"Hər bir xalq öz dilini bilməli və sevməlidir" - AÇIQLAMA

Bütün dünyada 21 Fevral Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Bunun da kökü 1952-ci ilə gedib çıxır. Belə ki, 1952-ci il 21 fevralda benqallar ana dilinin qadağan olunmasına etiraz edirlər və onlardan 4 nəfəri güllələnərək öldürülür. 1999-cu ildə Banqladeşin səfiri UNESCO-da məsələ qaldırıb ki, onların xatrəsi əbədiləşdirilsin. Bunu SİA-ya açıqlamasında filologiya elmləri doktoru, professor Möhsün Nağısoylu deyib.

O bildirib ki, 2000-ci ildən başlayaraq artıq 20 ildir ki, dünyada 21 fevral Beynəlxalq Ana Dili günü kimi qeyd olunur. “Dil xalqın varlığı, kimliyi, ən böyük milli-mənəvi sərvətidir. Hər bir xalq dünyada dili və dini ilə tanınır. Bizim dilimiz zənginliyinə, ahəngdarlığına, cazibədarlığına, şirinliyinə və axıcılığına görə, dünyanın seçilən dillərindən biridir. Hər bir kəs bilməlidir ki, onun dili ən böyük milli-mənəvi sərvətlərindən biridir və ona qayğı ilə, diqqətlə yanaşmalıdır. Bildiyiniz kimi Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinə böyük dəyər verib və deyib ki, xalqı xalq edən, milləti millət edən onun ana dilidir. Eləcə də, onun layiqli varisi, ölkə Prezidenti İlham Əliyev dəfələrlə deyib ki, bizi əsrlər boyu bir xalq kimi yaşadan bizim dilimiz olub”.

M.Nağısoylu qeyd edib ki, həm Ulu Öndər, həm də Prezident İlham Əliyev Azərbaycan dilinin inkişafı ilə əlaqədar çox sayda sərəcəmlar verib. “Onlardan biri 30 sentyabr 2002-ci il fərmanla təsdiq olunmuş Azərbaycan Respublikasının Dövlət Dili haqqında qanunudur. Həmin Qanun bizim dilimizin tətbiqi, inkişafı ilə bağlı geniş meydanlar açır. Lakin təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, son dövrlərdə dilimizin saflığını qorumayanlar, ədəbi dilin normasını pozanlar var. Xüsusilə də reklamlarda, elanlarda, saytlarda. 2018-ci ildə ölkə Prezidenti xüsusi bir fərman imzalayıb. Ana dilinin saflığının qorunmasında dövlət dilinin daha da təkmilləşdirilməsilə bağlı tədbirlər haqqında ayrıca bir monitorinq mərkəzi yaradılacaq ki, bütün bu nöqsanlar aradan qaldırılsın. Bütün dünyada hazırda 200-ə yaxın dövlət var. Danışılan dillər isə cəmi 70 dildir. Bu o deməkdir ki, dünyada ölən dillər var. Dilin qoruyucusu, daşıyıcısı xalqdır. Buna görə də hər bir xalq öz dilini bilməli, sevməli və bu dildə danışmaqla fəxr etməlidir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə