Rüstəm Məmmədov: "Azərbaycan və Ermənistan arasında konflikt qalxarsa, Ermənistanda hakimiyyət məsələsi gündəmə gələcək"-MÜSAHİBƏ

Siyasi icmalçı Rüstəm Məmmədovun SİA-ya müsahibəsi:

- Ölkəmizdə aparılan korrupsiya ilə mübarizə prosesi haqqında nə deyə bilərsiniz?


- Biz korrupsiyaya qarşı mübarizəyə bir qədər əvvəl başladıq. Lakin dünyada gedən iqtisadi böhran bu mübarizəni müvəffəqiyyətlə davam etdirməyə maneçilik törətdi. Ölkə daxilində iqtisadi problemlər meydana çıxdı ki, onları həll etmək üçün koordinal formada addımlar atmaq çətinləşdi. Lakin Azərbaycan bu illər ərzində mütəmadi şəkildə korrupsiyaya qarşı mübarizə aparıb. Əgər siz daim təyyarə ilə uçur, gömrükdən istifadə edirsizsə, 10 il bundan qabaqkı vəziyyətlə indiki vəziyyət arasında fərqi biləcəksiniz. Lakin bu gün məsələ tam ciddiliklə həyata keçirilir və ölkəmizdə korrupsiyaya birdəfəlik yekun vurmaq istəyirlər. Bu çox məntiqli anlayışdır və bu məntiqli anlayışın arxasında cəmiyyətin saflaşdırılması dayanır. Əgər bu gün kimsə yol hərəkəti qaydasını pozursa, o cərimələnməlidir. Lakin həmin cərimə kiminsə cibinə deyil, dövlətin büdcəsinə getməlidir. Hesab edirəm ki, prezident İlham Əliyev tamamilə adekvat və vaxtında qərar verib. Bu gün mübarizə çox ciddi şəkildə aparılır.

Bəzən korrupsiyanı təkcə rüşvət almaq və ya verməklə əlaqələndirirlər. Amma korrupsiya tək buna aid deyil. Vəzifədən sui-istifadə etmə, öz mövqeyindən istifadə edərək kiməsə çətinlik yaratmanın özü də korrupsiyadır. Azərbaycan xalqı ədalətə çox meylli xalqdır. Lakin kimlərsə tərəfindən bu məntiq pozulub. Amma hazırda ölkədə aparılan korrupsiyaya qarşı mübarizə həmin məntiqsizliyi aradan qaldıracaq.


- Mart ayında Soçidə keçirilən Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşü digər görüşlərdən nə ilə fərqlənəcək?


- Dövlət başçısı İlham Əliyev çox ciddi sürətdə Dağlıq Qarabağ məsələsinə münasibətini bildirib. Faktiki olaraq danışıqların səmərəsiz olduğunu nəzərə alaraq, danışıqların bitdiyi barədə bir növ mövqe söyləyərək, səmərəsiz danışıqların aparılmasına ehtiyac duyulmadığını bildirib. Bunu artıq ATƏT- in Minsk Qrupu, dünyanın aparıcı dövlətləri duydu və başa düşdülər ki, Azərbaycan öz mövqeyini dəqiqləşdirib. Yəni indiyə qədər Dağlıq Qarabağ məsələsi ilə bağlı danışıqlara üstünlük verən Azərbaycan çox güman ki, başqa variantlara əl atmağa çalışır. Təbii ki, belə bir məsələ bir çoxlarının qorxduğu fikir idi. Azərbaycan prezidentinin indiyə qədər səsləndirdiyi bəyanatların içərisində ən sərt bəyanat bu idi və bu bəyanatın mənası da başa düşüləndir. Azərbaycan sadəcə olaraq əlacsızlıqdan güc variantını seçmək məcburiyyətində qalır. Mənə elə gəlir ki, ATƏT-in Minsk qrupu regiona son səfəri zamanı danışıqların dinc yolla davam etdirilməsini məsləhət bilib və dünyanın aparıcı ölkələri prezidentimiz ilə birbaşa əlaqə saxlayaraq bu danışıqlarda nəinsə əldə olunacağı ehtimalını gündəmə gətiriblər.

Azərbaycan hər zaman dünya mövqeyinə, dünya dövlətlərinin məsləhət bildiyi yola hörmətlə yanaşır. Bu hörmət isə beynəlxalq hüquqa hörmətdən irəli gəlir. Azərbaycan öz mövqeyini bildirərkən beynəlxalq hüququ hər şeydən üstün tutur. Bu bəyanatlarla beynəlxalq hüququn işləmək qabiliyyətinin zəif olduğu nəzərdə tutulub. Lakin Azərbaycan güc tətbiq etmək məsələsində də beynəlxalq hüquq normalarına üstünlük verir. Hətta bu məsələdə biz beynəlxalq hüquq çərçivəsindən bir santimetr də olsa kənara çıxmamışıq. Dövlət başçımızın müdrikliyi və Azərbaycan xalqıın təmkinliyi beynəlxalq aləm üçün çox önəmlidir. Onlar bunu başa düşürlər. Onları inandıra bildik ki, Azərbaycan başqa yola əl ata bilər və bunun üçün məqam da yetişib. Madam ki, Ermənistan bu danışıqlarda qeyri-konstruktiv mövqe tutur və danışıqların real güc tətbiq etmədən həllinin qeyri-mümkünlüyünü sübut edirsə, bizim əlimizdə başqa vasitə qalmayıb. Xüsusilə də ATƏT-in Minsk qrupu regiona son səfəri zamanı Ermənistan tərəfini bu məsələ ilə bağlı çox ciddi tənqid etdilər. Onları yenidən danışıqlara cəhd etməyə çalışdılar.

Mənə elə gəlir ki, 2011-ci il dünyanın səksəkəli yaşadığı bir dövrdə bu məsələ ilə bağlı çox ciddi qərarlar qəbul edilməlidir. Xüsusilə də ATƏT-in Minsk qrupuna aiddir. Onlar çox yaxşı başa düşür ki, dünya çox qeyri-adekvat formada inkişaf edib. Belə olan halda hər bir konflikt, hərbi münaqişənin müharibə yoluna gəlib çıxması heç də arzu olunan deyil. Bunun qarşısını almaq üçün məsələyə yenidən yanaşılmalı, hadisə məntiqli nəticələrlə yekunlaşmalıdır. Bu maksimum dərəcədə və tez olmalıdır. Bu istiqamətdə işlər gedir. Mənə elə gəlir ki, mart görüşü də bu elə bu məsələlərin həllinə yönələcək.


- ABŞ dövlət katibin müavinlərinin bölgəyə səfəri haqqında nə deyə bilərsiniz?


- Bu gün dünyanı düşündürən məsələlər ilk növbədə Amerika siyasətini çox düşündürür. Bilirsiniz ki, bu gün təlatümlü dünya daha çox ərəb dünyası il bağlıdır. Ərəb dünyasında gedən proseslərin adekvat formada digər regionlar keçməsinin qarşısının almaq niyyətində olan Amerika siyasətçiləri bu günlərdə çox çalışırlar. Onlar başa düşürlər ki, ərəb dünyasında proseslər xaotik gedir və bu proseslər hardasa dayanmalıdır. Amerika siyasətçilərinin fikrincə, bu proseslər Balkan, Cənubi Qafqaza qədər olmalıdır. Bu daha çox geridə qalmış xalqlar üçün xarakterik olan prosesdir. Bu gün hansı ərəb dövləti qabaqcıl dövlətdir? Ancaq Cənubi Qafqazda məntiq, sivilizasiya daha qabaqcıldır. Bu günləri o prosesləri sözügedən regionlara buraxmaq olmaz.

ABŞ dövlət katibinin müavinin bölgəyə səfəri bu məqsədi daşıyır. Mənə elə gəlir ki, ABŞ dövlətinin baş katibinin müavinin səfəri zamanı ilk növbədə bu prosesin qarşısını ala biləcək təmayüllərə üstünlük verməyə çalışılacaq. Ona görə də bu mənada ən stabil dövlət olan Azərbaycanı seçib. Azərbaycanda bu proseslərin baş verməsini gözləməyə dəyməz və olma ehtimalı da yoxdur. Lakin Azərbaycanın özünə də müəyyən qədər təsir edə biləcək təmayüllər İran , ərəb ölkələri vasitəsilə gəlir. Bunun qarşısını almaq lazımdır. Bu səfərin ilk mənası budur. Amma səfərin digər səbəbindən biri bu məsələyə rəvac verə biləcək Azərbaycan Ermənistan arasında münaqişəsinin yeni mərhələsinin başlanması təhlükəsidir. Əgər bu məqamda münaqişə hərbi formaya keçərsə, o zaman ərəb dalğasının bu regiona sirayət etməsi güclənə bilər. Bu, daha çox Ermənistan üçün təhlükəlidir. Ermənistanda gedən proselər o qədər qəlizdir və çətindir ki, Sarkisyan rejiminə qarşı mütəmadi olaraq keçirilən aksiyalar böyüyüb ümumxalq proseslərə çevrilə bilər. Elə buna görə də ABŞ rəsmisinin bölgəyə səfərinin əsas mənası Ermənistan Azərbaycan arasında olan Dağlıq Qarabağ münaqişəsini yekunlaşdırmaqdan ibarətdir.


- Bəzən fikirlər səslənir ki, ərəb ölkələrində baş verən hadisələr ABŞ tərəfindən stimullaşdırılır. Əgər belədirsə, onda bu məsələdə ABŞ-ın ikili siyasət yeritdiyi ortaya çıxmırmı?

- Ərəb ölkələrində baş verən hadisələrin ABŞ tərəfindən stimullaşdırılması fikri tamamilə məntiqsizdir. Bu, ABŞ tərəfindən stimullaşdırılmır. Lakin nəyəsə görə müəyyən proseslər ABŞ tərəfindən dəstəklənir. Bu proses xaotik başlayır. Ərəb dünyasında hər hansı bir ölkədə nəsə baş verirsə, mütləq digər ölkələrə də keçir. 1953-54 ci illərdə Misirdə inqilab baş verdi. İnqilabdan sonra demokratikləşməyə keçən yol digər ölkələrə də keçdi. O zaman bəzi ərəb ölkələri monarxiyada qalsa da, əksər ərəb ölkələri Respublika idarəçilik üsuluna gəlib çıxdılar. Bu gün də ərəb dünyasında baş verən iflas məhz yenə də Misirdə başladı və digər dövlətlərə keçdi. ABŞ əksinə olaraq bu hadisələrin digər regionlara sirayət etməsini istəmir. Ona görə də bölgəyə səfər edib. Əgər Azərbaycan Ermənistan arasında hərbi konflikt qalxarsa, mütləq düşmən ölkəyə də sirayət edəcək. Orada hakimiyyət məsələsi gündəmə gələcək, qarşıdurma çoxalacaq.


- ABŞ Ermənistana hərbi yardımlarını azaldıb, ölkəmizə isə hərbi yardımlarını çoxaldıb. ABŞ bununla nə demək istəyir?


- ABŞ Azərbaycana olan hərbi yardımlarını çoxaltmaqla Azərbaycandakı siyasi rejimi, siyasi və demokratikləşmə proseslərini dəstəklədiyini bildirmək istəyir. Düzdür, iqtisadi böhran Azərbaycana da gəlib sirayət edib, amma buna baxmayaraq ölkəmizdə stabil siyasi şərait var. Bu şərait insanların qarşısında duran çətinlikləri aradan qaldırmaq üçün şans yaradır. Lakin Ermənistanda vəziyyət qeyri-sabitdir.


- Əgər ABŞ Azərbaycanı dəstəkləyirsə, bəs nəyə görə ölkəmizi terror təhlükəsi ölkələr siyahısına salıb?


- Azərbaycanda terror təhlükəsi olduğunu söyləmək düzgün deyil. İlk növbədə araşdırmaq lazımdır ki, bu təhlükə haradan yaranır? Bu siyasi rejimin problemi deyil. Bu problem Azərbaycana nüfuz edən kənar qüvvələrin fəaliyyətindən yarana bilər. Bu gün Azərbaycan üçün də sirr deyil ki, o müəyyən geopolitik təsir zonasıdır . 7 geopolitik, geosiyasi regionun təsir zonası bu gün ölkəmizdə özünü göstərir. Biz bunun qarşını ala bilmirik, ona görə ki, onun qarşısını almaq qeyri-mümkündür. Azərbaycanda ABŞ-ın, İranın, Türkiyənin, Səudiyyə Ərəbistanın, Rusiyanın, Yaponiyanın geopolitik təsirləri özünü göstərir. Bunların təsir gücündə müvafiq kriminal elementlər də gəlib çıxa bilir. Ona görə də ABŞ Azərbaycanda terror təhlükəsinin çoxaldığını deyirsə, demək burada başqa əlamətlər meydana çıxa bilir. Bu terroru kimsə yarada bilir. Əlbəttə ki, bunu Azərbaycan xalqı yaratmır. Azərbaycan terrorla mübarizə modeli ölkəmizdə dərk olunan, qarşısı alınandır və hər zaman ölkəmiz bunda da öz stabilliyini bildirir.


- İranın Azərbaycana qarşı çevrilməsi üçün hansısa amillər varmı?


- İranın Azərbaycana qarşı çevrilməsi üçün heç bir amil yoxdur. İran siyasətçiləri özləri bədahətən çox şübhəlidirlər. Onlar düşünürlər ki, əgər Azərbaycanda xarici neft şirkətləri varsa, deməli İrana təhlükə yaradır. Bu məntiqsizdir. Bu gün Azərbaycan dünya iqtisadi və siyasi modelində var və bu iş çoxsaylı xaricilərin Azərbaycana gəliş və gedişini təmin edir. Buna qadağa edə bilmərik. Çünki biz azad ölkə, azad xalqıq. Bununla bağlı İran özü özündən şübhəlidir və iki ölkə arasında münasibətlərin hazırki vəziyyətə gəlməsində günahı İrana bağlamaq lazımdır. Ona görə ki, İran Azərbaycanın səmimi dediyi sözləri bir qayda olaraq qeyri - səmimi başa düşür. Onlar başa düşmürlər ki, biz azad ölkəyik və öz iqtisadi münasibətlərimizi kiminlə istəsək qura bilərik. Azərbaycan özünün siyasi modelini seçərkən sivil dünyaya üstünlük verir. Biz bunu indi deyil, 1918-ci ildə seçmişik və bu yolla gedirik. O ki, qaldı İranın dinin məsələyə müdaxiləsinə Azərbaycanda dinə böyük hörmət var. Amma din hər kəsin evində, qəlbindədir.


- İran bir yandan ATƏT-in Minsk qrupuna daxil olub Dağlıq Qarabağ probleminin həllinə dəstək vermək istəyir, digər tərəfdən isə düşmən ölkəmizlə iqtisadi əlaqələr qurur bunun necə şərh edə bilərsiniz?


- Bu İranın bugünki siyasəti deyil. Bu siyasət İranın əsrlərdən olan bir siyasətidir və o hər zaman ikibaşlı rol oynayıb. Onun həyata keçirdiyi ikili siyasət hər zaman acınacaqlı nəticə ilə yekunlaşıb. Bir xətli siyasət hər zaman udur, lakin ikibaşlı siyasət uda bilməz. Onlar bununla heç nə əldə edə bilməyəcəklər. Azərbaycan müstəqil, dünyəvi, demokratik dövlətdir. İstədiyi dövlətlə istədiyi formatda münasibət qura bilər. İranın bizim qarşımızda hər hansı bir şərt qoyması absurd bir məsələdir. Belə məntiqli siyasət qurmaq, həmin ölkələrin siyasətinin olmamasından xəbər verir. Elə dövlət hər zaman uduzur. Azərbaycan vaxtilə bütün ölkələrlə balanslaşdırılmış münasibət qurub. İndi isə daha da möhkəmlənib, müstəqillik əldə edib, iqtisadi vəziyyəti daha da stabilləşib. Ulu öndər tərəfindən qurulan prezident İlham Əliyev tərəfindən davam etdirilən bu siyasət gözə görünməyən bir halda gəldi, keçdi və artıq Azərbaycanın siyasəti düşünülmüş siyasətdir. Bu İrana xoş gəlsə də olacaq, gəlməsə də.

Bütün xəbərlər Facebook səhifəmizdə