Saxta içki insanı kor edə bilər - XƏBƏRDARLIQ! - EKSPERTLƏR MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycanda saxta içkilərin satışı və saxta aksizləşdirilməsi bir çox rayonlarda aşkarlanır. Bu içkilər də çox ucuz qiymətə satılır”. Bu barədə Azərbaycanda saxta içkilərin yaratdığı fəsadlarla bağlı SİA-ya danışan qida eksperti Ağa Salamov deyib.

Ekspertin sözlərinə görə, kustar üsulla hazırlanan içkilərin də kimyəvi tərkibi tamam fərqli olduğuna, zəhərlənmə riski yüksək olduğuna görə insanlar zərər çəkirlər: “Düşünürəm ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi geniş monitorinqlər aparmalıdır”.

A.Salamov qeyd edib ki, saxta limonadlarda da böyük çöküntülər olur: “Ümumiyyətlə qazlı, rəngli içkilər var ki, biz mütəxəssislər bunların sağlamlığa zərərli olduğunu deyirik. Çünki pH səviyyəsi onlarda 2.5, suda isə 7.4-dür. İnsana lazım olan dəyər də 7.4-dür. Kustar üsulla hazırlanan məhsullarda normativlər pozulur. Bu zaman da qida zəncirində qırılma olur. Bu da sonda zəhərlənməyə gətirib çıxarır”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edib ki, Azərbaycan dövləti biznes qurumları, ümumiyyətlə sahibkarlıqla məşğul olan insanlar üçün son dərəcə rahat, toxunulmaz bir şərait yaradıb: “Lakin bundan biznes qurumları sui-istifadə edir, çox zərərli mallar istehsal edir, bazara çıxarır satırlar. Bunlardan biri də spirtli içkilərdir. Dəfələrlə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinəyətkarlıqla Mübarizə İdarəsi həbslər həyata keçirib və sübut edib ki, ən bahalı içkilər ən prestijli barlarda, kafelərdə satılır. Lakin məsələyə son qoyulmur ki, qoyulmur. Çünki qanunların zəifliyindən istifadə edilir. Hətta prestijli içkilərin butulkaları atılmır, içərisinə naməlum mayelər doldurulur. Çox təəssüf ki, belə hallar mövcuddur. Bu halların qarşısının alınması üçün DİN-in adı çəkilən qurumu daha fəal iş görməlidir”.

E.Hüseynov bildirib ki, saxta içki bir neçə dəfə içildikdən sonra insanları kor edə bilər “Çünki bu içkilərin tərkibində sivuş yağları deyilən yağlar var. Bunlar insana çox zərərli maddələrdir. İnsanlar bunu asanlıqla ayırd edə bilməzlər. Xüsusilə üzərində istehsal və son yararlılıq müddətinin olmasına baxmaq lazımdır. Araqların saxlama müddəti 1 il, konyakların 3 il, şərablarınkı 6 aydan artıq deyil. İnsanlar bunu bilib tarixlərə fikir verməlidirlər. Bütün içkilərin üzərində aksiz markası olur. Bu markanın varlığına fikir versinlər”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə