Şəhidləri necə yaşadırıq?..

Kimdir şəhid? Həyatını Vətən, torpaq uğrunda qurban verən vətəndaş. Gəncliyindən, ömründən, arzularından keçən Vətən övladı. Qorxmaz, sinəsini irəliyə verməyə cəsarəti olan, ölümün gözünün içinə dik baxa bilən cəsur igid, ərdir, şəhid. Şəhidliyi ilə ölməyən, daim məxsus olduğu ölkənin səmalarında dolaşan, hər kəsdən ucada dayanan ucalıqdər şəhid. Bir an belə unudulmayan, yaddan çıxmayan, hər zaman böyük qürurla anılan, haqqında dastanlar yaradılmalı, kitablar yazılmalı, filmlər, tamaşalar çəkilməli olan Vətən oğlu, qızıdır, şəhid.

Biz Azərbaycan xalqı olaraq az şəhid görməmişik. Elə ötən bir qərinəlik dövrə nəzər salsaq, görərik ki, çoxsaylı şəhidimiz olub. Qarabağın qara bəxtini ağ rəngə çevirmək üçün düz iki müharibə yaşamalı olmuşuq: Birinci və İkinci Vətən müharibələri. Biri 30 ilin o başında, biri bu başında. Birinci Vətən müharibəsi minlərlə igidimizin şəhid olması ilə nəticələndi. Əvəzində isə Qarabağı azad edə bilmədik, torpaqlarımız işğal altında qaldı. Çünki ordumuz təkmil şəkildə deyildi, ozanamı hakimiyyət isə səriştəsizdi.

İkinci Vətən müharibəsinin şəhidləri kim idi? Birinci Vətən müharibəsində iştirak edən şəhidlərimizin övladları idi bu oğullar. Onların nəvələri, qohum-əqrəbaları idilər. 30 il ürəyində düşmənə kin gəzdirən, torpaq adı gələndə başlarını dik tuta bilməyən, "işğalda torpaqlarımız var",- deyib narahatlıq keçirənlər idilər. Bu namus, qeyrət işini bir an öncə dəliqanlı kimi həll etmək, qələbə əzmini bu xalqa yaşatmaq istəyənlər idilər. 30 ilin bütün acısını, 30 ilin əvvəlindəki şəhidlərimizin qisasını almaq istəyənlər, ərazi bütövlüyümüzü təmin etmək istəyənlər idilər...

Bu istəklə, amalla düz 44 gün sinəsini düşmənə sipər edən övladlarımızdan yüzlərlə şəhid oldu. Onlar torpağımızı, ərazi bütövlüyümüzü, qeyrətimizi, namusumuzu, şərəfimizi bizə qaytardılar. Lakin özləri arxada qoyub getdikləri sevdiklərinin yanına qayıda bilmədilər. Vətən, torpaq sevgisi bütün sevgiləri üstələdi.

Onlar sinəsi dərdli, ürəyi yaralı Qarabağın 30 illik çarəsi tapılmayan dərdinə çarə oldular. Qarabağ xəstəliyinin, mərəzinin həkimi oldular. 30 il didərginlikdə yaşayanların sınıq qəlbinin həkimi, təbibi oldular. Sağalmayan 30 illik yaralara məlhəm oldular. Sağaltdılar Qarabağı da, qarabağlıları da şəhidlər.

44 günlük Vətən müharibəsinin fədailərinə çevrildilər. Payızın sazaq-soyuğunda Vətənin səsinə səs verib Qarabağa yollandı igidlərimiz. Ali Baş Komandanımızın əmrinə müntəzir olub böyük bir taktika ilə cəmi 44 günə torpaqlarımızı azad etdilər.

Biz 44 gündə yenidən şahidi olduq ki, Vətən üçün əsl övlad, əsl vətəndaş böyüdüb, tərbiyə edə bilmişik. Çünki yüzlərlə şəhidimiz oldu. Şəhid isə o yerdə olur ki, orada Vətənə layiq övladlar, vətəndaşlar olur. Orada Zəfər qazanılır və hər yerdə Zəfər bayrağı dalğalanır.

Bəs belə isə, biz şəhidlərimizi necə yaşadırıq? Tək anım günündə onları anmaqlamı? Doğum günlərində xatırlamaqlamı? Bunlar həyatını bizlər üçün ölümün qarşısına qoyanlar üçün yetərlidirmi?

Demirəm onlar haqqında kitablar yazılmayıb, filmlər çəkilməyib, şeirlər misralara düzülməyib. Lakin bunlar o qədər azdır ki, belə qənaətə gəlmək olur ki, yox dərəcəsindədir. Bizim elə şəhidimiz var ki, onun haqında hələ bir cümlə belə yazılmayıb. Belə yaşadırıqmı şəhidlərimizi?..

Bu, elə bir mövzudur ki, bir an belə unutmağa haqqımız yoxdur. Hanı bəstəkarlar, rejissorlar, yazıçılar, şairlər? Nə üçün şəhidlərimiz, onların döyüş yolu, qəhrəmanlığı haqqında filmləri görə bilmirik? Nə üçün şəhidlərlə bağlı, onların Qarabağın ayrı-ayrı bölgələrində hünərindən bəhs edən mahnılar dinləyə, kliplər izləyə bilmirik?

Nə üçün bu qədər şəhidi olan xalqın minlərlə oğlundan yalnız bir neçəsi haqqında kitab yazılıb, film çəkilib, mahnı bəstələnib? Bəs o birilər? Onlar haqqında nə vaxt? Axı bu, hər bir yazıçı, şair, rejissor, bəstəkarın borcudur. Onların ailələri, dost-tanışları, sinif, tələbə yoldaşları ilə görüşüb haqlarında xatirələrin danışa biləcəyi kitablar yazmaq, filmlər çəkmək, tamaşalar hazırlamaq, mahnılar bəstələmək olar. Bunlar isə doğum günü ilə anım günündə xatırlanan şəhidlərimizə sevginin göstəricisi ola bilər. Və həm də gənc nəslin vətənpərvər böyüməsinə əsas yaradar. Belə isə hələ də gec deyil.

Allah şəhidlərimizə rəhmət etsin! Onlar bizim qürurumuzdur.

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə