Şəkər xəstələri üçün hansı qidalar faydalıdır? MÜTƏXƏSSİS AÇIQLADI

“Şəkərli diabet hazırda dünyada ən çox yayılmış xəstəliklərdən hesab olunur və ümumiyyətlə götürsək, dünyada 371 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir. Daha çox şəkərli diabet xəstəlik olaraq yox, həyat tərzi kimi qəbul edilir və əsas faktor pəhriz və idmanı göstərmək olar”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, idman dedikdə fiziki aktivlik daha çox önəmlidir və sağlam həyat tərzi qaydalarına da əməl etməliyik: “Buna da biz sağlam qidalanmanı, sağlam yuxu rejimini aid edirik. Şəkərli diabet zamanı əsas problem qəbul olunan qidanın düzgün şəkildə enerjiyə çevrilməməsi və eyni zamanda, qida ilə qəbul etdiyimiz qlükozanın həzm olunması üçün mədəaltı vəzin insulini ifraz edə bilməməsi nəticəsində yaranır ki, bu problem nəticəsində də qanda şəkərin miqdarı artır. Biz bunu 1-ci, 2-ci tip şəkər xəstələrinə görə fərqləndirə bilərik. Əsasən, 2-ci tip şəkər xəstələri yaşlı və qoca insanlarda rast gəlinir. Bu insanlarda xəstəlik, əsasən, stressdən, qorxudan və qidalanma qaydalarına əməl etmədikdə yaranır. 1-ci tip isə artıq uşaqlarda, körpələrdə bəzən genetik olaraq, bəzən xəstəliklər nəticəsində gənc yaşlarda da ortaya çıxır. Bu 1-ci tip, 2-yə nisbətən daha təhlükəli hesab olunur və insulin olmazsa, yaxud kənardan dəstək almazsa, bu halda artıq orqanizmə daha çox zərər verir”.

Məhsəti Hüseynova sözlərinə belə davam edib: “Ümumiyyətlə, bu xəstələr həm dərman, həm də qidaları düzgün şəkildə qəbul etməklə şəkəri normada saxlaya bilərlər. Eyni zamanda da şəkərli diabet xəstələrinin qidalanmasını mən hər zaman hamilələrin qidalanması ilə eyni dəyərləndirirəm. Çünki hamilələr də, şəkərli diabet xəstələri də gün ərzində 5-6 dəfə, ara-sıra, az-az qidalanmalıdır və üç dəfə əsas yemək olmaqla digərləri nəzərdə tutulur”.

“Daha sonra qida qəbulu zamanı yeməyin miqdarı az olmalıdır. Bir yemək prosesi yarım saat müddətinə davam etməlidir. İlk qəbul olunanda 15 dəqiqədə doyma hiss olunmur. Adətən, çox yanlışa yol verirlər, çünki acdılarsa, birdən-birə çox yeməyə başlayırlar və 15 dəqiqəyə həddindən artıq qida qəbul olunur və ona görə də sonradan həzm prosesində problemlər yaranır”.

“Ümumiyyətlə, nələrdən uzaq durmalıdırlar onu deyək. Kartofdan, buğdadan, arpadan hazırlanan yeməklərdən, un məmulatları, şirniyyat bu xəstələr üçün zərərli hesab olunur. Bundan başqa paketlənmiş qidalar, içkilər, qazlı spirtli içkilər həddindən artıq zərərlidir. Təbii meyvə şirələrini də həddindən artıq qəbul etmək faydalı hesab olunmur. Ümumiyyətlə, meyvələri meyvə şəklində qəbul etsələr daha yaxşıdır. Ancaq şirə içmək istəyirlərsə, o zaman üçdə bir stəkan meyvə şirəsi olmalıdır, qalanı su əlavə edərək istehlak etməlidirlər. Duzlu, acı, konservləşdirilmiş qidalardan uzaq dursunlar, kolbasaları, sosiskaları ümumiyyətlə rasionundan çıxarmalıdır. Yağlı qaymaq, xama, mayonez qəbulu faydalı hesab olunmur. Xurma, əncir, banan, yemiş, ərik, şabalıd və bu kimi şirin meyvələrdən də uzaq durmaları tövsiyə olunur. Daha çox çiyələk, zoğal, əzgil, qarağat, albalı, turş alma, armudun turşməzə olanı faydalıdır. Qarpız müəyyən miqdarda, miqdarı keçməmək şərtilə gün ərzində 200-250 qram yeyə bilərlər. Daha çox qara çörəkdən istifadə etmələri faydalıdır. Yeməklərində daha çox qırmızı, yağlı olmayan ət, toyuq və balıqdan istifadə etməlidirlər. Ümumiyyətlə, ətin yağlı hissələrini, dərisini və balığın yağlı hissəsini yemələri məsləhət görülmür və həftə ərzində 3 dəfə yumurta yemələri faydalı hesab oluna bilər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə