"İran prezidentinin Ermənistana səfəri gözlənilən idi. Çünki bir neçə gün bundan əvvəl Azərbaycan və Ermənistan liderlərinin Amerika Birləşmiş Ştatlarında keçirdiyi görüşlər, Amerika prezidenti Trampın şahidliyi ilə imzalanan sənədlər, birgə bəyannamə və əldə olunan razılaşmalar — hansı ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması məsələsi də gündəmdədir — bu səfərin zəruriliyini göstərirdi". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.
O bildirib ki, bu istiqamətdə keçirilən görüşlər çərçivəsində, İranda bölgədə yerləşən ölkə kimi, öz maraqlarını təmin etmək və ümumiyyətlə danışıqların nəticələri ilə yaxından maraqlanmaq üçün İran prezidenti Ermənistana səfər edib: "Bu səfər çərçivəsində həm açıq verilən mesajlar, həm də pərdəarxası aparılan danışıqlar təbiidir ki, İranın öz maraqları istiqamətində atdığı bir addım kimi qiymətləndirilir.
Çünki Amerika Birləşmiş Ştatlarında Zəngəzur dəhlizinin açılması ilə bağlı əldə olunan razılaşma, təbiidir ki, İranı da müəyyən qədər maraqlandırır. İranla Ermənistan, həmçinin İranla Azərbaycan arasında, ümumiyyətlə bölgədə nəqliyyat-kommunikasiya xətlərinin şaxələndirilməsi məsələsi gündəmdədir və İran da bu proseslərdə öz marağını ortaya qoymuş olur.
Təbiidir ki, Ermənistanla İran arasında bu səfər çərçivəsində müəyyən sənədlər imzalanmışdır və bu sənədlər, bölgədə gələcəkdə nəqliyyatın və ümumiyyətlə kommunikasiya əlaqələrinin genişlənməsi ilə nəticələnə bilər.
Qaldı ki, İranın Zəngəzur dəhlizi layihəsinin açılmasına müəyyən narazılıqları var və buna mane olmaq cəhdlərini şərh etsək, burada ABŞ-nin bölgədə yeni mövcudluğu, Zəngəzur dəhlizinin Amerika şirkəti tərəfindən icarəyə götürülməsi məsələsi müəyyən mübahisələr doğururdu. Amma ilk növbədə bunu vurğulamalıyıq ki, bu dəhliz iqtisadi dəhlizdir və burada siyasi maraqlardan daha üstün iqtisadi məqamlar dayanır.
Ona görə də gələcəkdə bölgənin həm təhlükəsizliyi, rifahı, sabitliyi bərqərar olunması, həm də iqtisadi şaxələnmənin əldə olunması çox vacib amillərdəndir. Azərbaycan da çalışır ki, bu istiqamətdə qarşıya qoyulan hədəflərə uğurla çatsın.
İran prezidentinin yaxın günlərdə Azərbaycana da səfər edəcəyi ilə bağlı müəyyən xəbərlər yayılmaqdadır və bu baxımdan, əgər səfər baş tutacaqsa, biz bunu yüksək qiymətləndirməliyik. Azərbaycan, İranla həm iqtisadi, həm də siyasi münasibətləri yüksəltmək və bu münasibətləri daha da inkişaf etdirmək üçün can atır. Bu baxımdan Azərbaycanın sağlam və mehriban qonşuluq siyasəti daim gündəmdədir və öz qüvvəsindədir.
Hesab edirəm ki, İran da bu proseslərdə Azərbaycanın dostluq və qardaşlıq istəklərinə səmimi və adekvat cavab verməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə