YAP-ın bələdiyyə seçkilərində təşviqatı davam edir "Xalq üçün"

AĞDAŞ

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Ağdaş rayon şöbəsi rayonun Yuxarı Qəsil və Qulbəndə kəndlərində seçicilərlə görüş keçirib. Görüşlərdə YAP Mərkəzi Seçki Qərargahının Ağdaş rayon şöbəsinin üzvləri İsa Eminov və Fuad Nəbiyev seçicilər qarşısında çıxış edərək, ölkə Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu sosial və iqtisadi islahatlardan söz açıblar. Qeyd edilib ki, Ümummilli Liderimiz Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində, dövlətin idarəetmə sistemi daha da təkmilləşdirilmiş, bununla yanaşı, yerli özünüidarəetmənin səmərəliliyinin artırılması, bələdiyyələrin səlahiyyət və fəaliyyətinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər davam etdirilmişdir. Azərbaycan Respublikasında yerli özünüidarəetmə orqanlarının səmərəli fəaliyyəti üçün dövlət tərəfindən sistemli tədbirlər həyata keçirilmiş, mükəmməl qanunvericilik bazası yaradılmış, bələdiyyə institutu tam formalaşmışdır.

Görüşlərdə çıxış edən Yuxarı Qəsil kənd sakini Mabud Şirinov, Qulbəndə kənd sakinləri Almas Salehova və Kamil Mustafayev bildirdilər ki, Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan ölkəmizdə keçirilən bütün seçkilərdə qələbə qazanıb. 23 dekabrda da YAP tərəfindən irəli sürülmüş namizədlər seçicilər tərəfindən dəstəklənəcək və kənd sakinləri onlara səs verəcəklər.

İSMAYILLI

Dünən YAP İsmayıllı rayon təşkilatının qərargahında 23 dekabrda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və ölkəmizin yüksək inkişafına hesablanmış uğurlu sosial-iqtisadi siyasət bu gün məhz Yeni Azərcaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Dövlət başçısının müəyyən etdiyi islahatlar kursunun həm miqyası, həm də keyfiyyət baxımından davamlı olması iqtisadiyyatın hər bir strukturunda müşayiət edilməklə yanaşı, ən yeni idarəetmə texnologiyalarının tədbiqi ilə çox böyük nailiyyətlərin əldə olunmnasını şərtləndirib. Daha sonra rayon təşkilatı sədri xalqın sosial-ictimai həyatında bələdiyyələrin rolundan danışıb. O, 23 dekabr 2019-cu ildə keçiriləcək bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının İsmayıllı rayon təşkilatının qarşısında duran vəzifələri açıqlayıb. Yerli özünüidarəetmə orqanı olan bələdiyyələrin keçdiyi inkişaf yolu, yarandığı 20 il ərzində, ölkənin sosial-iqtisadi və ictimai-mədəni həyatındakı rolu barədə ətraflı danışıb. Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində YAP rayon təşkilatının da layiqli namizədlərlə iştirak edəcəyi bildirilib.

Görüşdə çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Pərviz Ağayev, Vidadi Zərbiyev, Zamin Alahverdiyeva, Gülnar Mustafayeva, Minazər İsgəndərova və başqaları bildiriblər ki, məqsədləri bələdiyyələrin ərazisində əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin daha da yüksəltmək, yerli əhəmiyyətli problemlərin həllinə dəstək olmaq, ölkəmizdə həyata keçirilən islahatların regionlarda uğur qazanmasına töhfə verməkdir.

Tədbirin sonunda YAP İsmayıllı rayon təşkilatı təbliğat qrupunun üzvləri çıxış edərək, İsmayıllı bələdiyyəsi üzrə namizədlərə 23 dekabr bələdiyyə seçkilərində fəal iştirak etməyə, ölkəmizin hərtərəfli inkişafının davamlı olması naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırdılar.

ZAQATALA

23 dekabr tarixində keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Zaqatala rayon təşkilatı təbliğat-təşviqat kamaniyasını uğurla davam etdirir. Görüşlərdə 500-ə yaxın seçici iştirak edib.

Görüşlərdə çıxış edən YAP Zaqatala təşkilatının sədri Habil Qurbanov bələdiyyə seçkiləri ilə bağlı geniş məlumat verib. Yeni Azərbaycan Partiyasının növbəti bələdiyyə seçkilərinə "Xalq üçün" devizi altında çox ciddi proqramla getdiyini vurğulayan H.Qurbanov görüş iştirakçılarını ötən beş il ərzində, görülmüş işlərlə tanış edib. O, seçiciləri bələdiyyə seçkilərində fəallıq göstərməyə və YAP-ın namizədlərinə səs verməyə çağırıb.

YAP Mərkəzi Seçki Qərargahı Zaqatala rayon şöbəsinin üzvləri Namidə Süleymanova və Gülnigar Məmmədova çıxışlarında qeyd ediblər ki, YAP-ın Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində, ölkəmizdə yerli özünüidarə orqanları olan bələdiyyələrin fəaliyyətinin genişlənməsi üçün münbit şərait yaranıb. Ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə son 16 ildə gələcəyə hesablanmış əhatəli dövlət proqramlarının, genişmiqyaslı sosial və infrastruktur layihələrinin həyata keçirilməsi ölkəmizin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoymuş, demokratik proseslərə güclü təkan vermiş, Onun beynəlxalq aləmdə nüfuzunu gücləndirmişdir. Bildirilib ki, artıq 20 ildir ki, fəaliyyət göstərir, Azərbaycanda aparılan köklü islahatlar və yaşanan dinamik tərəqqi dövründə özünün inkişaf yolunu keçir, vətəndaşların maraq və mənafeləri naminə yerli əhəmiyyətli məsələlərin həllində iştirak edir, onların etibarını qazanmağa, cəmiyyətimizdə özünəməxsus yer tutmağa səy göstərir, fəallıqlarını artırır, öz səlahiyyətləri çərçivəsində konkret işlər görürlər.

Sonda çıxış edən seçicilər Yeni Azərbaycan Partiysının layiqli namizədlərinə səs verəcəklərini bildiriblər.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə