabağ Dirçəliş Fondunun həyata keçirdiyi layihələrdən biri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ərsəyə gələn "Karabakh.Center" (https://karabakh.center/az) layihəsidir. İnternet resursunda əvvəllər işğal altında olan ərazilərdə yerləşən dağıdılmış və ciddi ziyan dəymiş obyektlərin 10,000-dən çox fotoşəkli və video görüntüləri yer alır. "Karabakh.Center" layihəsi çərçivəsində yaradılmış "Karabakhmemorial.com" (https://karabakhmemorial.com/) internet-resursu isə Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin döyüş bölgələrindən uzaq məsafədə yerləşən şəhər və qəsəbələrimizdə yaşayan dinc əhaliyə qarşı tətbiq etdiyi hərbi cinayətlər nəticəsində həlak olan mülki qurbanların xatirəsinə həsr olunub".
Pərvin Məmmədova bildirib ki, işğaldan azad edilən ərazilərin bərpası müxtəlif istiqamətlərdə həyata keçirilir: "Qarabağ Dirçəliş Fondu işğaldan azad edilən ərazilərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə meşələrin bərpası layihəsinə start verib. Ekoloji tarazlığın bərpası istiqamətində həyata keçirilən layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə Fond arasında imzalanan Anlaşma Memorandumu çərçivəsində həyata keçirilir".
Zəngilan rayonunda meşənin bərpası: “Bu layihə Fond və ETSN arasında işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın və təbiət obyektlərinin bərpası üzrə birgə tədbirlərin həyata keçirilməsi ilə regionda dayanıqlı məskunlaşmaya və inkişafa töhfə vermək, əlverişli həyat şəraitinin yaradılmasına dair tədbirləri ölkə daxilində və xaricində təşviq etmək məqsədilə imzalanan “Anlaşma Memorandumu” çərçivəsində həyata keçirilir.17 dekabr 2021-ci il tarixində icrasına başlanılan layihə çərçivəsində Zəngilan şəhərinin girişində, 30 hektar ərazidə 20 min ağac - əsasən yerli iqlim şəraitinə uyğun Eldar şamı, Həmişəyaşıl sərv, Göyrüş, Qlediçiya və Şərq çinarı əkilib. Hazırda layihə davam edir.
Füzuli şəhərində “Mərkəzi park” layihəsi: “10 may 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva Füzuli rayonuna səfər ediblər. Səfər çərçivəsində Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev cənab Prezidentə və Mehriban xanıma Füzuli rayonunda salınması nəzərdə tutulan “Mərkəzi park” layihəsinin təqdimatını edib. Cənab Prezident və Mehriban xanım park ərazisində çinar ağacları əkiblər. Füzuli şəhərinin yeni Baş plan layihəsinə əsasən orada 20 hektardan artıq ərazidə məskunlaşacaq insanların asudə vaxtlarını səmərəli keçirmələri üçün mərkəzi parkın salınması nəzərdə tutulur.
Park sahəsində istirahət zonaları, açıq yaşıllıq sahələri, piknik və idman məqsədilə istifadə ediləcək zonalar, amfiteatr, kafe-restoranlar və s. kimi obyektlərin yaradılması planlaşdırılır. Qeyd etdiyimiz kimi, hazırda ölkə başçısının tapşırığına əsasən azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır - minlərlə kilometr uzunluğunda yeni yollar çəkilir, infrastruktur bərpa olunur, yaşayış binaları və müəssisələr tikilir, hava limanları və dəmir yolları inşa edilir. Milli-mədəni abidələrimizin bərpası və yenidən qurulması istiqamətində də Fond tərəfindən müvafiq işlər həyata keçirilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB