Prezident İlham Əliyev ötən gün Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimindəki çıxışı zamanı bir çox vacib məqamlara toxunmuş, ölkədə bugünə qədər aparılan sosial siyasətlə bağlı açıqlamalar vermiş və müharibənin Azərbaycan üçün qaçılmaz variant olduğunu bildirmişdir. Ölkə başçısının nitqində toxunduğu məsələlərdən biri də Ermənistandakı mövcud ictimai-siyasi vəziyyətlə bağlı olmuşdur.

Ölkə başçısı xarici nümayəndələrin hər zaman Ermənistan cəmiyyətinin birlik nümayiş etdirməsi ilə bağlı fikirlər səsləndirdiyini bildirmiş və əlavə etmişdir ki, indi biz həmin milli birliyin harada olduğunu görürük. Bu məğlubiyyətlə birlikdə Ermənistandakı mövcud sistem belə demək olar ki, yerlə yeksan oldu. Bütün hakimiyyət orqanları və güc strukturları bir-birilərini ittiham etməyə, günahlandırmağa başladı və nəticədə kütləvi həbslər başladı. Həqiqətən də Ermənistanın bugünkü vəziyyəti hər baxımdan acınacaqlıdır. Xalqın seçilmiş hakimiyyətə güvənməməsi, ordunun öz səlahiyyətlərindən kənar olaraq baş naziri istefaya səsləməsi, hər gün paytaxt İrəvan küçələrində etiraz aksiyalarının, polis-vətəndaş qarşıdurmalarının baş verməsi, hələ də itkin uşaqlarının cəsədlərini axtaran valideynlərin etirazları bugünkü Ermənistanın acınacaqlı simasıdır. Ancaq təəssüf ki, beynəlxalq qurumlar hələ də buna səs çıxarmır, Ermənistanda baş verən qanunsuzluqlara susmağa davam edir.

Bəli, Vətən müharibəsindən sonra bədnam qonşumuzun istər siyasi elitasında istərsə də hakimiyyətdaxili qüvvələri arasında narazılıqlar səngimədən davam edir. Ancaq bu bizim üçün təəccüblü deyil. Yaxın tarixə qısa nəzər salsaq görərik ki, hələ 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ordusunun Ermənistanın Ohanyan səddini otuz dəqiqəyə yarıb keçməsi, strateji əhəmiyyətə malik iki yüksəkliyi düşməndən azad etməsi Azərbaycan ordusunun gücünü Ermənistan ictimaiyyətinə göstərmişdi. Həmin dövrdə Ermənistan şok içində idi. Onlar 30 ilə yaxın bir zaman kəsiyində qurmuş olduqları bütün müdafiə sistemlərinin Azərbaycan ordusu tərəfindən yarılacağını gözləmirdilər. Döyüşlərdən sonra o vaxtkı baş nazir Serj Sarkisyan Müdafiə Nazirliyinin rəhbəriliyini dəyişmiş, bir neçə generalı məhkəməyə vermiş, onlarla bağlı cinayət işləri açılmışdı. Hətta həmin dövrdə belə Azərbaycan ordusunun istifadə etdiyi müasir silahlardan bütün dünyada danışırdı. 44 günlük Vətən Müharibəsində də analoji hal təkrar olundu. Azərbaycan ən yeni texnolgiyalarla, minimum insan itkisinə hesablanmış döyüş apardı. Və nəticədə Ermənistan tərəfinin məğlubiyyəti qaçılmaz oldu. 44 günlük müharibədə Azərbaycan Ordusunun nümayiş etdirdiyi rəşadət Ermənistanın Ordusu ilə bağlı yaratmağa çalışdığı “yenilməzlik” mifini darma-dağın etdi və bu, nəticədə Ermənistandakı vəziyyəti təmamilə dəyişdi.

Son vaxtlar isə Ermənistanda elə hadisələr baş verir ki, ilk baxışda bu ölkənin beynəlxalq münasibətlər sisteminin subyekti olduğuna şübhələr yaranır. Belə ki, hazırda reallıqları qavrama hissini itirən, dünyada gedən proseslərdən özünütəcrid edən məğlub ölkədə siyasi vakum yaranıb. Bizə məlumdur ki, Ermənistanda Azərbaycan torpaqlarının işğalı faktoru bütün əsas idealogiyanı təşkil edirdi. Qarabağın işğaldan azad olunması isə Ermənistan cəmiyyətini ağır bir depressiyaya düçar etdi. Orduya sonsuz güvənən Ermənistan xalqı üçün daha bir şok isə fərarilik edən 10 minlərlə əsgərlərlə bağlı oldu. Müharibə dövründəki fərariliyin ardı bugünkü mövcud hakimiyyətin və silahlı qüvvələrin içərisində də davam edir.

Artıq Ermənistanda heç bir şəxs, heç bir valideyn öz övladını və ya yaxınını sərhəd ərazilərə xidmət üçün göndərməyə razılıq vermir. Əlbəttə ki, bu başadüşüləndir. Müharibə ordudakı bütün çatışmazlıqları ortaya çıxartdı və illərdir yaradılan mifi darmadağın etdi. Xalq arasında orduya olan inamı sıfıra endirdi.

Həqiqətən də cəmiyyətin orduya inamı olsaydı bu qədər fərarilik və yayınma halları olmazdı. Çünki, müharibə dövrü bir çox cəmiyyət üçün, o cümlədən Azərbaycan üçün xalqın ordu və cəmiyyətlə birlik nümayiş etdirdiyi, ümumi düşmənə qarşı yumruq kimi birləşdiyi bir dövrdür. Ölkə başçısının da dəfələrlə dediyi kimi, müharibə dövründə Azərbaycan Ordusunda bir nəfər belə fərari yox idi. Əksinə, ordu sıralarına könüllü olaraq qoşulmaq istəyən gənclər Səfərbərlik xidmətlərinin qarşısında daim hazır vəziyyətdə gözləyirdi. Könüllülərin sayı o qədər çoxluq təşkil etmişdi ki, səfərbərlik xidmətlərində ehtiyac olduğu halda dövlət səviyyəsində qərar veriləcəyi xalqa bildirilirdi.

Müharibənin başladığı ilk gündən etibarən siyasi əqidəsindən asılı olmayaraq hər kəsin vahid amal naminə birləşməsi isə güclü xalq olduğumuzu bir daha təsdiq etdi. Bütün dünya Azərbaycan dövlətinin, xalqının və fərqli ölkələrdə yaşayan dünya azərbaycanlılarının gücünü, əzəmətini bir daha gördü. Və bütün bunların nəticəsi olaraq Azərbaycan Vətən müharibəsində zəfər qazandı. Qələbə ilə tariximizin səhifələrinə Azərbaycan xalqının mübarizliyinin, birliyinin növbəti nümunəsi həkk olundu. Biz, hər birimiz bu müharibədə göstərdiyi şücaətə, əzmkarlığa və qətiyyətə görə xalqımızla, Ordumuzla və əlbəttə ki Ali Baş Komandanımızla fəxr edirik.

Şəbnəm Eldarova

Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının

Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi

Bütün xəbərlər Facebook səhifəmizdə