“Azərbaycan hökuməti koronavirusla mübarizə üçün xeyli işlər görüb” Emin Həsənli

"Azərbaycanda “COVİD-19” virusuna qarşı mübarizə tədbirləri yüksək səviyyədə qurulub, buna görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vtse-prezident Mehriban Əliyevaya minnətdarlığımızı bildiririk". Bu sözləri SİA-ya açıqlamasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Maarifləndirilməsi” İctimai Birliyinin sədri Emin Həsənli deyib.

Həmsöhbətimiz hesab edir ki, bu qədər geniş miqyaslı fəaliyyətin təşkili müqabilində bəziləri tərəfindən xırda çatışmazlıqların şişirdilməsi yanlış hərəkətdir: “Azərbaycan ilk ölkələrdəndir ki, iş yerlərini məhdudlaşdırdı və tədris prosesini dayandırdı. Ancaq təəssüf ki, ABŞ-da və digər ölkələrdə əhaliyə verilən maddi yardımla Azərbaycanda verilən eyni yardımı müqayisə edirlər. Əvvəla, iqtisadi imkanlardakı fərqi bilməlidirlər. İkincisi, belə bir dövrdə, dünyanın ən böyük 7 dövlətində koronavirusun yaratdığı vəziyyət də Azərbaycanla müqayisə olunmaz dərəcədədir. Ölkədə xəstəxanalarda, otellərdə karantində saxlanılanlar şəkillər paylaşaraq, razı qaldıqlarını bildirirlər. Xırda çatışmazlıqları bu qədər şişirtmək də düz deyil. Hazırda Yeni Azərbaycan Partiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dövlətimizin bu məsələ ilə bağlı verdiyi qərarların icrasının təmin olunması istiqamətində birgə fəaliyyət göstərirlər. Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İqtisadiyyat Nazirliyi pandemiya şəraitində sosial-iqtisadi sahədə prioritetlərin həyata keçirilməsi ilə məşğuldurlar. İnsanların və biznes qurumlarının karantin səbəbindən gözlənilən çətinliklərdən qorunması üçün ciddi iş aparılır. ƏƏSMN-nin son illərdə vətəndaşlarımızın məmnunluğu üçün gördüyü işlər ayrıca bir söhbətin mövzusudur.

Xüsusi qeyd etmək istəyirəm ki, Heydər Əliyev Fondunun, Regional İnkişaf İctimai Birliyinin könüllüllərinin əməyi yüksək qiymətə layiqdir. Onlar bölgələrdə bir-bir evləri gəzərək, yardım paylayırlar. Əhaliyə yardım edilməsi, sosial dəstək paketinin real nəticəsinin xalqa çatdırılması istiqamətində fəal iş aparırlar”.

Emin Həsənli koronavirusla mübarizə çərçivəsində QHT Şurası ilə KİV-in birgə fəaliyyətini yüksək qiymətləndirib: “Azərbaycan hökuməti koronavirusla mübarizə üçün xeyli işlər görüb. Dövlət büdcəsindən 1 milyard manat pul ayrılıb, ölkə prezidenti yeni xəstəxanaların tikilməsi ilə bağlı sərəncam imzalayıb və s. Xüsusi karantin rejiminin tətbiqini də vurğulamaq lazımdır. Azərbaycanda virusun yayılmasının qarşısının alınması üçün xarici ölkələrlə gediş-gəlişin minimuma salınması, kənardan gələnlərin karantində saxlanılması və digər addımlar yüksək qiymətləndirilməlidir. Bunu dünyadakı statistik göstəriciyə baxanda da görmək mümkündür. Bütün bunlara da vaxtında müasir xəstəxanaların, otellərin tikilməsi, hava nəqliyyatımızın yüksək səviyyədə olması, bütövlükdə ictimai sferada görülən işlər, o cümlədən də KİV-lə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə fəaliyyəti mühüm təsir edib”.

Emin Həsənli bu qlobal fəlakətlə Azərbaycanda aparılan mübarizəni 2016-cı ilin aprel döyüşlərindəki mənzərə ilə müqayisə edib: “O zaman da KİV nümayəndələri QHT Şurası ilə birgə fəaliyyət göstərirdi. Bu işdə jurnalistlərin böyük rolu var ki, onlar dövlətin verdiyi qərarlar və başqa bütün məlumatlarla əhalini xəbərdar edir. Həmçinin QHT Şurası “Real Tv” ilə birgə “Evdə qal, cəmiyyəti qoru” kampaniyası başladıb. QHT-lər internet üzərindən konfranslar keçirir, əhalini maarifləndirməyə çalışır. Bu maarifləndirmə internetdən əlavə, bölgələrdə də insanlarla görüşlər zamanı həyata keçirilir”.

Şura üzvü bildirib ki, bu fəlakətlə mübarizə aparmaqla yanaşı, Azərbaycan bir neçə ölkələrə yardımlar da etdi: “Həmçinin, qardaş Türkiyədən, Çindən də Azərbaycana yardımlar edildi. Ehtiyatda olan hərbi həkimlərimiz həm Azərbaycan, həm də Türkiyə prezidentlərinə müraciət edərək, əllərindən gələn köməyi göstərməyə hazır olduqlarını bildirdilər”.

Əhalinin həssas təbəqələri barədə danışan E.Həsənli qeyd edib ki, imkanı olan hər kəsin mənəvi borcudur ki, köməyə ehtiyacı olan ailələrə, şəhid ailələrinə, qazilərimizə yardım etsinlər: “Ən böyük həmrəyliyi bu məsələdə göstərməliyik. Sevindirici haldır ki, vətəndaşlarımızın böyük əksəriyyəti dövlətin qoyduğu qanunlara əməl edir. Düşünürəm ki, çox qısa zaman ərzində dünyanın kabusuna çevrilən koronavirus bəlasından xilas olacağıq. Biz mütləq bu mübarizədən qalib çıxacağıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...