Daha 38 məhkum sosial-psixoloji yardım xidmətinə cəlb ediləcək - FOTOLAR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə adaptasiyası məqsədilə növbəti tədbir keçirilib. Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən SİA-ya verilən məlumata görə, Ədliyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində təşkil edilən görüşə bu dəfə 4 saylı qadın cəzaçəkmə müəssisəsinin sakinləri cəlb ediliblər.
Tədbirdə çıxış edənlər Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri, məhkumların sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlər, eləcə də narkomaniya ilə mübarizə və narkotikdən əziyyət çəkən şəxslərin sağlam sosial həyata inteqrasiyası istiqamətində məlumat veriblər.
Sosial xidmətə ehtiyacı olan, habelə cəza çəkməkdən azad olunan şəxslərin sosial-psixoloji reabilitasiyası və adaptasiyası mövzularında təqdimatlar edilib.
Tədbirdə məhkumluqdan azad olunmasına üç ay qalmış 38 nəfərin anket sorğusu əsasında qiymətləndirilməsi aparılıb. Məhkumluqdan azad olunduqdan sonra onların sosial-psixoloji yardım xidmətinə cəlb edilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə