Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir

Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmişbu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasdaöz hüquqi-siyasi qiymətini almalıdır.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Xocalı Azərbaycanın Dağlıq Qarabağ bölgəsində strateji əhəmiyyətli ərazi kimi ermənilərivə onların havadarlarını narahat edirdi. Bu qədim Azərbaycan şəhəri Xankəndidən 10 kilometr Cənub-Şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının arasında strateji mövqedə yerləşir. Ermənilər həyata keçirdikləri Xocalı soyqırımı ilə Azərbaycanın bu qədim yaşayış məskənini Yer üzündən silmək, Dağlıq Qarabağın işğal edilməsi planını reallaşdırmaq üçün Xocalıdan keçən Əsgəran-Xankəndi yolunu nəzarətə götürmək və Xocalıda yerləşən yeganə hava limanını ələ keçirmək məqsədini qarşıya qoymuşdular. XX əsrin insanlığa qarşı dəhşətli cinayəti kimi Xocalı soyqırımı bəşər tarixində öz siyasi-hüquqi qiymətini almaması, habelə cinayətkarların cəzasız qalması, faciəyə dair faktların və məlumatların dünya ictimaiyyəti qarşısında müntəzəm olaraq qaldırılması zərurətini meydana cıxarır.

Bu soyqırımı təsadüfən deyil məqsədli və planlı şəkildə düşünülərək həyata keçirilmişdir. Belə ki, yaxın tariximizə məlum olan faktlar göstərir ki, Xocalı soyqırımının törədilməsindən əvvəl 16 sentyabr 1989- cu ildə çoxlu insan tələfatı ilə nəticələnən Tbilisi-Bakı, 18 fevral 1990-cı ildə Yevlax-Laçın yolunun 105-ci kilometrliyində Şuşa-Bakı, 11 iyul 1990-cı ildə Tərtər-Kəlbəcər, 10 avqust 1990-cı ildə Tbilisi-Ağdam marşrutlarının, 30 noyabr 1990-cı ildə Xankəndi aeroportu yaxınlığında sərnişin avtobuslarının partladılması, 9 yanvar 1991-ci ildə “Molodyoj Azerbaydjana” qəzetinin müxbiri Salatın Əsgərova və daha 3 hərbi qulluqçunun olduğu avtomobilin gülləbaranı və bu terror aktı nəticəsində 4 nəfərin qətlə yetirilməsi, 30 may 1991-ci ildə Rusiya Federasiyası Dağıstan Respublikasının “Xasavyurd” stansiyası yaxınlığında, 31 iyul 1991-ci ildə Dağıstan Respublikasının “Temirtau” stansiyası yaxınlığında Moskva-Bakı sərnişin qatarlarının partladılması, 8 yanvar 1992-ci ildə Türkmənistandan Krasnovodsk-Bakı marşrutu ilə hərəkət edən dəniz bərəsində törədilən terror aktı, 28 yanvar 1992-ci ildə Ağdam-Şuşa marşrutu ilə uçan Mİ-8 mülki vertolyotunun Şuşa şəhəri yaxınlığında vurulması və digər sadalamadığımız çoxsaylı terror aktları Ermənistanın azərbaycanlılara qarşı soyqırımı siyasətinin ötən əsrin sonunda yeni və daha amansız dalğasını açıq şəkildə göstərən cinayətlər idi. Hələ 1991-ci il oktyabrın sonundan Xocalı şəhərinə gedən bütün avtomobil yolları bağlanmış və əslində Xocalının mühasirəsi başlanmışdı. 1992-ci il yanvarın 2-dən isə Xocalıya verilən elektrik enerjisi də kəsilmişdi. Xocalının Azərbaycanın digər bölgələri ilə əlaqəsi yeganə nəqliyyat vasitəsi kimi yalnız vertolyotla həyata keçirilirdi. Ancaq bir qədər sonra Xocalı ilə vertolyot əlaqəsi də kəsildi. Yəni 1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan Mİ-8 vertolyotu şəhərə çatmamış, Xəlfəli kəndinin üzərində Xankəndi tərəfindən raketlə partladıldı, içərisində olan 3 nəfər heyət üzvü və 41 sərnişin həlak oldu. Bundan sonra Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdilər. 1991-ci ilin sonunda Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Tuğ, İmarət-Qərvənd, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Kərkicahan və digər strateji əhəmiyyətə malik kəndlərimiz ermənilər tərəfindən yandırıldı, dağıdıldı və talan edildi... Ermənistan silahlı qüvvələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xankəndidə yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transpartyoru, 9 piyadaların döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə aldı.

Həmin gecə ermənilər və onlara dəstək verən qüvvələr müasir və ağır silahlarla şəhərə hücum planını gerçəkləşdirərək şəhəri tamamilə dağıtmış, yandırmış, insanlar xüsusi amansızlıqla və qəddarlıqla qətlə yetirilmişdir. Onların içərisində türk olduğuna görə başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılan və digər eybəcər şəklə salınan uşaqlar, qocalar və qadınlar çoxluq təşkil edirdi. Araşdırılmış istintaq materiallarından məlum olur ki, hücuma rəhbərlik edən və hazırda Ermənistanın müdafiə naziri olan Seyran Ohanyanın, eləcə də 366-cı alayın 3-cü batalyonunun komandiri Yevqeni Nabokixinin komandasında əlavə olaraq 50-dən çox erməni zabiti və giziri iştirak etmişdir. Hücum əməliyyatı başlayan andan kütləvi ağır artilleriya zərbələrinin təsiri ilə fevral ayının 26-sı səhərədək Xocalı şəhəri od tutub yanmışdır. Minlərlə soydaşımız yeganə yol olaraq Ağdam şəhərinə qaçmağa çalışmışlar.

Araşdırmalar göstərir ki, bu mənzərənin təsvir edilməsi istənilən insan üçün olduqca çətindir. Hətta rus zabitinin Xocalı soyqırımına dair etirafları bu cinayətin bəşəriyyətə və insanlığa ləkə olduğunu sübut edir. 366-cı alayın 2270 №-li hərbi hissəsinin (Daglıq Qarabagda) əks-kəşfiyyat şöbəsinin sabiq rəisi polkovnik Vladimir Savelyev Xocalı hadisələrinin şahidi kimi və faciəyə dair ilk materialları toplayaraq onları 26 noyabr 1992-ci il, 19 mart 1994-cü il, 22 avqust 1998-ci il və nəhayət 2000-ci ilin iyul, dekabr tarixlərində BMT, Avropa Şurası və Baş Kəşfiyyat İdarəsinə “zabit Puqaçov” təxəllüsü ilə təqdim etmişdir. Erməni terror təşkilatlarının və Rusiya silahlı birləşmələrinin Daglıq Qarabağda birgə keçirdiyi hərbi əməliyyatları müşahidə edən polkovnik olanları şərh edərək etiraf edirdi: “Bütün bu olanlar haqqında mən yazmaya bilməzdim. Hər şey mənim gözlərimin önündə baş verdi. Körpələrin, qadınların, hamilə gəlinlərin güllələnmiş cəsədlərini unuda bilmirəm. Azərbaycanlılar məni bağışlasınlar ki, bu insanlıqdan kənar və qanlı qırğında mən onlara heç cür yardım edə bilmədim. Tək bacardığım bu oldu ki, Kremlə, Müdafiə Nazirliyinə və həmçinin Baş Kəşfiyyat İdarəsinin generallarına 19 səhifəlik məxfi arayışı göndərə bildim. Qoy rus zabitinin şərəfinin necə ləkələndiyini onlar oxuyub bilsinlər...”. Onu da qeyd etmək lazımdır ki, ötən əsrin əvvəllərindən başlayan Dağlıq Qarabağ münaqişəsi kimi qələmə verilən savaş, əslində, Ermənistanın Azərbaycana qarşı tarixən apardığı hərbi təcavüzün, açıq-aşkar ekspansiya siyasətinin bilavasitə davamı idi. Təkcə Xocalı soyqırımı nəticəsində, rəsmi rəqəmlərə görə 613 nəfər öldürülmüşdür ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. 8 ailə tamamilə məhv edilmiş, 487 nəfər şikəst olmuşdur ki, onlardan da 76-sı uşaqdır. Bundan əlavə, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür. Beləliklə də, Xocalı soyqırımı 200 ildən bəri erməni şovinistlərinin və onların havadarlarının azərbaycanlılara qarşı törətdikləri terror və kütləvi qırğın aktlarının, soyqırımı siyasətinin yeni tarixi mərhələsi kimi öz miqyasına görə bəşəri cinayətlər sırasındadır.

Məşhur ingilis politoloqu Tomas De Vaal Xocalıda azərbaycanlıların soyqırımı haqqındakı kitabında Serj Sərkisyanın dediyi sözləri qələmə almışdır. Serj Sərkisyanın soyqırımla bağlı dediyi sözlər erməni şovinizminin bəşəriyyət üçün təhlükəlilik dərəcəsindən xəbər verir. “Xocalıya qədər azərbaycanlılar fikirləşirdilər ki, bizimlə zarafat etmək mümkündür; onlar düşünürdülər ki, ermənilər dinc əhaliyə toxunmazlar. Biz bu stereotipi dağıda bildik”. Məşhur araşdırmaçı Erix Fayql isə müxtəlif zamanlarda müxtəlif xalqların soyqırımlarının tarixi rakursunda Xocalıda azərbaycanlıların soyqırımını şərh edərək yazır: “Xocalı, 26 fevral 1992-ci il. Erməni silahlı dəstələri keçmiş SSRİ hərbi birləşmələrinin köməyilə Azərbaycanın Xocalı şəhərini darmadağın etdilər. Azərbaycanın bu şəhəri keçmiş SSRİ hərbi birləşmələrinin köməkliyi ilə erməni silahlı dəstələri tərəfindən yer üzündən silindi. Bu, iyirminci əsrin sonlarında Serbiya Srebrenitsesiylə müqayisə ediləcək ən dəhşətli cinayətlərdən biri idi. İngilis jurnalisti Tomas de Vaal Sərkisyandan Xocalı faciəsinin törədilməsi səbəbini soruşarkən onun sərsəm cavabı belə olmuşdur. “Bunu etmək o baxımdan vacib idi ki, onlar bu torpaqları unutsunlar”. Bu faciə bir növ hazırda dünyadakı separatçı qrupları himayə edən ölkələrin və bu ölkələrin sükanında əyləşənlərin iç üzünü açıb göstərməkdədir. Bəşəriyyətin taleyinə biganə qalmayan şəxslər bilirlər ki, insanlıq əleyhinə yönəlmiş bütün bu qəbildən olan cinayətlər “nəzarətsiz” və heç də “himayəsiz” baş vermir və verə də bilməz. Təkcə qərb jurnalistlərinin video çəkilişləri və ələ keçirdikləri materiallar dünyanın bu müsibətdən lazımınca xəbərdar olmasına kifayət edir. Elmi ictimaiyyətin və dövlət rəsmilərinin obyektiv faklara əsaslanan fəaliyyətləri isə daha səmərəli və əhəmiyyətlidir. Xocalı faciəsi ilə əlaqədar Rusiyanın “Memorial” adlı təşkilatının hərtərəfli məlumat bazası mövcuddur. Orada Qarabağ, Xocalı hadisələri ilə bağlı tutarlı faktlar, sübutlar, materaialların araşdırılması və istifadəsi mühüm mənbədir. Təbii ki, faciəni tanıtma uğrunda aparılan işlər çox gərgin prosesin nəticəsidir. Ona görə də ziyalılarımız bu istiqamətdə daima gərgin işləməlidirlər.

Son onilliklər ərzində dövlət səviyyəsində bu istiqamətdə atılan addımların müsbət təsirləri də məhz aparılan məqsədyönlü diplomatik fəaliyyətin nəticəsidir. Dünyanın bir çox ölkələrində Hollandiya, Almaniya, Sarayevo, Bosniya və Herseqovina, Meksika və Türkiyənin Ankara, İzmit, İzmir və Sakarya şəhərlərində Xocalı soyqırımına aid abidələr ucaldılıb. Lakin bu da maraqlıdır ki, Xocalı faciəsi ilə bağlı dünyanın insan hüquq və haqlarının müdafiəsi ilə məşğul olan müxtəlif təşkilat və dövlətlərinin rəsmi mövqelərinin passivliyinə baxmayaraq bəzi ictimai qruplar bu prosesə daha fəal qoşulmuşlar. Məsələn, Xocalı soyqırımının dünyaya tanıdılması çərçivəsində nüfuzlu idman yarışlarından sayılan 2014-ci ildə İspaniyanın “Atletiko” Madrid futbol klubunun oyunçuları “Osasuna” FK və “Real Madrid” FK komandaları ilə keçirdikləri görüşlərdə Xocalı faciəsinin ildönümü ilə əlaqədar qara bilərzik və yaxalarına matəm lenti taxmış və soyqırımı qurbanlarının xatirəsini yad etmişlər. Klubun o zamankı aparıcı oyunçusu Arda Turanın simasında faciə qurbanlarını yad edərək və “Azərbaycan xalqının acısını paylaşırıq” sözləri yazılmış pankart nümayiş etdirmişlər. Elə həmin il Asiya Çempionlar Liqasının qrup mərhələsinin oyunları çərçivəsində Təbrizin “Traktor” klubu ilə Ciddə şəhərinin “əl-İttihad” klubu arasında keçirilmiş görüşdə Xocalı soyqırımının qurbanları yad olunmuşdur. Türkiyənin bütün ictimai təşkilatları, QHT və siyasi partiyaları, türk ictimai rəyi Xocalı faciəsini soyqırımı kimi tanıyır. Son illər Türkiyə dövlətinin beynəlxalq təşkilatlar və digər ölkələrin “qondarma erməni soyqırımı” iddiası ilə üz-üzə qoyulması qaranlıq məqamları ortaya çıxarmış oldu.

Tarixən olduğu kimi erməni lobbisinin öz saxtakar və cinayətkar əməllərinə haqq qazandırmaqdan ötrü çirkin niyyətlərə əl atması isə nə Türkiyəni, nə də Azərbaycanı öz haqlı mövqeyindən çəkindirməmişdir. Bu gün də Türkiyə və Azərbaycan saxta “erməni soyqırımı” kimi iddiaların qarşısını almaqda, dünyaya çox böyük çağırışlar etməkdədir. Bu cağırışlar nə qədər çətinliklərlə qarşılaşsa belə əsl soyqırımın Xocalıda Azərbaycan xalqına qarşı dünyada görünməmiş vəhşiliklərlə törədilməsi faktlarla dünyaya bəyan edilmişdir. Bu münaqişənin ən qızğın vaxtında belə ölkəmizdə siyasi qeyri-sabitlik və çəkişmələr ara vermirdi. Tarix göstərir ki, dövlət müstəqilliyimizə qarşı yönəlmişqara qüvvələrin bu cirkin planlarını həyata kecirmək cəhdləri Azərbaycanı dövlət olaraq tarix səhnəsindən silmək məqsədi daşıyırdı. Belə bir məqamda böyük mütəfəkkir Hegelin dediyi “Xalqın taleyi süquta sürətlə yaxınlaşdıqda onu yalnız dahi xilas edə bilər” - fikrini xatırlamaq yerinə düşür. Bu tarixi şəraiti çox düzgün qiymətləndirən təcrübəli siyasi xadim Heydər Əliyev Azərbaycana qarşı bütün qara qüvvələrin hücumlarını çox dəqiq hiss edir və düşünürdü. Vətən darda idi. Ulu öndər Naxçıvan MR-də çox gərgin və narahat günlər yaşayırdı. Heydər Əliyev belə bir məqamda xalqının köməyinə gəldi və xilaskarlıq missiyasını öz üzərinə götürdü. Əgər dünya tarixinə nəzər salsaq bir çox millətlərin belə xilaskarlarının olduğunu görərik. Dünya tarixindən çoxsaylı belə misallar çəkmək mümkündür. Lakin belə dahilər çox azdır ki, qeyd olunduğu kimi öz millətinin nicat yolunu tapmaq üçün bəşəri ideyaları ortaya qoymuş, qan tökmədən onu təlqin etmiş, həyata keçirmişlər. Fikrimizcə bəşər tarixində belə dahilərin sayı azdır. Odur ki, Heydər Əliyev 1994-cü ildə ilk olaraq atəşkəsə nail oldu və Xocalı soyqırımının tanınmasının əsas təşəbbüskarı kimi çıxış etdi. Hələ Prezident səlahiyyətlərini həyata keçirərkən erməni təcavüzünün qarşısının alınması məqsədilə təcili tədbirlər görülməsi üçün BMT Təhlükəsizlik Şurasının dərhal çağırılması xahişilə Təhlükəsizlik Şurasının sədrinə 1993- cü il 26 iyul tarixli yazılı müraciət etdi. 1994-cü il 24 fevralda Milli Məclisin qərarı ilə hər il fevralın 26-nın “Xocalı soyqırımı günü” kimi yad olunması və bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi ilə Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilmiş oldu.

1995-ci il 24 fevralda Milli Məclisin dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciəti oldu. 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. Bundan əlavə, azərbaycanlılara qarşı zaman-zaman törədilmiş soyqırımı ilə əlaqədar Ulu Öndərin 1998-ci il martın 26- da imzaladığı fərmanla 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Bu haqda öz fikrini Ulu Öndər Heydər Əliyev belə ifadə etmişdir: “...1994-cü il 26 fevral ərəfəsində mən Milli Məclisə təklif verdim. Milli Məclis qərar qəbul etdi və Xocalı soyqırımı Xocalı faciəsi günü elan olundu. Bu gün bizim tariximizdə, bizim təqvimimizdə matəm günüdür, hüzn günüdür. Bunu biz qanunla qəbul etdik....”. Ulu Öndər Heydər Əliyev 1997-ci il fevralın 25-də “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Fərman imzaladı. Bir qədər sonra dahi siyasi xadim Azərbaycan xalqına 2002-ci il 25 fevral tarixli müraciətində onu da qeyd edirdi ki: “Bu gün Azərbaycan hökuməti və xalqı qarşısında Xocalı soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi, bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bütün bunların əsl soyqırımı aktı kimi tanınmasına nail olmaq vəzifəsi durur. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur. Digər tərəfdən, faciənin əsl beynəlxalq hüquqi-siyasi qiymət alması, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılması bütövlükdə insanlığa qarşı yönəlmiş belə qəddar aktların gələcəkdə təkrarlanmaması üçün mühüm şərtdir”. Bunların davamı olaraq 2002-ci il fevralın 25-də Ulu Öndər Heydər Əliyev Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində bu amansız soyqırımına bir daha qiymət verərək demişdir: “Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir”. 2003-cü il 15 fevralda Xocalı qaçqınlarının Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müraciəti oldu. Müraciətin əsas məqsədi dünyanın nüfuzlu beynəlxalq təşkilatları olan Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına 1992-ci ilin 26 fevralında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq və bu qanlı cinayətə hüquqi-siyasi qiymət verilməsinə nail olmaqdan ibarət idi. 2003-cü ildən sonra Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında müntəzəm olaraq həyata keçirilən tədbirlər və təbliğat kampaniyaları Avropa ölkələrini Xocalı soyqırımına yeni prizmadan yanaşmağa, onlara erməni faşist ideologiyasının mahiyyəti və vəhşiliklərlə daha yaxından tanış olmağa imkan vermişdir ki, bu da münasibətləri kökündən dəyişmişdir. Bu işdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, YUNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir sıra ölkələrin paytaxtlarında Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirlər, erməni barbarlığını əks etdirən fotosərgilər müxtəlif xalqların nümayəndələrini, dövlət rəsmilərini, diplomatları, mətbuat nümayəndələrini baş vermiş hadisələr barədə geniş məlumatlandırmışdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bir çox ölkələrdə və şəhərlərdə 15ildən artıqdır ki, həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası da Xocalı faciəsinin dünyaya soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır. Bu baxımdan “Xocalıya ədalət” kampaniyası çərçivəsində son illər bütün dünyada gərgin iş aparan Leyla Əliyevanın bu soyqırımın dünyada tanıdılması istiqamətindəki fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.

Soyqırımın dünya dövlətləri tərəfindən tanınmasının tarixi statistikası göstərir ki, məhz son on ildə dünyanın 30-dək ölkəsi, habelə beynəlxalq təşkilatlar məhz bu kampaniyanın fəaliyyəti nəticəsində soyqırıma ədalətli yanaşaraq obyektiv mövqe bildirmişlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 ilə yaxın davam edən münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsinin, zəbt edilmiş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının zəruriliyi ilə bağlı ədalətli mövqeyini dəfələrlə nüfuzlu beynəlxalq qurumların, o cümlədən BMT Baş Məclisinin tribunalarından bəyan etmişdi. Hər il olduğu kimi, 2018-ci ildəbusoyqırımının dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə müvafiq Sərəncamla “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilmiş və icra olunmuşdur. Xocalıda erməni qəsbkarları tərəfindən törədilən bu kütləvi insan qırğını genosid faktıdır və həm də insanlığa qarşı ən ağır cinayət olaraq beynəlxalq hüquq normalarını tapdamışdır. Belə ki, BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində göstərilir ki, genosid insan qruplarının yaşamaq hüququnu pozmaqla yanaşı, BMT-nin məqsəd və vəzifələrinə, ümumbəşəri dəyərlərə tamamilə ziddir və dünya birliyi tərəfindən pislənir. Genosid cinayətinin əlamətləri BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul olunmuş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada müəyyən edilmişdir. Xocalı soyqırımı zamanı baş vermiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların kütləvi şəkildə məhv edilməsi niyyəti ilə törədilməsi onun genosid aktı olduğunu sübut edir. Azərbaycana qarşı təcavüz zamanı bu Konvensiyada təsbit olunmuş genosid cinayətini təşkil edən bütün əməllər tətbiq olunmuşdur. Bütün bunlara əsasən Xocalı soyqırımının 15 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin 2007-ci ildə 27 fevral tarixli bəyanatında deyilirdi ki, “Xocalı Azərbaycan xalqı üçün qəddarlıq və cəzasızlıq rəmzinə çevrilmişdir. Dinc əhalinin vəhşicəsinə kütləvi qırğını bütün insanlığa qarşı ən ağır cinayətlərdən biri olmaqla, XX əsrin Xatın, Liditse, Babi Yar kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycanın işğal olunmuş ərazilərinin dərhal və qeyd-şərtsiz azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrin həyata keçirilməsini tələb edərək, ATƏT-in Budapeşt, Lissabon və İstanbul sammitlərinin qərarları və yekun sənədləri, Avropa Şurası Parlament Assambleyasının 1416 nömrəli qətnaməsi əsasında Dağlıq Qarabağ problemini həll etməyə çağırmışdır. Xocalı soyqırımının beynəlxalq hüquq normalarına əsasən qiymətini alması həm də bəşəriyyəti yeni neofaşist və terrorçu Ermənistanın bir çox dövlətlərə qarşı siyasi iddialarına sipər deməkdir. Azərbaycan rəhbərliyi ərazi bütövlüyünü təmin etmək, bəşəri hərbi cinayət törətmiş erməni terrorçularının cəzasını alması üçün bütün addımları atmış və bu gün də atmaqdadır. Tarixi zərurət onu sübut etdi ki, Azərbaycan xalqı , onun müzəffər ordusu və yenilməz sərkərdəsinin sayəsində lazımı məqamda öz malik olduğu qəhrəmanlığını dəmir yumruğu bəşəriyyətin yeni tarix səhifəsinə yazmış oldu.

Bu gün Vətən uğrunda həlak olmuş, döyüşmüş və şəhid olmuş iğidlərimizin ruhu şaddır.

Yaşasın qəhrəman azərbaycan xalqı!

Yaşasın Azərbaycanın yenilməz Ali Baş Komandanı!

Yaşasın Müzəffər Azərbaycan Ordusu!

Qarabağ Azərbaycandır!

SƏNAN HƏSƏNOV,

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işcisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent. Yeni Azərbaycan Partiyasının Fəlsəfə və Sosiologiya İnstitutu üzrə Ərazi Partiya Təşkilatının sədri

TELMAN QULİYEV,

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işcisi, “Dövlətşünaslıq” elmi- analitik informasiya jurnalının baş redaktoru

Bütün xəbərlər Facebook səhifəmizdə