Fitrə zəkatını necə verməli: pulla, yoxsa ərzaqla? - ARAŞDIRMA

Artıq Ramazan ayının bitməsinə az qalıb. Şəvval ayının 1-də, yəni aprelin 10-da Azərbaycanda Ramazan (Fitr) bayramı qeyd olunacaq. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkədə iki gün - aprelin 10-da və 11-də bayram günləridir.Hər kəsə məlumdur ki, Ramazan ayının vacib əməllərindən biri də fitrə sədəqəsidir. Bəs, görəsən fitrənin nə demək olduğunu bilirik? Fitrə necə və kim tərəfindən çıxarıla bilər? SİA mövzu ilə bağlı araşdırma aparıb.

Fitrə nədir?

İlk növbədə fitrə sözünün mənasını araşdırdıq. Məlum oldu ki, “Fitr” kəlməsi “orucu açmaq” “orucu başa vurmaq” mənasına gəlir. Fitr sədəqəsi isə insanı ramazan ayına çatdıran, ramazanı yaşadan və bu ayın bərəkətindən faydalandıran Allaha şükür niyyəti ilə verilən sədəqədir.

Bu kəlmə dilimizdə keçmiş dövrdən bəri “fitrə” şəklində işlədilir ki, o da ərəb dilindəki “fitra” sözündən gəlib, “yaradılış”, “fitrət” deməkdir. Bu mənada fitrə, yəni fitr sədəqəsi Allahın bizləri kainatda ən uca varlıq (insan) kimi yaratmasının müqabilində edilən təşəkkürün bir ifadəsidir.

İstilahi mənada, termin olaraq “fitrə” Ramazan ayının sonunda nisab miqdarı mala malik müsəlmanların verməklə mükəlləf olduqları vacib sədəqədir.

Fitrə Peyğəmbərimizin (s.ə.s.) Mədinəyə hicrətindən iki il sonra orucla birgə fərz (və ya vacib) buyurulmuş ibadətdir.

Fitrənin faydaları

İbn Abbas fitrə haqqında nəql edir: “Rəsulullah fitr zəkatını (fitrəni) oruclunu faydasız söz və davranışlardan, çirkin və yersiz söhbətlərdən (çirkabından) təmizləyən, kasıblara da yeyəcək olan bir ibadət kimi fərz buyurdu…”

Buna əsaslanaraq fitrəni həm fərdi, həm də ictimai faydaları baxımından nəzərdən keçirmək olar. Belə ki, oruc tutan şəxs ramazan günlərində özünə və üstəlik orucluya yaraşmayan davranışlara yol verə, sözlər danışa, xəyalından pis şeylər keçirə bilər. Bunlar da tuttuğumuz oruc ibadətinə xələl gətirən xətalardır. Məhz bu baxımdan fitrə ramazanda yol verilən xətaların bir kəffarəsi olaraq tutulan orucu kamala çatdırır. Hətta bəzi alimlər fitrəni namazın səhv səcdəsinə bənzətmişlər. Bildiyimiz kimi, səhv səcdəsi namazda bilmədən yol verilmiş qüsuru düzəltmək üçün edilir.

Fitrə xüsusən, bayram günlərində kasıb insanların süfrəsindən tutmuş geyim-keciminə qədər sosyal həyatın bütün sahələrinə təsir edir ki, bu da onun ictimai faydasıdır. Beləliklə, fitrə varlı ilə yoxsulun bir-birinə qaynayıb-qarışmasına, onlar arasındakı uçurumun müəyyən qədər aradan qalxmasına səbəb olur. Varlı kasıba sevgi ilə, kasıb da varlıya hörmət və ehtiramla baxmağa başlayır. Qıs­qanclıq hisləri korşalır, qəlblər yumşalır, yardımlaşma duyğusu iliklərədək hiss edilir. Fitrə, bəlkə də, buna görə olduqca az miqdarda müəyyən edilmiş, verilməsi asanlaşdırılmış və beləcə daha çox insanın bu əməli işləyib bu hissi yaşamasına zəmin hazırlanmışdır.

Fitrənin hökmü

Bir çox hədislərdə işlənən “əmərə”, yəni “əmr etd”[3] ifadəsini əldə rəhbər tutan İmam Şafei, İmam Malik və İbn Hənbəl fitrə ilə bağlı fərz hökmünü vermişlər. Hənəfi məzhəbinə görə, fitrə vacibdir.[4] Ancaq qeyd edək ki, Hənəfilərə görə, fərzlə vacib arasında əməli və tətbiqi baxımından heç bir fərq yoxdur. Sadəcə etiqadi baxımdan fərq var. Belə ki, Hənəfi məzhəbində vacib hökmü zənni bir dəlilə söykəndiyinə görə bunu inkar edən kafir olmur. Halbuki, fərzi inkar edən kafir olur və dindən çıxır.

Fitrə nə vaxt verilir?

Fitrə sədəqəsinin vacib olduğu vaxt Fitr bayramının birinci günüdür, lakin bayramdan əvvəl də verilə bilər. Bu daha da fəzilətlidir. Ancaq bayram günü və ya daha sonra da verilə bilər. Lakin bayram namazından əvvəl vermək müstəhəb sayılır.

Şafii məzhəbinə görə, bayramın birinci günü günəş batandan sonra fitrə vermək düzgün deyil. Üzrlü səbəblər istisnadır. Ramazanın ilk günlərində də fitrə vermək olar.

Bu ayda insanlar təkcə mədələrini oruc etmirlər, həm də nəfislərinə qadağalar qoyurlar. Orucluğun bir fəlsəfəsi də odur ki, insanlar ən azından ildə bir ay qazandıqlarını gizlətməməlidirlər. Bu bir ayda qazandıqlarının müəyyən hissəsini kasıblarla bölüşməlidirlər. Fitrə vermək hər bir oruc tutana yox, hər bir imkanlıya vacibdir.

Bəs, kimlər imkanlı sayılır?

Bu sualın cavabını tapmaq o qədər də çətin deyil. Çünki, bütün dövlətlərdə olduğu kimi bizdə də yoxsulluğu müəyyən edən meyarlar var. Məsələn, Azərbaycan dövləti 2023-cü il üçün yaşayış minimumu və ehtiyac meyarını 246 manat müəyyən edib. Bu o deməkdir ki, minimum ehtiyacları ödəmək üçün ailənin hər bir üzvünün ən azı bu qədər aylıq gəliri olmalıdır.

Əgər ailə üzvlərinin fərdi gəlirləri bundan aşağıdırsa, onda həmin ailə yoxsul sayılır və bu şəxslər dövlətdən əlavə yardım almaq hüququna malikdirlər. Bu minvalla 4 nəfər ailənin aylıq gəliri 1000 manata çatmırsa, demə o imkansız sayılır. Bu adamların fitrə verməsi vacib deyil.

Hənəfilərə görə aşağıda sadalananlara fitrə verilmir:

a) Valideynlərə, babalara və nənələrə,

b) Oğul, oğul uşaqları, qız, qız uşaqları və onlardan doğulan uşaqlar;

c) arvadına,

d) Zəngin, yəni əsas ehtiyaclarından başqa nisab miqdarında mal sahibi olan şəxs;

e) Yeniyetmə olmamış, atası zəngin olan uşaq

Şafiilərə və Əbu Yusifə görə, müsəlman olmayana fitrə verilə bilməz.

Bəs haqqında danışdığımız fitrə necə müəyyən edilir?

Fitrənin məqsədi, yaşadığı cəmiyyətin həyat səviyyəsinə uyğun olaraq bir kasıbın gündəlik yeməyini qarşılamaq, bununla da onun bayram sevincində iştirakına töhfə verməkdir.

Bu gün fitrə sədəqəsinin miqdarının müəyyən edilməsində insanın bir günlük (iki dəfə yemək) normal qida ehtiyacını ödəyəcək miqdarın ölçülməsi daha məqsədəuyğundur.

İnsan dini cəhətdən zəngin olanlara, oğluna (ana, ata, baba və nənə), övladlarına (övladlarına və nəvələrinə) və həyat yoldaşına fitrə sədəqə verə bilməz. Fitrə bir kasıba verilə və ya bir neçə kasıba paylana bilər.

Fitrə barədə ətraflı məlumat almaq üçün Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayevə müraciət etdik. O bildirib ki, şəriət baxımından dinimizdə fitrə zəkatı buğda, un və s. kimi minimum ərzaqdan hesablanır: “Amma insanlar fitrə zəkatı kimi orta səviyyədə ərzaq çıxarsa, daha yaxşı olar. Fitrə zəkatı yoxsullara, möhtac olan insanlara verilir ki, onlara verilən pulla öz ehtiyaclarını ödəsinlər. Bugünkü gündə ölkəmizdə imkansız ailələr az deyil. Qazilər, şəhid ailələri, qonşuluqda və ya qohum-əqrəbada elə kasıb adamlar var ki, onları mütləq nəzərə almaq lazımdır. Fitrə zəkatı bu cür insanlara verilməlidir. Bayram günü qapı-qapı dolaşıb dilənçilik edənlərə fitrə zəkatı vermək olmaz. Qafqaz Müsəlmanları İdarəsi olaraq hər il tövsiyə edirik ki, yaşından, oruc tutub-tutmamasından asılı olmayaraq ailədəki hər bir insan üçün fitrə zəkatı çıxarılsın. Bu, ailə başçısının boynuna bir haqq, dini əmrdir və icra olunmalıdır. fitrə zəkatı minimum 10-15 manat çıxarıla bilər. Əgər ailənin imkanı yoxdursa, amma fitrə zəkatı çıxarmaq istəyirsə, eybi yoxdur gücü çatan qədər çıxara bilər. Amma ümumiyyətlə, ailəsini çətinliklə dolandıran, əlində olan maddi imkan ilə ailəsinin son təminatlarını edən insanlar fitrə zəkatı çıxarmazlar. Yəni, onların boynunda haqq yoxdur”.

Bir kəs fitrə zəkatını bayram namazından əvvəl çıxartmağı unudubsa nə etməlidir?

Fitrə zəkatını namazdan əvvəl çıxartmaq vacibdir. Kim ki, unudarsa onun borcu yalnız fitrəni çıxartmaqdır. Çünki bu fərzdir və bunu yadına düşən zaman çıxartmalıdır. Buna baxmayaraq fitrəni namazdan sonraya saxlamaq olmaz. Çünki Peyğəmbər (s.ə.s) fitrəni namazdan öncə çıxarmağı müsəlmanlara əmr edib.

Fitrə zəkatı nə vaxt çıxarılır?

Fitrə zəkatı bayram namazına çıxmazdan əvvəl çıxarılır. Amma bunu bayram namazından iki gün əvvəl də etmək olar. Yəni 28-ci gecədən başlayaraq fitrə zəkatını çıxartmaq olar.

Nəticə etibarilə, fitrə müsəlmanların yerinə yetirməyə borclu olduğu bir ibadətdir. Və elə bir ibadətdir ki, yerinə yetirməsələr, axirətdə hesabını verməli olacaqlar.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə