Adnan Süner: \"Azərbaycan üşüsə mən xəstə olarım\" - MÜSAHİBƏ

Adnan Süner: "Nigarın əlindəki Türkiyə və Azərbaycan bayraqlarını görəndə ağladım"

Sevil Yusifova "TRT-Avaz" kanalının koordinatoru Adnan Sünerdən müsahibə alıb. SİA həmin müsahibəni təqdim edir.


- Adnan Süeri tanımaq maraqlı olar..


- 1986-cı ildə TRT-də işə başlamışam. İmtahan verib işə daxil olmuşam. Müxtəlif bölümlərdə proqram müəllifi, prodüser olaraq çalışmışam. O vaxtlar Ankara televiziyası vardı. 2003-cü ildən orda musiqili-əyləncəli proqramlar bölümünün müdiri kimi fəaliyyət göstərməyə başladım. Sonra həmin televiziyada müdir müavini, daha sonra isə müdir oldum. TRT-nin rəhbəri İbrahim Şahin iş başına gəldikdən sonra isə "TRT-Avaz"ın qurulmasında iştirak etdim və onun qurucusu olaraq koordinator kimi işə başladım. O gündən bəri də bu vəzifəni yerinə yetirirəm. Mənim Türk dünyası ilə bağlı çalışmalarım, düşüncələrim gənclik illərindən bəri davam edir. Elə o həvəsdir ki, bu kanal yarandığı gündən xalqlarımızın yaxınlaşması, bir-birimizi tanımamız istiqamətində əlimizdən gələni əsirgəmirik.


- Gənclik illərinizdə yəqin ki, heç xəyalınıza belə gəlməzdi ki, siz Türkiyə ilə Türk xalqları arasında belə bir "körpüyə" rəhbərlik edəcəksiniz...


- Təbii... Gənclik illərimizdə, yəni 80-90 illərdə biz Azərbaycan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan müstəqil, azad dövlət olsun, öz həyatlarını yaşasınlar, təbii sərvətlərini özləri idarə etsinlər deyə xəyallar qurardıq. İndi bu xəyallar gerçəkləşib, onlarla tərəf kimi çalışmaq böyük bir şərəfdir. 2000-ci illərdə rəhmətlik Çingiz Aytmatov İstanbula gəlmişdi. Mən də onunla görüşməyə getdim. Əvvəllər onun bir yazısını oxumuşdum. Məktubda belə deyilirdi: "Uzaqdakı türk qardaşlarım, indi sizin getdiyiniz yer boş, qarlı dağlar boş... Siz getdiniz, biz burda qaldıq...." Mən ondan soruşdum ki, o məktub sizindirmi? O dedi ki, bəli o məktub mənimdir. Amma siz onun qısa bir hissəsini əldə edə bilmisiniz. O, çox uzun məktubdur... Sonra söhbət əsnasında mənə dedi ki, səni çox sevdim. Gələcəkdə imkanınız olursa, bizim dillərimizdə veriliş hazırlayan bir kanal qurun. Bu fikir mənim həyata keçirmək istədiyim bir arzuya çevrildi. İndi Azərbaycanla, Qırğızıstanla, Qazaxıstanla, Özbəkistanla, Krımla, bir çox yerlə canlı bağlantı qururuq. Ən son maraqlı bir proqramımız "Eurovision" kimi mini bir yarışma təşkil etməyimiz oldu. Bəlkə ilk olmasına görə bəzi sıxıntılarımız, edə bilmədiyimiz şeylər oldu. Amma özlüyündə bu bir ilkdir. Hamımızın bir platformada birləşdiyimiz bir yarışma olması qardaşlarımızın bir-birini tanıması səbəbiylə çox gözəl idi. Bütün iştirakçı dövlətlərin insanlarının da xoşuna gəlmişdi.

Mən burda ilk işə başladığım zaman qazaxca, qırğızca, özbəkcə bilmirdim. Amma indi hamıyla rahat danışa bilirəm. Yəni onlara nə söyləmək lazım olsa çətinlik çəkmədən söyləyirəm. Telefonla danışıram. Hətta bəzən onları anlamadığımı zənn edib yanımda öz aralarında danışırlar. Mən də burasını yanlış söyləyirsiniz, deyib düzəliş də verirəm (gülür). Təbii azərbaycanlılarla danışanda belə bir problemimiz heç yoxdur. Biz iki qardaş dövlətin insanları hər zaman bir-birimizi çox yaxşı anlayırıq.

2010-cu ildə həyat yoldaşımla Azərbaycana getmişdik. Xanımım mənə dedi ki, Türkiyədən çıxıb elə bir ölkəyə gəlmişik ki, aramızda heç bir fərq yoxdur. Bazarında, ev gəzməsində, qonaq qəbul etməsində və ya rəsmi görüşlərin keçirilməsində, heç birində Türkiyədən fərqli bir şey görmədim. Əlbəttə, ilk dəfə gedən şəxs bu doğmalığı tez sezir. O da ilk dəfə getmişdi. Mən dəfələrlə olmuşam Azərbaycanda. Bu göstərir ki, Azərbaycanın və ya Türkiyənin regionda, kənddə yaşayan bir vətəndaşı bir-birinə qonaq getsə görərlər ki, sizdə bizim kimi, bizdə sizin kimi danışırlar. Heç bir fərq yoxdur. Kəndlərdə ortaq mədəniyyətimiz, adətlərimiz davam edir. Bizim birliyimiz, qardaşlığımız bu kökə dayanıb. Onun üçün biz bir-birimizi daha yaxşı anlayırıq. Bizə gələn məktublar onun göstərir ki, xalqlarımız arasında həsrət varmış və biz "TRT-Avaz"la o həsrətə son qoymuşuq.


- Ortaq Türk dilinin və ortaq əlifbanın Türkdilli ölkələrdə qəbul edilməsi indi çox müzakirə olunan məsələlərdəndir. Belə demək mümkünsə "TRT-Avaz" artıq ortaq Türk dilini yaratmağa başlayıb...


- Əvvəla, onu deyim ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Türkiyə vətəndaşları öncə öz dillərini yaxşı öyrənsinlər və öz dillərində danışsınlar. İngilis, rus, fransız dilində deyil, öz dillərində danışsınlar və uşaqlarına öyrətsinlər. Başqa dilləri də bilsinlər, bunda bir problem yoxdur, amma ana dillərini bütün dillərin tacı etsinlər. Öz dillərində danışdıqları zaman kənar dillərdən kəlmələri ora qatmasınlar. Onsuz da biz öz dilimizdə danışanda, yazanda, oxuyanda bir-birimizi anlayırıq. Əgər cümlənin içərisinə başqa dillərdən söz qatmasalar, başqa kəlmələr dilimizə girməsə, mənim azərbaycancanı, qazaxcanı, qırğızcanı, özbəkcəni, türkməncəni anlamağımda heç bir problem yoxdur. Məsələn, mən yıldız deyirəm, sən ulduz deyirsən, o jıldız deyir, o biri cıldız deyir. Fərqli bir şey yoxdur. Dilimizin qrammatikası, morfologiyası, kəlmələri arasında fərq yoxdur. Cümlənin başında mübtəda, sonda isə xəbər olmalıdır qaydası bütün türk dilləri üçün keçərlidir. Yəni cümlə strukturu dəyişmir. Sadəcə, yerlərə, bölgələrə görə bəzi kəlmələr dəyişir. Elə götürək Azərbaycanı. Şəkiyə getsəniz bir başqa kəlmələr istifadə edilir, Qubada bambaşqa. Lənkəranda bir az da fərqli. Türkiyədə də elədir. Trabzonda bir cür, İzmirdə başqa cür sözlər dildə istifadə edilir. Bizim aramızdakı fərq bu qədərdir.


- Sadəcə, uzun zaman bir-birimizi dinləməliyik ki, qulaq alışqanlığı yaransın…


-Elədir. Onun üçün də "TRT-Avaz"ı bol dinləmək lazımdır. "TRT-Avaz" ortaq coğrafiyanın avazı, səsidir. Bir-birimizi yaxından tanımağımız üçün Azərbaycanda insanlarımız təkcə Azərbaycan dilində hazırlanan proqramları deyil, həmçinin qazaxca, qırğızca, özbəkcə yayımlanan verilişləri də dinləməlidirlər. Bizə çox məktub gəlir, deyirlər ki, qırğızla mənim aramda heç fərq yoxmuş və yaxud özbəklə... Türkiyədən bizi dinləyən dostlarımız da eyni fikrə qatılırlar: eyni dildir, nədən bu vaxta kimi bilməmişik, bir-birimiz anlamamışıq? Təbii, bu, 70-80 illik həsrətin nəticəsidir. Biz 70 il bir-birimizdən xəbərsiz olmuşuq, görüşməmişik. Azərbaycanla məsafəmiz yaxın olub deyə, bəlkə bir-birimizi az da olsa eşitmişik. Amma Şərqi Türküstandakılardan daha çox uzaq düşmüşük, heç duymamışıq. Qulaq alışqanlığımız olmayıb. "Gözdən iraq olan könüldən də iraq olur" məntiqi ilə bir az da unutmuşuq. Amma Qazaxıstana, Özbəkistana, Qırğızıstana gedəndə mənim Anadoluda yaşadığım mədəniyyətin, adət-ənənələrin yaşadığını görürəm. Toy mərasimi eyni, ailə adətləri eyni, saymaqla bitməyəcək minlərə ortaq dəyərimiz var. Qazaxıstana film festivalına getmişdim. Orda qazax jurnalist mənə dedi ki, niyə burda türk filmləri çox sevilir, biz bunu başa düşmədik. Mən dedim ki, burda başa düşməyəcək nə var ki? Biz Anadoluya göydən enməmişik, buralardan getmişik. Buraların mədəniyyətini oralara daşımışıq, orda yaşadırıq. Siz də bunu görürsünüz, hiss edirsiniz. Sizin insanlar türk filmlərini seyr edəndə yad olmadığını, öz mədəniyyətini görür. Onlara doğmadır. Məsələn, mən bir qazax filmini seyr edərkən öz dünyamı görürəm, mənim kimi yaşayır, mənim kimi düşünür deyirəm. Onun üçün ortaq dil məntiqim budur; Azərbaycanda hər kəsin Türkiyə türkcəsində danışmasını istəmirəm. Dildə ortaq bənzərliklərimiz ön plana çıxsın, bir-birimizi başa düşək, bu, yetərlidir. Necə ki, 1915-ci ildə Qaspıralının Krımda yazdığı qəzet Bakıda, Yerevanda, Daşkənddə, Kazanda, İstanbulda oxunurdusa, anlaşılırdısa, indi də millətlərimiz bir-birlərini anlamalı, dinləməli, bir-birimiz haqqında məlumatlı olmalıyıq deyə düşünürəm. Bunun da ən asan yolu musiqiylə, sənətlə, mədəniyyətlə, bir-birimizin milli adətlərimizi görməklə ola bilər. Biz inşallah, bir proqram hazırlayacağıq - "Türkün düyünü". Qız istəmədən son günlərinə kimi toy necə keçirilir. Görəcəksiniz eynidir, heç fərqimiz yoxdur.


- Türkiyənin Azərbaycandakı səfiri cənab Hulusi Kılıcın həyat yoldaşı Günay xanım Türkiyədə toyların necə keçirilməsini Azərbaycan insanına tanıtım üçün Bakıda "Xına yaxdı" təşkil etmişdi. Doğrudan da bizdə keçirilən "Xınayaxdı" mərasiminə bənzəyir...


- Bir deyim var "Azərbaycan üşüsə, mən xəstə olaram". Yəni sizdə soyuq olsa, mən xəstələnərəm. Çünki qardaşlarımız bizim canimiz, qanımızdır. Bu, Qazaxıstan üçün də, Özbəkistan üçün də, digər Türk dövlətləri üçün də keçərlidir. Bir dövlət olmağımıza gərək yox, bir millət olduğumuzu bilək. Biz ayrı-ayrı güclü dövlətlər olmaqla daha güclü oluruq. Yəni güclü Azərbaycan, güclü Qazaxıstan, güclü Türkiyə. Qoy türk dövlətləri dost olaraq dünyada güclərini göstərsinlər, bərabər olsunlar. Qardaş və güclü, əlaqələri sağlam dövlətlər çoxaldıqca dünyada bizim gücümüz daha da böyüyür. Biz ölkələrin siyasətilə heç maraqlanmırıq. Azərbaycanda bu an İlham Əliyev prezidentdir, mənim etibar etdiyim prezidentdir, Qazaxıstanda Nazarbayev prezidentdir, mənim etibar etdiyim prezidentdir, Türkiyədə Abdulla Gül, mənim etibar etdiyim prezidentdir. Məni maraqlandıran ordakı Gülgəzin burdakı Fatmanı tanıması, Əlinin Mehmeti tanıması, bir-birləri ilə qürur duymasıdır.

Mən "Eurovision"u izləyərkən Azərbaycan birinciliyi qazandıqda Nigarın əlindəki Türkiyə və Azərbaycan bayraqlarını görəndə ağladım. Azərbaycan Türkiyənin ürəyidir. Bu yaxınlığımızı daha çox necə ortalığa çıxara bilərik, bunun üzərində düşünməliyik.


- Adnan bəy, üzərinizə çox böyük bir iş düşür. Böyük Türk dünyasında hər kəsin gözü sizdədir. Bu işləri həyata keçirən "TRT-Avaz" ailəsi böyükdümü?


- TRT çox böyük bir qurumdur, 14 kanalı var və birisi də bizik. Sadəcə, "TRT-Avaz"da çalışanlar olaraq düşünsək, sayımız azdır. Amma biz birlikdə çalışırıq. Burda Özbəkistan, Qazaxıstan, Azərbaycan, Bosniya-Herseqovina, Albaniya, Krım, Kazan tatar arkadaşlarımız və başqaları var. Onlar öz dillərində hazırlanan verilişlərə öz qatqılarını saxlayırlar. Biz yeni yarananda rəhbərimiz dedi ki, biz avazıq, amma biz Azərbaycan avazıyıq, Qırğızıstan avazıyıq, Qazaxıstan avazıyıq, Özbəkistan avazıyıq, biz o ölkələrdən yayılan proqramların göstəriləcəyi yerik. Onun üçün də hazırlanan proqramları sadəcə biz hazırlamağa çalışmırıq. Azərbaycanda Az.TV ilə, İTV və başqa dəyişik kanallarla əlaqə quraraq, ordakı sizin kimi jurnalistlərlə birlikdə hazırlayırıq. Eyni işi digər ölkələrdə də bu cür həyata keçiririk. Gördüyümüz işlər daha çox bölgə dillərindədir. Biz ortaq platformayıq. Adımızı seçəndə biz hər kəslə müzakirə etdik, sonra ümumi nəticəyə gəlib bu adı qoyduq. Azərbaycanda dedilər ki, "avaz" bizə uyğundur, Qazaxıstanda dedilər ki, bizə uyğundur və s. İşləyən heyətimiz ən çoxu 40 nəfərdir, amma gördüyümüz iş bəlkə 1000 adamın görəcəyi işdir.


Bütün xəbərlər Facebook səhifəmizdə