Musa Quliyev: "Yeni iqtisadi kursun fonunda başlıca prinsiplərdən biri sosial siyasətlə bağlıdır"

"Yeni iqtisadi kursun fonunda başlıca prinsiplərdən biri sosial siyasətlə bağlıdır. Bu, o deməkdir ki, yenə də qəbul və icra olunan hər bir qərarın, həyata keçirilən bütün tədbirlərin əsasında Azərbaycan vətəndaşı dayanır". Bu fikirləri yap.org.az saytına Milli Məclisin Səhiyyət komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, Azərbaycanda sürətli inkişaf təbii olaraq bütün sahələrdə, o cümlədən sosial sferada da özünü ciddi şəkildə göstərir. Və bu, bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Onun sözlərinə görə, Azərbaycanın dövlət büdcəsi də yuxarıda göstərilən prinsiplərə uyğun olaraq formalaşdırılır.

"Sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Yeri gəlmişkən, bir müddət öncə pensiya və əmək haqlarının 10 faiz artırılması bu istiqamətdə həyata keçirilən zəruri tədbir olmaqla yanaşı, vətəndaşların sosial rifahının yaxşılaşmasına xidmət edir. Hazırkı vəziyyətdə atılan bu addımlar ciddi sosial təşəbbüsdür. Bu, ona dəlalət edir ki, hökumət ilk növbədə əhalinin rifah halının yüksəldilməsi üçün addımlar atır. Nəzərinizə çatdırım ki, neft hasil edən və ya mövcud durumdan əziyyət çəkən heç bir ölkədə belə sosialyönümlü addımlar atılmır. Bu fakt bir daha əyani şəkildə təsdiq edir ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır"- deyə, M.Quliyev vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...