23 sentyabr 2022-ci il tarixində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin bazasında “ASAN xidmət”, “ASAN Könüllüləri” Təşkilatı və Dövlət Sərhəd Xidmətinin birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinin 2-ci ildönümünə həsr edilmiş “Vətən sərhəddən başlayır” adlı tədbir keçirilib.
SİA xəbər verir ki, tədbirdə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin qərargah rəisi, kontr-admiral Abbas Qiyasov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev və ASAN könüllüləri iştirak ediblər.
Sahil Mühafizəsinin Heydər Əliyev ideoloji mərkəzində Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən zəngin foto-ekspozisiya ilə tanışlıqdan sonra ulu öndərin büstü önünə gül dəstələri düzülüb, Vətən müharibəsində şəhid olan Azərbaycan sərhədçilərinin əziz xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət edilib.
Dövlət Himninin səslənməsi ilə başlayan təntənəli tədbirdə çıxış edənlər ölkəmizin müqəddəs sərhədlərinin etibarlı mühafizəsini və müdafiəsini həyata keçirən Dövlət Sərhəd Xidmətinin, eləcə də ASAN könüllülərinin fəaliyyətində hərbi vətənpərvərlik mövzusunun mühüm yer tutduğu vurğulanıb və bu istiqamətdə mütəmadi tədbirlərin həyata keçirildiyi qeyd olunub.
Sonra könüllülərin təqdimatında vətənpərvər ruhda mahnılar səsləndirilib. Eyni zamanda “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsi çərçivəsində vətəndaşlar tərəfindən yazılmış məktublar matros və zabitlərə təqdim olunub.
Sahil Mühafizəsinin bazasında Sərhəd gözətçi gəmiləri, Gəmi Təmiri Zavodu, Tədris Mərkəzi, Komanda İdarəetmə Mərkəzi və Sahil Mühafizəsinin Muzeyi ilə tanışlıqdan sonra isə DSX-nin Kinoloji Mərkəzində sərhədçi kinoloq-mütəxəssislərinin xidməti itlərlə nümunəvi çıxışları izlənilib.
Sonda könüllülər əsgərlərlə birlikdə nahar ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB