Azərbaycanda rusdilli məktəblər bağlanmalıdır? - Paytaxt sakinləri DANIŞDI - SORĞU
Müasir dövrdə qloballaşan dünyada çoxdilli təhsil sistemi ölkələrin sosial-iqtisadi və mədəni inkişafında mühüm rol oynayır. Azərbaycanda rus dili tarixi və ictimai əhəmiyyəti baxımından xüsusi yer tutur. Ölkəmizin çoxmillətli və çoxdilli cəmiyyət olması rus dilinin tədrisini yalnız kommunikativ alət kimi deyil, həm də strateji və mədəni körpü kimi dəyərləndirməyə əsas verir. Məktəblərdə rus dili dərslərinin keçirilməsi, şagirdlərin dil bacarıqlarını inkişaf etdirməklə yanaşı, onların dünya ədəbiyyatına, elmi mənbələrə və beynəlxalq informasiya məkanına çıxışını da genişləndirir. Bəs artıq rus dilinin keçirilməsinə davam edilməlidirmi? SİA bu barədə şəhər sakinlərinin fikirlərini öyrənib.
Şəhər sakini Mənzurə Firquliyeva: "Rus dili dərslərinin məktəblərdə keçirilməsi, əslində, zəruri və faydalı bir addımdır. Bu dili bilmək təkcə keçmişlə bağlılıq deyil, həm də gələcək imkanlara açılan bir pəncərədir. Bir çox elmi mənbələr, texniki sənədlər, ədəbiyyatlar rus dilindədir və bu bilik uşaqların dünyagörüşünü genişləndirir.
Digər tərəfdən, ətraf mühitdə — istər iş həyatında, istərsə də gündəlik ünsiyyətdə rus dili hələ də istifadə olunur. Buna görə də, bu dili məktəb yaşlarından öyrənmək həm təhsil, həm də praktiki baxımdan çox vacibdir. Əsas məsələ isə odur ki, bu dərslər digər fənlərin, xüsusilə də ana dilinin inkişafına mane olmamalıdır. Düzgün balans qorunduğu halda, rus dili tədrisi yalnız müsbət nəticələr verə bilər".
Şəhər sakini Söhbət Məmmədov: "Məktəblərdə rus dili dərslərinin keçirilməsinə o qədər də razı deyiləm. Əvvəla, uşaqlar hələ öz ana dillərində düzgün yazıb-oxumağı tam öyrənməyiblər, amma artıq başqa bir dildə dərs keçməyə başlayırlar. Bu da onların fikrini yayındırır. Rus dili nə vaxtsa lazım ola bilər, amma hər uşaq üçün yox axı. Hamı rus dilində oxuyacaq, işləyəcək deyə bir şey yoxdur.
Bir də adam baxır ki, elə bil rus dili bəzi məktəblərdə ana dilindən də üstün tutulur. Niyə belə olmalıdır ki? Bizim öz dilimiz var, öz tariximiz, öz mədəniyyətimiz var. Uşaqlar əvvəlcə onu yaxşı öyrənsinlər. Xarici dil lazımdırsa, onsuz da ingilis dili keçilir. Bu gün dünyada ən çox gərəkli olan dil odur. Rus dili isə daha çox keçmişdən qalmadır, sovet vaxtında gərəkli idi, indi isə vaxt dəyişib. Məncə, rus dilinə bu qədər üstünlük verilməsi düzgün deyil".
Şəhər sakini Anar Rzayev: "Son vaxtlar Rusiyada azərbaycanlılara qarşı baş verən hadisələri görəndə adamın ürəyi parçalanır. İnsana haqsızlıq olur, amma öz sözünü deyə bilmir. Səbəblərdən biri də dil bilməməkdir. Adam haqqını necə tələb etsin ki, qarşısındakının dediyini başa düşmür, öz dərdini ifadə edə bilmir? Bax, bu səbəbdən məncə, məktəblərdə rus dili dərslərinin keçirilməsi vacibdir. Bu, uşağın gələcəyi üçün bir üstünlükdür. Ola bilər ki, bu gün burada yaşayırıq, amma sabah iş dalınca, təhsil dalınca başqa ölkəyə, məsələn Rusiyaya getmək lazım gələcək. Onda bu dilin faydasını görəcəyik. Bəziləri deyir ki, rus dili nəyə lazımdır, sovet vaxtı keçdi. Razıyam, amma reallıq da var. Rus dili hələ də regionda işlək dildir, həm qonşu ölkələrlə münasibətdə, həm də miqrasiya baxımından. Biz uşaqlarımıza həm ana dilimizi, həm də başqa dilləri öyrətməliyik".
Şəhər sakini Zəhra Məmmədova: "Açığı deyim, bu son vaxtlar Rusiyada bizim insanlara qarşı baş verən haqsızlıqlardan sonra məktəblərdə rus dili dərslərinin keçirilməsinə daha da narahat baxmağa başlamışam. Bir xalq sənə qarşı bu qədər kobud davranırsa, onun dilini bu qədər öndə tutmaq nə dərəcədə doğrudur? İnsan öz dilinə, öz kimliyinə sahib çıxmalıdır. Biz illərlə rus dilinin təsiri altında olmuşuq, indi müstəqil dövlətik, amma hələ də o dilə ehtiyac kimi baxılır. Məncə, bu psixoloji asılılıqdan çıxmaq vaxtıdır.
Deyirlər ki, uşaqlar sabah başqa ölkəyə gedə bilər, rus dili gərəkdir. Mən isə deyirəm, əvvəlcə öz ölkəmizdə onları düzgün yetişdirək, ana dilini sevdirək. Bizim uşaqlar öz tarixini, mədəniyyətini, ədəbiyyatını yaxşı bilməlidirlər. Rus dilini bilmək şərt deyil, seçim ola bilər. O da istəyən, lazım bilən öyrənsin. Məktəbdə məcburi keçilməsinə ehtiyac yoxdur".
Şəhər sakini Ağasey Əliyev: "Rus dili məktəblərdə keçirilməlidir, mən bu fikri tam dəstəkləyirəm. Bu, nə keçmişə bağlılıq, nə də kimliyimizdən uzaqlaşmaq deməkdir. Əksinə, əlavə bir dil bilmək uşaqlarımız üçün böyük üstünlükdür. Bu gün bir çox azərbaycanlı gənclər təhsil, iş, hətta ticari fəaliyyət üçün Rusiyaya üz tutur. Əgər bu uşaqlar məktəbdən başlayaraq rus dilini öyrənsələr, sabah həmin mühitə düşəndə özlərini daha rahat hiss edərlər.
Rus dili sadəcə danışıq vasitəsi deyil, həm də elmi və texniki biliklərin, ədəbiyyatın zəngin xəzinəsidir. Biz balalarımıza bu imkanları açmalıyıq. Kim deyirsə ki, rus dili keçilməsin, bəlkə də elə özü bu dildən istifadə edir, amma uşaqlara qadağa qoyur. Halbuki dil öyrənmək – zənginlikdir. Ana dilimiz öz yerindədir, ona heç kim toxunmur. Amma əlavə bir dil uşağın dünyagörüşünü genişləndirir, ona yeni qapılar açır".
Şəhər sakini Abdullah Qasımov: "Açığı, bu rus dili məsələsinə mən biraz fərqli baxıram. Nə tam əleyhinəyəm, nə də kor-koranə tərəfdarıyam. Düzdür, keçmişdə rus dili bizə bir növ məcburi idi, amma indi dövr dəyişib, yanaşma da dəyişməlidir. Məncə, bu dili məktəblərdə tam ləğv etmək də doğru olmaz. Axı hələ də regionda bu dil işləkdir, qonşu ölkələrlə münasibətdə, ticarətdə, bəzi sahələrdə təhsil və iş imkanlarında rus dili vacib olur.
Amma bir məsələ var ki, bu dilin tədrisi heç vaxt bizim ana dilimizi, öz mədəniyyətimizi kölgədə qoymamalıdır. Oğlumun məktəbində bəzən görürəm ki, rus dili müəlliməsi ilə ana dili müəlliməsi arasında diqqət fərqi var. Rus dili üçün əlavə dərs keçirilir, amma ana dili dərsi dar çərçivədə qalır. Bu, artıq narahatlıq doğurur".
Şəhər sakini Fatma Fərhadqızı: "Məncə, rus dili tədris oluna bilər, amma bu, balanslı şəkildə aparılmalıdır. Yəni uşaq ilk olaraq öz dilində sərbəst danışa, yaza, düşünə bilsin. Ana dili güclü olan uşaq başqa dilləri də asanlıqla öyrənər. Əgər rus dili öyrədiləcəksə, bu, əlavə imkan kimi təqdim olunsun, əsas prioritet kimi yox.
Uşaqlarımıza bir dil artıq öyrətmək pis deyil, əgər doğru şəkildə, doğru niyyətlə edilirsə. Amma biz gələcəyimizi qurmaq üçün nəinki dilləri, elə yanaşmaları da düzgün seçməliyik. Mən istəyirəm ki, uşağım həm öz dilində fəxr etsin, həm də dünyada rahat danışa bilsin. Bunun üçün də hər şeydən əvvəl düzgün təhsil siyasəti lazımdır".
Şəhər sakini Sədaqət Hüseynova: "Bu yaxınlarda Rusiyada azərbaycanlılara qarşı baş verən hadisələri eşidəndən sonra bu məsələ mənim üçün daha da həssas olub. Həm orada bizə münasibət soyuqdur, həm də burada biz hələ də onların dilini əsas yerə qoyuruq. Bu nə qədər məntiqlidir? Həmin dilin daşıyıcıları bizi qəbul etmir, amma biz öz uşaqlarımıza o dili tədris edirik.
Digər tərəfdən, rus dili keçdikcə uşaqlar arasında öz dilinə qarşı bir laqeydlik yaranır. Mən özüm valideynəm, görürəm ki, uşaqlar bəzən Azərbaycan dilində danışmaqdan utanır, rus dilində danışmaqla “fərqli” görünmək istəyirlər. Bu, milli kimlik üçün təhlükəli bir tendensiyadır".
Bütün xəbərlər Facebook səhifəmizdə