Bakıdakı qeydiyyatsız evlərin sənədləşməsinə başlanılır

Artıq paytaxtın bir sıra ərazilərində bələdiyyələr tərəfindən siyahıya alma aparılır

Prezident İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü il sosial-iqtisadi inkişafı" Dövlət Proqramının 4-cü ilinə həsr olunmuş müşavirədəki sərt çıxışı daha bir problemin həllinə rəvac verib. Xeyli sayda insanın narahatlığına səbəb olan qeydiyyatsız evlərin qeydiyyatı ilə bağlı işlərə başlanıb. Belə ki, artıq Bakının bir sıra rayonlarında bələdiyyə üzvləri evlərə gələrək orada yaşayan adamları siyahıya alırlar. Bu barədə Sabunçu rayonundakı qeydiyyatsız mənzillərdə yaşayan sakinlər məlumat veriblər. Bələdiyyə üzvləri bildiriblər ki, yaxın vaxtlarda ölkə başçısı rəsmi sənədlə üzərində qeydiyyatsız evlər olan torpaqların rayon icra hakimiyyətlərinin balansına verilməsi haqda göstəriş verəcək. Ondan sonra isə vətəndaşlar müvafiq qurumlara müraciət etməklə evlərinin qeydiyyata düşməsinə nail ola biləcəklər.

Statistik rəqəmlərə əsasən qeyd edək ki, Azərbaycanda 600-ə yaxın sənədsiz bina, 500 minə yaxın sənədsiz həyət evləri, o cümlədən, 30 mindən çox sənədsiz mənzillər var. Onların çoxu isə paytaxtdadır.

2011-ci ilin martında Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə Prezident İlham Əliyev rəsmi icazə olmadan tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı hökumətə xüsusi tapşırıq verdiyini bəyan etmişdi. Ölkə başçısı həmin müşavirədəki çıxışında bu məsələni son dərəcə konkret qoymuşdu: "Bakıda evlərin qeydiyyata alınması problemi var. Ancaq biz elə etməliyik ki, bu problem həll olunarkən xoşagəlməz halların qarşısını tam şəkildə ala bilək. O evlər qeydiyyata alınmalıdır. Amma sirr deyil ki, qeydiyyata alınma zamanı əsassız tələblər də irəli sürülə bilər, rüşvət, əsassız maraqlar da ola bilər. Bu da reallıqdır. Ona görə də Hacıbala Abutalıbova göstəriş vermişəm, bu məsələnin həlli üçün şəffaf mexanizm işlənilməlidir ki, biz burada korrupsiyanı, rüşvətxorluğu tamamilə aradan götürək. Yoxsa, xoşniyyətli bir təşəbbüs yenə də bəzi adamların tamahkarlığı ucbatından bizə ancaq problemlər gətirə bilər". Ölkə başçısının qeyd edilən çıxışından iki ilə yaxın vaxt keçsə də, aidiyyatı qurumlar məsələ ilə məşğul olmağa həvəs göstərmirdilər. Lakin fevralın 12-də keçirdiyi müşavirə zamanı dlövlət başçısının kifayət qədər sərt olması artıq məsələdə dönüş yaradıb.

Qeyd edək ki, bu istiqamətdə qanun layihəsi də hazırlanıb. İlkin layihə "Mülkiyyət hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən yaşayış evləri və torpaq sahələri üzərində hüquqların leqallaşdırılması haqqında" adlanır. Layihədə göstərilib ki, magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik xətlərinin, metropolitenin, dəmir yolu qurğularının üzərində tikilmiş evlərə sənəd verilməyəcək. Eyni qadağa müdafiə obyektləri, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğuları, neft buruqları, avtomobil yollarının və suların mühafizə zolaqlarında yerləşən torpaq sahələrinə də aiddir. Həmçinin, sürüşmə zonası və onların üzərindəki evlər də sənəd ala bilməyəcək. Bura meşə və su fondu torpaqlarında, müdafiə təyinatlı torpaqlarda tikilən evlər də daxildir. Neft hasilatına yararlı ərazilərdə neft və qaz yataqlarının işlənməsi, neftin, qazın hasilatı, nəqli üçün müvafiq təsərrüfat subyektinin qanuni istifadəsində olan torpaqlarda tikilən evlərin də sənədləşdirilməsi mümkün olmayacaq.

Ümumilikdə 10 maddədən ibarət layihədə qanuniləşdirilməsi mümkün olan və olmayan evlərin, torpaq sahələrinin dəqiq siyahısı göstərilib. Bir sıra mütəxəssislərin fikrincə, layihəyə dəyişikliklər və əlavələr olunmasa, sənədsiz evlərin böyük hissəsi yenə də sənədləşdirilməmiş qalacaq.

Layihəyə əsasən, yaşayış evləri və ya torpaq sahələri üzərində mülkiyyət hüquqlarının leqallaşdırılmasını yeni yaradılacaq komissiyalar həyata keçirəcək. Bu komissiya leqallaşdırılmalı olan yaşayış evləri və torpaq sahələrinin inventarlaşdırılması nəticəsində müəyyənləşdirilməsi, zəruri sənədlərin toplanması və hazırlanması, habelə leqallaşdırma ilə bağlı aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi ilə məşğul olacaq. Yerli leqallaşdırma komissiyalarının fəaliyyətinin əlaqələndirilməsi, onların qərarlarından, habelə hərəkət və ya hərəkətsizliyindən verilən şikayətlərə baxılması məqsədilə mərkəzi leqallaşdırma komissiyası yaradılır. Yerli və mərkəzi leqallaşdırma komissiyalarının tərkibi və fəaliyyət qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin layihə qəbul olunacağı təqdirdə qanun yalnız 2011-ci il martın 1-dək tikilmiş yaşayış evlərinə və onların yerləşdiyi torpaq sahələrinə, habelə həmin tarixədək üzərində tikintisinə başlanmış, lakin tikintisi başa çatdırılmayan yaşayış evlərinin yerləşdiyi torpaq sahələrinə şamil olunacaq. Qeydiyyatsız ev və torpaq sahələrinin sənədləşdirilməsinə görə mülkiyyət sahiblərindən yalnız müvafiq qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumları alınmalıdır.

Daxil olan məlumatlara görə, prezidentin müvafiq göstərişindən sonra qanuna ehtiyac olmayacaq. Lakin qanun layihəsində göstərilən müddəalardan bəziləri prezidentin imzalayacağı sənəddə əksini tapa bilər. Bunu qəzetimizə parlamentin adının çəkilməsini istəməyən deputatlarından biri deyib. Deputatın sözlərinə görə, sözügedən məsələ ilə bağlı ortada ciddi siyasi iradə var və uzağı bu ilin ikinci yarısınadək prosesin yekunlaşması gözlənilir.

Həbibə ABDULLA (Kasri)

Bütün xəbərlər Facebook səhifəmizdə