Meşələrə münasibət necə olmalıdır? TƏHLİL FOTOLAR

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Azərbaycanda hər il milyonlarla ağac əkilir...

Müxtəlif növ ağacların baş-başa verdiyi yaşıl meşə, bağ-bağat əvəzsiz sağlamlıq mənbəyidir. Əbəs yerə meşəni torpağın "yaşıl ciyəri", təbiətin yaşıl donu adlandırmırlar. Doğrudan da meşə çox böyük sərvətdir. Ağaclar həmişə insanın qoruyucusu, keşikcisi olublar. Sıx ağacların əkildiyi meşə zolağı güclü küləklərin, qasırğaların qarşısını alan etibarlı sədd, örtük rolu oynayır.

Meşə zolağının, ağacların faydası haqqında çoxlu misallar göstərmək olar. Bircə fakt qeyd etmək kifayətdir: bir hektar ardıc meşəsi Paris boyda bir şəhərin havasını mikroblardan təmizləyir!

Ağaca, yaşıllığa, təbiətə olan münasibət insanın özünə olan münasibətdir. Dünyanın bir sıra ölkələrində bu sahədə örnək misallar var. Almaniyada meşələrə mal-qara buraxılmır, maşınla meşəyə girmək qadağandır. Hətta bu ölkədə yol çəkilişi zamanı bir ağac kəsildiyinə görə mühəndisi məhkəməyə veriblər.

Ağac əkmək dünyada yaxşı iz qoymaqdır. Atalar əbəs yerə deməyiblər: "Əkiblər yemişik, əkirik yesinlər." Ulularımızın bu sahədə bir gözəl sözü də var. Deyərlər ki, "meyvəsini yedin, əkənə rəhmət oxu". Amma son illər təbiətin yaraşığı, gözəlliyi olan ağaclara qənim kəsilənlər də tapılır. İllər keçdikcə bağlar qırılır, ağaclar seyrəlir, sıx meşələrin yerində yaşayış binaları, marketlər tikilir. Hələ də meşələrimizdən balta, mişar səsi kəsilmir, illər uzunu min bir zəhmət bahasına əkilib-becərilən ağaclar "uf" demədən kəsilib atılır.

Məlumat üçün qeyd edək ki, dünya üzrə meşə örtüyünün sahəsi 4 milyard hektardır. Bunun 809 milyon hektarı Rusiya Federasiyasının, 478 milyon hektarı Braziliyanın, 310 milyon hektarı Kanadanın və 303 milyon hektarı ABŞ-ın payına düşür. Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalmışdır. XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü olmuşdur. Hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 989,4 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,4%-ni təşkil edir. Bu rəqəm Rusiya Federasiyasında 44%, Latviyada 41%, Gürcüstanda 39% təşkil edir. 1 hektar meşə 200 insanı xilas edir.

Meşənin əsas xüsusiyyətləri bitki örtüyünün altında formalaşan mikroiqlimdir. Meşənin mikroiqlimi ətraf mühitin iqlimindən fərqlidir. Açıq ərazilərdən fərqli olaraq meşədə qış mövsümündə havanın temperaturu 3-5° C yüksək olur. İsti yay günlərində isə əksinə, temperatur bir neçə dərəcə aşağı enir. Meşə ekosistemi özü-özünü tənzim edir. Meşədəki ağaclar, kol, ot bitkiləri ömrünü başa vurduqda onların əvəzində yeni bitkilər inkişaf edir və yaranan boşluqlar bərpa olunur. Toxunulmamış qədim meşələrə Yer kürəsinin yalnız ən ucqar guşələrində təsadüf olunur. Planetdəki meşələrin əksər hissəsi çox zaman insan fəaliyyətinin təsiri altında olduğuna görə sonradan bərpa olunmuş meşə sahələri hesab edilir. Meşə ekosistemini süni şəkildə yaratmaq çox çətindir. Meşənin müxtəlif tərkib hissələri arasında qarşılıqlı əlaqə uzun illər ərzində formalaşır.

Əhali artımı meşələrin azalmasına güclü təsir göstərir, meşələr kənd təsərrüfatının ehtiyacları üçün, ticarət, yanacaq və s. məqsədlə qırılır. Əkinçilik və maldarlıq yaranarkən bütün quru səthinin 56%-i meşə ilə örtülmüşdü. Hazırda isə bu göstərici 30%-ə enmişdir. Meşələrin məhv edilməsi prosesi xüsusilə Avropaya toxunmuşdur. Əgər VII əsrə qədər burada meşələr bütün ərazinin 80%-ni tuturdusa, hazırda bu, cəmi 30% təşkil edir. Rusiyada, ABŞ-da, Kanadada, Hindistanda, Çində, Braziliyada meşələr kütləvi sürətdə qırılmışdır. Bütün bunlar torpağın tullantılarla çirklənməsinə səbəb olan "istixana effekti"nə şərait yaradır. İsti torpağı qızdıraraq atmosferdəki karbon səddini dəf edib, kosmik fəzaya çıxa bilmir, torpağı isitməklə temperaturu qaldırır. Yerin hərarətinin +10 S artması belə dünya kataklizminə gətirib çıxara bilər, qütb buzlaqlarının əriməsi sürətlənər. Mütəxəssislərin hesablamalarına görə, artıq XXI əsrin ortalarında dünya okeanının səviyyəsi 1-5 metr qalxa bilər ki, bu da Yerin bir sıra regionlarının – Maldiv adalarının, Sankt-Peterburqun, Nil deltasının, Azərbaycan hüdudlarında Xəzər dənizinin cənub sahillərinin su altında qalmasına səbəb olar.

Son illər ölkədə Azərbaycan Prezidenti İlham Əliyevin ekoloji tarazlığın qorunmasına göstərdiyi xüsusi diqqətin və daimi qayğının nəticəsində indiki zamanlara qədər görünməmiş miqyasda meşə və yaşıllıq sahələri salınıb. Son 10 ildə 103 min hektar sahədə meşəbərpa işləri aparılıb və yeni meşələr salınıb, 80 milyon ədəd ağac yetişdirilib. Paytaxtda və Azərbaycanın bütün bölgələrində meşə fonduna daxil olmayan torpaqlarda 21 milyondan artıq ağac əkilib, yaşıllıq zolaqları salınıb. O cümlədən Ölkə başçısının tapşırığı əsasında 5 ildə təkcə magistral avtomobil yollarının ətrafında, Bakı və Bakı ətrafındakı arid sahələr və aşağı keyfiyyətli torpaqlarla əhatə olunmuş ərazilərdə, həmin torpaqların təmizlənərək yararlı vəziyyətə gətirilməsindən sonra müasir metodlara əsaslanan irimiqyaslı yaşıllaşdırma layihələri həyata keçirilib, 4 min hektara yaxın ərazidə 4 milyon 711 min ədəd ağac əkilib. Onların suvarılması üçün 10,8 min kilometr uzunluğunda müasir damcılı suvarma sistemi yaradılıb. Respublika Prezidenti cənab İlham Əliyevin xüsusi göstərişi əsasında yaşıllıqların salınmasında həm ekoloji, həm də iqtisadi faydası olan zeytun ağaclarından istifadə olunub və son 5 ildə 2700 hektar ərazidə 1 milyon 240 min ədəd zeytun ağacı əkilib. Bunun hesabına da indi zeytun sahələri tarixən Azərbaycanda mövcud olmuş zeytunla örtülü ərazilərlə müqayisədə 3 dəfədən çox artıb.

"Biz hər il milyonlarla ağac əkirik". Bunu Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "İqlim və enerji təhlükəsizliyi. İstiləşmə hələ də davam edirmi?" mövzusunda keçirilən panel-müzakirədə çıxışı zamanı deyib. Bu da təsadüfi deyil, dövlətimizin başçısı meşələrin qorunması və yeni meşə zolaqlarının salınması məsələsini aidiyyəti qurumlar, ölkə vətəndaşları qarşısında bir mənəvi borc kimi qoyub. Çünki insanların bu işə laqeydliyi ekoloji tarazlığın pozulması ilə nəticələnə bilər. Əfsus ki, bu gün meşələrimizin qorunması işində ayrı-ayrı qurumlar, vətəndaşlar tərəfindən laqeydlik hiss olunur.

Son illər yaşıllaşdırma ilə bağlı görülən işləri də təqdirəlayiq hesab etmək olar. Azərbaycan Respublikası Prezidentinin "Magistral avtomobil yollarının mühafizə zolaqlarının yaşıllaşdırılması haqqında" və "Bakı şəhərinin yaşıllaşdırılması sahəsində əlavə tədbirlər haqqında" sərəncamları bu istiqamətdə görülən işlərin sürətlənməsinə zəmin yaratmışdır. Nəticələr sevindiricidir. Belə ki, yolların estetik görünüşünün yaxşılaşdırılması və mühafizə zolaqlarının erroziyadan mühafizəsi məqsədilə Ələt-Hacıqabul istiqamətində magistral yolun hər iki tərəfində, Bakını Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ilə birləşdirən yollarda, Zığ gölü və Heydər Əliyev adına Beynəlxalq Hava Limanı yolu boyunca gözəl yaşıllıqların salınması hələ də davam edir. Bakı-Şamaxı yolunun üstündə salınmış meşəliklər də bu istiqamətdə görülən işlərin nəticəsidir. Azərbaycan əhalisi bu təşəbbüsə böyük ruh yüksəkliyi ilə qoşulmuşdur, indi şəhər və rayonlarımızda yaşıllaşdırma işində böyük canlanma var.

Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə edilməsi ölkədə aparılan sosial-iqtisadi islahatların tərkib hissəsidir.

Azərbaycan Respublikasında yürüdülən ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi ilə davamlı inkişafın təmin edilməsindən ibarətdir.

Ölkənin ekoloji strategiyası, ətraf mühitin qorunması sahəsində fəaliyyətin koordinasiyasının gücləndirilməsi yolu ilə milli, beynəlxalq və regional səviyyələrdə təbii ehtiyatların mühafizəsi, elmə əsaslanan inkişaf prinsiplərinin tətbiqi, indiki və gələcək nəsillərin maraqlarını təmin edən iqtisadi və insan resurslarının istifadəsində davamlılığın təminatına yönəlib.

Azərbaycan hələ 2003-cü ildə davamlı inkişaf üzrə Milli proqram qəbul edib. Minilliyin İnkişaf Məqsədlərindən biri olan ətraf mühitin davamlılığını təmin etmək üzrə fəaliyyət planına əsasən davamlı inkişaf prinsipləri dövlət siyasəti və proqramlarına daxil edilərək təhlükəsiz içməli su və sanitariya xidmətləri ilə təmin olunmayan insanların sayını azaltmaq prioritet kimi qəbul edilib.

Son illər Azərbaycanda ətraf mühitlə bağlı qəbul olunmuş dövlət proqramlarının icrasına diqqətin artırılması, mövcud ekoloji problemlərin daha səmərəli həll edilməsi məqsədilə müvafiq sərəncamların imzalanması bu sahənin ölkədə prioritet olduğunu göstərir.

Azərbaycanın ümumilikdə 2020-ci ilə kimi prioritet istiqamətlərini müəyyən edən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsasən, ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olmaq, qlobal ekoloji problemlərin milli səviyyədə həlli yollarının müəyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi dövlətin ekoloji siyasətinin əsas istiqamətləri kimi götürülüb.

Bəlkə də hər birimiz ekoloji marifləndirmə ilə məşğul olmaqdan, ağac əkib, onu sulamaqdan çəkinirik. Fikirləşirik ki, insanlar əməllərimizə lazımi qiymət verməz, bizi "bu dünyanın adamı" kimi qəbul etməzlər. Beləcə özümüzdə qəribə stereotip yaratmışıq. Cəmiyyətimizdə formalaşdırdığımız bu səhv fikirlər bizi hələ də yaşıllıqların salınması, ağacların qorunması kimi işlərdə fəal olmağa imkan vermir. Etiraf edək ki, hələ əlinə bel götürən və ağac əkən naziri görməyə də cəmiyyətimiz tam alışmayıb. Bu addımı kimsə sadəlik, kimsə vəzifə borcu, kimsə də yalnız təbliğat kimi qiymətləndirə bilər. Amma Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən təşkil edilən iməciliklərə nazirin şəxsən rəhbərlik edərək ağac əkməsi bu stereotiplərin dağıdılmasının vaxtı gəldiyini cəmiyyətə çatdıran ən yaxşı mesaj, ən yaxşı nümunədir.

Bir çoxları artıq dərk etməlidirlər ki, biz insanlar meşələrimizi qorumaq istəməsək də, meşələr bizi ətraf mühitin "zəhər"lərindən qoruyur. Canlı "oksigen" mənbəyi hesab edilə bilən meşələrin 1 hektarı 1 saat ərzində 200 adamın oksigenlə zəngin hava ilə nəfəs almasına imkan verir. Hesablamalara görə, meşələrin hər hektarı il ərzində 10-20 ton karbon qazını udaraq əvəzində oksigen ixrac edir. 1 hektar meşə sahəsi 1 saatda 8 kq karbon qazını udur. Bu isə 1 saatda 200 nəfərin nəfəsi ilə havaya buraxılan karbon qazının həcminə bərabərdir.

Meşələrin yaşamağımız üçün verdiyi "xidmətlər"in statistikasını xeyli uzatmaq da olar. Onların sayını çoxaltmaq üçün aparılan işlərə gəlincə, son 15 ildə Azərbaycanda meşə əkinləri və meşə bərpası tədbirləri 2- 2,5 dəfə artırılıb. Bunun hesabına meşə sahəsinin 0,4 faiz çoxaldılmasına nail olunub. Ancaq normal olaraq, respublikanın ən azı 22-25 faizi meşə ilə örtülü olmalıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən meşəbərpa və meşə ilə örtülü ərazilərin artırılması sahəsində 2015-ci ildə 10141 ha sahədə meşəbərpa tədbirləri, o cümlədən 2 636 ha sahədə meşə əkini və səpini aparılıb, 4 310,4 min ədəd ağac əkilib. 2015-ci ildə qeyri-meşə fondu torpaqlarında, o cümlədən magistral avtomobil yollarının ətrafında yaşıllıqların salınması, bərpası, becərilməsi tədbirləri davam etdirilərək 634 753 ədəd ağac və kollar əkilib, bütün ərazilər damcılı suvarma sistemi ilə təchiz edilib.Ümumiyyətlə son 5 il ərzində arid sahələr və aşağı keyfiyyətli torpaqlarda iri yaşıllaşdırma layihələri hesabına 3 659 ha ərazidə 4 711 711 ədəd ağac əkilərək, 10,8 min kilometrə yaxın müasir damcılı suvarma sistemləri ilə təmin olunub. Bu layihələr çərçivəsində 2 700 ha sahədə 1 240 mindən artıq məhsuldar və davamlı zeytun tingləri əkilib. Son zamanlar əkilmiş zeytun ağaclarının hesabına zeytun bağlarının sahəsi 3 dəfə artıb. Ümumilikdə meşə və qeyri-meşə fondu torpaqlarında 2015-ci il ərzində cəmi 5 milyona yaxın ağac əkilib.

Bioloji müxtəlifliyin qorunmasısahəsində ümumi ərazisi 892 546,49 hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən, 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Xüsusi mühafizə olunan təbiət ərazilərinin beynəlxalq standartlara uyğun infrastrukturunun yaradılması istiqamətində Göygöl Milli Parkında ekoturizm infrastrukturu və marşrutları yaradılıb.Qısa müddət ərzində Milli Parka 65 mindən artıq turist səyahət edib. Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisinin genişləndirilərək Qızılağac Dənizkənarı Milli Parkının yaradılması məqsədilə zəruri avadanlıqlar alınaraq, sərhədlərin demarkasiyası və buraxılış-nəzarət infrastrukturu yaradılıb. Bununla da Milli Parkda heyətin mühafizə və nəzarət imkanları təkmilləşdirilib. IDEA İctimai Birliyinin iştirakı ilə quşların və məməli heyvan növlərinin payız sayğısı aparılaraq, oturaq və köçəri quşların dinamikası barədə qeydə alınanməlumatlar təhlil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə