Ölkədə reallaşdırılan islahatlar sığorta bazarının inkişafı üçün geniş imkanlar yaradır - AÇIQLAMA

“Ölkə həyatının bütün sferalarını müsbət məcrada daha da irəliyə aparan total islahatlar sığorta sahəsinə də sirayət etməkdədir. Bu islahatlar dalğasının qanunauyğunluqlarından irəli gələrək, sığorta bazarının beynəlxalq praktikaya və müasir çağırışlara uyğun yenilənməsi obyektiv zərurətdir. Sahənin inkişafını əngəlləyən problemlərin ram edilməsi və sosial-iqtisadi imkanların yaratdığı ciddi artım potensialının maksimum reallaşdırılması da xüsusi aktuallıq kəsb edir”. Bunu SİA-ya sığorta sektorunda əsas islahat hədəflərini şərh edən müstəqil ekspert Yalçın Müslümov deyib.

Ekspert iqtisadiyyatın unikal sahəsi kimi sığortanın sağlamlıq, əmlak, biznes fəaliyyəti, mülki məsuliyyət və s. ilə bağlı risklərin idarə edilməsində mühüm önəmini vurğulayıb: “Təbiətlə insan arasında qırılmaz vəhdətlə yanaşı, onların bir-biri ilə daimi mübarizəsində öz əksini tapan ziddiyyət də mövcuddur. İnsan həyatı sevinc dolu günlərlə yanaşı, bəşəri mövcudluğun normasına çevrilən risklərin mənbəyi kimi müxtəlif fəsadlara səbəb olan hadisələrlə də müşayiət olunur. Belə bir hadisənin nə vaxt, harada baş verəcəyini, onun hansı fəsadlar doğuracağını, insanın hansı ziyanla üzləşəcəyini əvvəlcədən bilmək mümkün deyil. Lakin bunu proqnozlaşdırmaq və potensial zərərlərin necə və kimə kompensasiya ediləcəyini öncədən qərarlaşdırmaq mümkündür. Bazar iqtisadiyyatı şəraitində risklərin profilaktikası və minimuma endirilməsinin ən səmərəli yollarından biri kimi məhz sığorta institutu bu xoşməramlı məqsədlərə xidmət edir. Sığorta istehsalın və həyat fəaliyyətinin təhlükəsizliyini, fors-major hallarında hüquqi və fiziki şəxslərin mənafelərini müdafiə edir. Sığorta sistemi təkcə dəymiş zərərlərin əvəzinin ödənilməsi təminatı kimi deyil, həm də iri institusional investor kimi çıxış edir. Bu baxımdan konkret ölkənin davamlı sosial-iqtisadi tərəqqisi, təsərrüfat subyektlərinin təhlükəsiz fəaliyyəti, əhalinin rifahının daha da güclənməsi üçün sığorta bazarının inkişafı əsas şərtlərdəndir”.

Sığorta bazarının bəzi statistik göstəriciləri barədə məlumat verən Y.Müslümov qeyd edib: “Ötən il Azərbaycanda əhalinin bir nəfərinə düşən sığorta haqları təqribən 40 ABŞ dolları olmuş, sığorta bazarı ÜDM-in 0,8 faizini təşkil etmişdir. Müqayisə üçün 2018-ci ildə adambaşına sığorta haqqı məbləği Litvada 372 ABŞ dolları (sığorta bazarı isə ÜDM-in 1 faizi), Macarıstanda 381 ABŞ dolları (1,2 faiz), Latviyada 461 ABŞ dolları (1,5 faiz), Çex Respublikasında 652 ABŞ dolları (1,6 faiz), Estoniyada 828 ABŞ dolları (2,3 faiz), Sloveniyada 1.223 ABŞ dolları (3,6 faiz), Rusiyada isə 161 ABŞ dolları (1,5 faiz) təşkil etmişdir. Eyni dövrdə bu göstəricilər İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) üzv ölkələr üzrə orta hesabla 3.630 ABŞ dolları və 8.8 faiz olmuşdur”.

Ekspert ölkəmizdə ötən ilin müsbət sosial-iqtisadi yekunlarının ciddi sığorta potensialına bir daha dəlalət etdiyini diqqətə çatdırıb: ”2019-cu ildə ölkə iqtisadiyyatı 2,2 faiz, o cümlədən qeyri-neft sektoru 3,5 faiz artmış, qeyri-neft sektoruna 1,9 faiz çox investisiya yatırılmış, eləcə də əhalinin nominal gəlirlərindəki 7,4 faizlik artım inflyasiyanı təqribən 3 dəfə üstələmiş, əhalinin banklardakı əmanəti 3,1 faiz, kredit qoyuluşları isə 17,5 faiz çoxalmış, genişmiqyaslı işlər sayəsində kölgə iqtisadiyyatının aşağı salınmasında ciddi uğurlar qazanılmışdır. Bu kontekstdə ötən il ərzində toplanmış sığorta haqları əhalinin gəlirlərinin cəmi 1,2 faizini, fiziki şəxslərdən toplanmış haqlar isə bu gəlirlərin təqribən 0,24 faizini təşkil etmişdir. Əhalinin gəlirlərinə nisbətdə sığorta haqlarının həcmində hər 0,1 faiz bənd artım təqribən 57 mln. manat yaxud ÜDM-ə nisbətdə hər 0,1 faiz bənd artım təqribən 80 mln. manat əlavə sığorta haqlarının toplanması anlamına gəlməklə yanaşı, ciddi rəqəmlərə ifadə olunan risklərin də sığorta təminatını formalaşdırmış olardı”.

Y.Müslümov növbəti inkişaf mərhələsinin real hədəfləri baxımından sığorta bazarının mövcud vəziyyətinin qiymətləndirilməsi, əsas xüsusiyyətləri və problemlərinin, eləcə də inkişaf drayverlərinin aşkarlanaraq ortaya qoyulmasının vacibliyini bildirib: “Sığorta bazarının fəaliyyətinin məcburi şərtləri olan tələb (sığorta xidmətlərinə ehtiyaclar) və təklifi (ehtiyacları qarşılayan xidmətlər və imkanlar) formalaşdıran komponentlər üzrə çoxtərəfli obyektiv təhlil və araşdırmaların aparılması zəruridir. Məhz bu əsasda bazarın uzunmüddətli inkişaf amilləri müəyyənləşdirilməli, sığorta infrastrukturunun təkmilləşdirilməsi üçün zəruri platforma yaradılmalıdlr. Həmçinin, sığortanın ayrı-ayrı növləri, o cümlədən daşınmaz əmlakla, təsərrüfat fəaliyyətindən törənən məsuliyyətlə bağlı sığorta potensialının reallaşdırılması üçün effektiv tədbirlər planı hazırlanmalı və ciddi nəzarət mexanizmləri əsasında icra edilməlidir.”

Bu yöndə görüləcək işlərin təfərrüatlarından danışan ekspert prioritet vəzifələrdən biri kimi əhalinin sığorta şirkətlərinə inam səviyyəsinin yüksəldilməsi olduğunu deyib: ”Sığortaçıların xidmətlərinin keyfiyyət göstəriciləri, sığorta ödənişlərinin verilməsi vəziyyəti (2019-cu ildə sığortaçıların baş vermiş sığorta hadisələrinə görə həyata keçirdiyi ödənişlər toplanmış sığorta haqlarının 44,3 faizinə bərabər olmuşdur), cəmiyyətin məlumatlılığı, maarifləndirmə işləri araşdırılaraq əhalinin inam səviyyəsinə təsirləri dəyərləndirilməlidir. Keyfiyyət göstəricilərinin qiymətləndirilməsi həm son nəticəni xarakterizə edən meyarlara (etibarlılıq, əlçatanlıq, müştərinin ehtiyaclarını anlamaq və s.), həm də xidmət göstərilməsi prosesini səciyyələndirən meyarlara (sorğuların cavablandırılması, səriştəlilik, davranış qaydaları, kommunikasiya və s.) söykənməli və bu minvalla keyfiyyətin yüksəldilməsi imkanları aşkar edilməlidir. Sığorta şirkətlərinin satış kanallarının adekvatlığı və çoxşaxəliliyi, təklif etdiyi sığorta məhsulları paketi, cəlb etdiyi resurslar, o cümlədən bilik və bacarıqların vəziyyəti, öhdəlik götürəcəyi risklərin yol verilən həcmi və ortaya qoyduğu anderaytinq prosesi, təkrarsığorta konsepsiyası və s. məsələlərin də diaqnostikası aparılmalıdır.

Digər mühüm istiqamət isə müəyyən mənada xidmətlərin fəlsəfəsini təşkil edən marketinq siyasətinin köklü şəkildə yenilənmək imkanlarının araşdırılması ilə bağlıdır. Geniş spektrli iqtisadi, siyasi, elmi-texniki və sosial amillərin təsirləri nəticəsində dinamik inkişaf edən bazar konyunkturasındakı dəyişikliklərə uyğun olaraq marketinq siyasətində, onun hədəflədiyi strateji və taktiki vəzifələrin həllində çeviklik təmin edilməlidir. Bu şəraitdə marketinq sığortaçıların fəaliyyətinin uzunmüddətli və operativ planlaşdırılması üçün fundamental zəminə, marketinqin idarə edilməsi isə bütövlükdə sığorta şirkətinin idarəetmə sisteminin vacib elementinə çevrilməlidir.

Sığorta işinin sürətli və səmərəli şəkildə irəli aparılmasının ən vacib amillərindən biri də müxtəlif kommunikasiya kanalları vasitəsilə güclü və çoxşaxəli təbliğat işləri hesabına əhalinin, biznesin real nəticələrə köklənən maarifləndirilməsini təmin etmək, sığortanı sözün əsl mənasında populyarlaşdırmaqdır. Nəzərə alınmalıdır ki, ətraf mühitin insana, bütövlükdə cəmiyyətə doğurduğu təhlükənin səviyyəsini qiymətləndirmək konkret fərdin bu təhlükənin ciddiliyini, ehtimal olunan mənəvi və maddi zərəri və onu aradan qaldırmaq yollarını sezmək bacarığından asılıdır. Bu baxımdan insanlar adekvat müdafiə tədbirlərinin səfərbər edilməsinə motivasiyalı olmalı, öz büdcələrini səmərəli idarə etməyə və risklərə qarşı maliyyə təminatı haqqında düşünməyə sövq edilməlidir. Risklərin idarə olunmasında şəxsi məsulliyyət prinsipinin əsas götürülməsi, bununla da dəyə biləcək zərərlərə görə təminatın məhz əhalinin, biznesin öz vəsaitləri hesabına formalaşmalı olması cəmiyyətdə ümumən qəbul edilən oturuşmuş praktikaya çevrilməlidir. Eyni zamanda, risklərdən müdafiənin ən real və səmərəli formasının məhz sığorta institutu olması fikri də hər kəs tərəfindən alternativsiz variant kimi qəbul edilməlidir. Potensial sığortalı tərəfindən qərar qəbul edilməsi prosesinin hər bir mərhələsinin (zərurətin sezilməsi, imkanların öyrənilməsi, alternativlərin təhlili, qərar qəbul edilməsi, sığorta mənafelərinin təmin edilməsinin qiymətləndirilməsi və sonrakı davranış) ayrıca nəzərə alınması təbliğat işlərinin səmərəli təşkilinə töhfə vermiş olardı. Əlavə olaraq, bu yöndə İcbari Sığorta Bürosunun fəalilyyətinin daha da gücləndirilməsi, Büroda formalaşmış maliyyə ehtiyatlarının müəyyən hissəsinin istifadəsi imkanları araşdırılmalıdır”.

Sonda Y.Müslümov qeyd edilənlərin sığorta bazarının əhəmiyyətli inkişafına xidmət edəcəyini vurğulayıb: “İslahatların səmərəli reallaşdırılması sığortanın üç əsas funksiyası baxımından ciddi uğurlara yol açar:

1) zərərlərin əvəzinin ödənilməsi və vətəndaşların şəxsi maddi təminatı;

2) ölkə iqtisadiyyatına zəruri investisiya mənbəyinin formalaşması;

3) sığorta hadisələrinin qarşısının alınması və zərərlərin həcminin minimuma endirilməsi üçün preventiv tədbirlər.

Bütün bunlar isə öz növbəsində sığorta institutunun iqtisadiyyatın real inkişaf lokomotivinə və sabitlik amilinə çevrilməsini, dünya sığorta sisteminə daha sıx inteqrasiyasını təmin edər”.

Bütün xəbərlər Facebook səhifəmizdə