Ombudsman və AMEA-nın Tarix İnstitutu tərəfindən 1918-ci il - Azərbaycanlıların Soyqırımının 100-cü ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili və Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun birgə təşkilatçılığı ilə 1918-ci il - Azərbaycanlıların Soyqırımının 100-cü ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.

İlk öncə, 31 Mart Soyqırımı qurbanlarının, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyu uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Konfransı Ombudsman Elmira Süleymanova giriş sözü ilə çıxış edərək, xalqımızın tarixinə yazılmış ən qanlı hadisələrdən, insanlıq əleyhinə dəhşətli cinayətlərdən olan, erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı törədilmiş 1918-ci ilin soyqırımı haqqında ətraflı məlumat verib. O, erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, müvafiq tədbirlər planının təsdiq edildiyini və bu istiqamətdə mühüm işlər həyata keçirildiyini, silsilə konfransların və tədbirlərin təşkil olunduğunu vurğulayıb.

Ombudsman insan hüquqları amilinə diqqəti yönəldərək bildirib ki, 1918-ci ilin mart-aprel aylarında törədilən bu kütləvi insan qırğını genosid faktıdır və insanlığa qarşı ən ağır cinayətlərdəndir. Beynəlxalq hüquqa görə, soyqırımı ən ağır beynəlxalq cinayət olmaqla, sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə yönələn təcavüz, insanlıq əleyhinə, müharibə və beynəlxalq terrorizm kimi cinayətlər qrupuna aid edilir. İnsanlıq əleyhinə cinayətin tərkibini təşkil edən və beynəlxalq sənədlərdə göstərilən əməllərdən hər biri 1918-ci ilin mart-aprel hadisələri zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmişdir və hüquqi baxımdan soyqırımı kimi qiymətləndirilməlidir.

E.Süleymanova iştirak etdiyi çoxsaylı beynəlxalq kolnfranslardakı, digər tədbirlərdəki çıxışlarında soyqırımlar barədə ətraflı məlumatlar verdiyini, orada Azərbaycan həqiqətləri ilə bağlı çoxsaylı kitablarını və nəşrlərini iştirakçılara təqdim etdiyini söyləyib. AMEA-nın Tarix İnstitutunun direktoru, akademik, millət vəkili Yaqub Mahmudov bu konfransın keçirilməsi üçün təşəbbüs göstərdiyinə görə Ombudsmana minnətdarlığını bildirib, Müvəkkilin insan hüquqları sahəsində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında səmərəli fəaliyyət göstərdiyini yüksək dəyərləndirib. O, Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı mövzusunda geniş məruzə edib, bu qanlı hadisələrin tarixi, səbəbləri, cərəyan etməsi, bununla əlaqədar olaraq tarixi faktların, zəruri sənədlərin tapılması və ortaya çıxarılması, kitabların dərc edilməsi, habelə, əsrlər boyu ölkəmizə qarşı erməni təcavüzünün məqsədi və tarixi, Çar Rusiyasının Azərbaycanla bağlı köçürmə siyasəti və XIX əsrin əvvəllərindən başlayaraq, tarixi torpaqlarımız olan Qarabağa, Naxçıvana, Zəngəzura, İrəvan quberniyasına və digər bölgələrə minlərlə erməni ailələrinin köçürülməsi, İrəvan xanlığının tarixi barədə ətraflı məlumat verib.

Y.Mahmudov Ümummilli Liderimiz Heydər Əliyevin xalqımızın tarixinə, tarixi həqiqətlərin üzə çıxarılmasına və dünyaya çatdırılmasına hər zaman böyük diqqət yetirdiyini söyləyib.

Milli Məclisin deputatı Elman Nəsirov konfransa görə təşkilatçılara minnətdarlığını bildirib, azərbaycanlılara qarşı ermənilərin tarixən yürütdüyü soyqırımı siyasəti mövzusunda məruzə edib. O, 1918-ci ildə azərbaycanlıların soyqırımının motivləri barədə danışıb, eyni zamanda, Xocalı soyqırımına həm də beynəlxalq terrorizm kimi qiymət verilməsinin vacibliyini bildirib.

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev azərbaycanlılara qarşı soyqırım cinayətləri, Xarici İşlər Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Cavanşir Məmmədov 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü, AMEA-nın Tarix İnstitutunun alimləri Cəbi Bəhramov, Kamran İsmayılov, Natiq Məmmədzadə, İlqar Niftəliyev və Güntəkin Nəcəfli böyük dövlətlərin Bakı nefti uğrunda mübarizəsi və azərbaycanlıların soyqırımı, 1918-1920-ci illərdə Zəngəzur və Naxçıvan bölgəsində, Qarabağda, İrəvan Quberniyasında azərbaycanlıların soyqırımı, habelə, Azərbaycan xalqına qarşı soyqırımı yeni arxiv sənədlərində mövzularında məruzələri diqqətə çatdırıblar.

Konfrans səmərəli müzakirələr şəraitində davam edib, iştirakçılar mövzu ilə bağlı fikir və mülahizələrini bildiriblər

İNAM

Bütün xəbərlər Facebook səhifəmizdə