Quba soyqırımının yeganə şahidi - Şirinbikə nənə

"Böyük Ermənistan" yaratmaq xülyasına düşən ermənilər 1918-ci ilin mart, aprel və may ayları ərzində Azərbaycanın bir sıra bölgələrində soyqırımları həyata keçiriblər. O zaman Quba qəzasında da məqsədli şəkildə kütləvi qırğınlar törədilib. 1918-cü ilin Quba soyqırımının nişanələri bu günədək gəlib çatıb.

1918-ci ildə ermənilərin Azərbaycanda törətdiyi soyqırımları zamanı Quba qəzasında 36 mindən çox dinc sakin xüsusi amansızlıqla qətlə yetirilib, 122 kənd və 26 məsçid dağıdılaraq yandırılıb, evlən talan edilib. Quba faciəsi ermənilərin zaman-zaman Azərbaycan xalqına qarşı yürütdüyü soyqırım siyasətinin tərkib hissəsidir.

Tarixi araşdırmalar və arxiv materialları əsasında müəyyən edilib ki, 1918-ci ilin yazında ermənilər Qubaya 3 dəfə hücum çəkib. Bolşevik bayrağı altında gələn Muradyan, 800 nəfərlik ordu ilə daşnakların xəbis niyyətini həyata keçirən David Gelovani bölgədə çoxlu qırğınlar törədib. Lakin onlar yerli əhalinin qəti müqaviməti ilə rastlaşaraq geri çəkilməyə məcbur olub. 3-cü dəfə top və pülemyot ilə silahlanan, 2 mindən artıq daşnak ordusuna rəhbərlik edən erməni Hamazasp Qubaya hücum çəkib. Təkcə Quba şəhərində 3 mindən çox dinc sakin qəddarcasına qətlə yetirilib, 105 ev yerlə-yeksan edilərək qarət olunub.Yaşı yüzü keçən Quba sakinləri həmin hadisələri dəhşətlə xatırlayırlar.

Erməni vəhşiliyinin əyani nişanəsi olan kütləvi məzarlıq soyqırım hadisəsindən 89 il sonra aşkarlanıb. Burada əksəriyyəti qadın, qoca və uşaq olan 600-dək insanın xüsusi işkəncələrlə qətlə yetirilərək torpağa gömüldüyü məlum olub. Soyqırım məzarlığında aparılan tədqiqatlar erməni vəhşiliyinin iç üzünü bir daha aşkara çıxarıb.

Bu vəhşiliklərə dözə bilməyən yerli müqavimət dəstələri daşnaklara qarşı döyüşlərə atıldı. Lakin qüvvələr bərabər deyildi. Ermənilər Türkiyyədən köməyə gələn ordu quvvələrinin Quba qəzasına daxil olmasınadək əhalini öz təsiri altında saxlayırdı.

Erməni-daşnak hərbi birləşmələrinin Quba qəzasından qovulub çıxarılmasında qardaş Türkiyədən köməyə gələn Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam ordusu misilsiz qəhrəmanlıq göstərib. Erməni daşnaklarına qarşı qanlı döyüşlərə atılaraq öz canından keçib şəhid olan iki türk əsgərinin məzarı Qubanın İqrik kəndində yerləşir və bura müqəddəs bir ziyarətgaha çevrilib.

Erməni cinayətlərinin qarşısı türk qoşunlarının köməyə gəlişindən sonra alındı. 1918-ci ilin Quba soyqırımından danışarkan xüsusi qətdarlıqla qətlə yetirilən insanların gömüldüyü kütləvi məzarlıq, İqrik kəndindəki şəhid türk əsgərlərinin məzarları, Alpan kəndində dağıdılaraq viranəyə çevrilən XV əsr tarixi memarlıq abidəsi olan Su baba türbəsi və kənd qəbristanlığı, arxivlərdən çıxarılan sənədlər, şahidlərin xatirələri, bu yaxınlarda şəxsiyyətləri dəqiqləşdirilən soyqırım qurbanlarının siyahısı və digər mənbələr erməni vandalizmini çılpaqlığı ilə sübuta yetirir. Bütün bu faktlara əsaslanan erməni cinayətlərinə isə hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməyib.

Emin Kərimov, Quba

Bütün xəbərlər Facebook səhifəmizdə