Gələcəyin milli innovasiya əsaslı hərbi sənaye kompleksi, ordu quruculuğu, prioritetlər və prespektivlər… - FOTO

Ölkə başçısı öz çıxışlarında vurğuladığı kimi: “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin qarşısında duran əsas prioritet məsələlərdən biri ordumuzu NATO standartları əsasında çevik fəaliyyət göstərən “KOMANDO” birliklərinə çevirməkdir. Həmçinin, regionda yaranmış yeni geosiyasi, geostrateji konfiqurasiya reallıqları ilə silah boşluğunu doldurmaq, o cümlədən idxalyönlü müdafiə sənayesindən, çağın müasir tələblərinə cavab verən ixracyönlü innovativ Müdafiə Sənayesinə keçməkdir”.

Məlum olduğu kimi ötən əsrin sonlarında müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikası arxada qoyduğu bu 32 ildə çətin və şərəfli yol keçmiş, texniki tərəqqi, iqtisadi inkişaf və günbəgün artan siyasi-hərbi qüdrəti ilə müasir beynəlxalq münasibətlər sistemində söz sahibi, nüfuzlu aktor kimi öz layiqli yerini tutmuşdur. Və sözsüz ki, ölkənin hərbi qüdrətinin artırılması, müdafiə qabiliyyətinin daha da inkişaf etdirilməsi məqsədilə də yaradılmış Müdafiə Sənayesi Nazirliyinin bugünkü uğurlu nailiyyətlərinə imza atmışdır. Belə ki, iqtisadiyyatın və sənayenin aparıcı və strateji seqmentlərindən olan bu spesifik sahədə dövlətin həyata keçirdiyi davamlı və dayanıqlı inkişaf siyasəti öz bəhrəsini vermiş, yeni dövrün tələb və təklifinə uyğun çoxsayılı mütərəqqi layihələr layiqincə həyata keçirilmişdir.

Həmçinin bu sferada beynəlxalq təcrübə onu göstərir ki, müdafiə sənayesi kompleksinin müasir standartlara cavab verməsi, onun regionda hərbi güc mərkəzinə çevrilməsi və bu istiqamətdə həyata keçirilən məqsədyönlü islahat proqramları birbaşa dövlət siyasəti, onun sarsılmaz iradəsi ilə sıx bağlıdır.

Eyni zamanda inkişaf etmiş qərbin, onun ötən əsrin ortalarında təsis etdiyi alyansın (NATO) da qabaqcıl təcrübələrindən bilindiyi kimi müdafiə sənayesi sferasının kompleks inkişaf etdirilməsi siyasətinin təməli, texnoloji innovasiyalar əsaslı islahatlara söykənilmişdir. Bu məqsədlə islahat proqramlarının mütərəqqi metodlarla həyata keçirilməsi, arzuolunan nəticələrin əldə olunması, innovasiya yönümlü texnoloji tərəqqi proseslərin əsas hədəflərindən sayılmışdır. Digər tərəfdən də elmi-texniki tərəqqinin müasir mərhələsində, sosial həyatın bütün sahələrinin rəqəmsallaşdığı, rəqəmsal transformasiyanın həyata keçirildiyi isti fazada yeni texnologiyalardan istifadə son dərəcə vacib və əhəmiyyətli hesab olunur. Bu və ya digər dövlətin inkişaf səviyyəsi, beynəlxalq münasibətlər sistemində onun yeri, müasir texnologiyalardan istifadə əmsalı, imkanları, o cümlədən bu resurslara əlçatanlığın üzvü bağlılığı ilə bilavasitə əlaqəlidir.

Bu gün məlumumuzdur ki, ölkəmiz müasir dövrün çağırışlarına və eləcə də qlobal, regional təhdidlərə cavab verən özgüvənlə sərbəst və adekvat siyasət yürüdür. Həmçinin yeni çağın reallıqlarına uyğun müasirləşmə, yeniləşmə və çoxşaxəli islahatları da açıq şəkildə qabaqcıl təcrübələrə uyğun həyata keçirir. Burada inkişaf anlayışı, həm də innovasiya əsaslı, hərtərəfli təkmil idarəetmə anlamında yanaşılmanı özündə ehtiva edir. Hər bir inkişaf etmiş dövlətin özünə məxsus keçdiyi yol və əldə etdiyi təcrübə onu göstərir ki, bu sferada yüksəlişə aparan tək “trend”uğurlu islahatlarla idarəetmə aparatının daim innovasiya yönümlü olması və yenilənəbilməsidir. Çünki innovativ iqtisadiyyat yönümlü islahatlar dövlət idarəçiliyi sisteminin səmərəliliyinin artırılmasını, çevik və məqsədyönlü fəaliyyət göstərən idarəetmə strukturunun təkmilləşdirilməsilə yenidən formalaşmasını tələb edir.

Ölkəmizdə idarəçilik sahəsində həyata keçirilən dövlət siyasətində smart idarəçilik sisteminə önəm verilməsi, onun inkişaf etdirilərək beynəlxalq standartlara çatdırılması və eləcə də müasirləşdirilərək formalaşdırılması texnoloji tərəqqini şərtləndirən əsas amillərdən hesab olunur. Bu baxımdan respublikamızın çox mühüm və mürəkkəb coğrafi-siyasi məkanda yerləşməsi, onun gərgin müharibə vəziyyətində olması innovativ müdafiə sənayesinin yaradılmasını vacib, “ağıllı” təsissatlarının qurulmasını diktə edir. Qeyd edilən amillər Milli Müdafiə Sənayesi sferasını daim diqqət mərkəzində tutur, onu müdamadi yenilənməli olan ölkə iqtisadiyyatının strateji sektoruna aid edir. Bu sferada müdafiə və ikili təyinatlı innovativ məmulatların mənimsənilməsi, yaradılması, silah-sursat, hərbi texnika və digər vasitələrə olan artan tələbatın qarşılanması, o cümlədən idxaldan asılılığın azaldılması, xərclərə qənaət edilməsi zərurətini yaratmışdır. Bunun üçün, bu sferaya peşəkar insan potensialı, onun ehtiyat resursları və eləcə də yeni texnoloji imkanlar səfərbər edilməlidir.

Bu yöndə həyata keçirilən davamlı islahatlar ölkə iqtisadiyyatının şaxələnməsinin sürətləndirilməsinə, qeyri-neft sektorunun inkişaf tempinin təmin olunmasına, yerli və xarici investisiyaların, müasir texnologiyaların cəlb edilməsinə və qabaqcıl idarəetmə təcrübələrindən faydalanmaqla rəqabətə davamlı məhsul istehsal edən zavod və müəssisələrin, yeni iş yerlərinin yaradılmasına, nəticə etibarı ilə də respublikanın iqtisadi qüdrətinin artırılmasına yönəldilməsi başlıca amillərdəndir.

Yarandığı 2005-ci ildən etibarən Müdafiə Sənayesi Nazirliyi qəbul edilmiş strateji proqram və planlar üzrə Silahlı Qüvvələrin imkan və qabiliyyətinin qarşıda duran mühüm vəzifələrinə uyğun inkişaf etdirilməsi, habelə əməliyyatların yeni üsul və formalarla aparılması üçün zəruri silah, hərbi və xüsusi texnika növlərinin tətbiqinə, onların yerli istehsalına və təminatına tam və fasiləsiz səfərbər olunmuşdur. Burada yüngül-atıcı silahların, döyüş sursatının, hərbi xarakterli müxtəlif texniki və nəqliyyat vasitələrinin, o cümlədən mülki sahədə gərəkli ola biləcək ikili təyinatlı məhsulların hazırlanmasında üstün nailiyyətlər əldə edilmiş və bu istqamətdə motivasiyalı ekspert səyləri daha da təşviq olunabilmişdir.

Bununla belə günün aktual gerçəklikləri innovativ iqtisadiyyatı, onun rəqəmsal biznes proseslərinin dinamikasına uyğunlaşdırmağı, ölkə başçısının təbirincə də bütün digər sahələrdə olduğu kimi bu yönümdə də rəqəmsal transformasiyanın vacibliyi və onun potensial imkanları ciddi nəzərə alınmalıdır. Həmçinin dövlət aktivlərinin idarə edilməsində yeni yanaşma üsulları, biznes məntiqinin və “smart” menecmentinin tətbiq edilməsi, bu qəbildən həyata keçirilən islahatların, innovativ dəyişikliklərlə məqsədli xərclərinin optimallaşdırılması, dövlət büdcəsinin yükünün azaldılması, tədqiqat və xüsusi hərbi hazırlıq məqsədli innovasiya mərkəzlərinin formalaşdırılması prioritet hədəflərə aid edilmişdir.

Bu məqsədlə də həyata keçirilən çoxşaxəli islahatların təməlinə əsas hədəf kimi mülki və hərbi təyinatlı innovativ məhsulların təlabata uyğun geniş çeşidli portfelinin yaradılması qoyulmuşdur. O cümlədən biznes mühitinin müdafiə sənayesi ilə sıx əməkdaşlığı, bu sferada qarşılıqlı səmərəli əməkdaşlığa önəmin verilməsi və təbii ki, arzuolunan sıçrayışlı inkişafını (iqtisadiyyatda buna “frog leap” - qurbağa sıçrayışı deyilir) da tətikləmiş olacaqdır.

Həmçinin məlumumuzdur ki, rentabelli məhsullar buraxan hərbi yönümlü zavodlarda mütəmadi şəkildə yeni innovativ istehsalat xətlərinin qurulması şərtdir və eləcə də yerli və beynəlxalq bazarlarda müasir “tələb və təklif”ə uyğun məhsul çeşidlərinin genişləndirilməsi üçün də əlavə istehsal xətlərinin açılması labüddür. Hərbi sənaye kompleksinin sözsüz ki, başlıca məqsədi ölkənin Silahlı Qüvvələrinin və qanunvericiliklə yaradılan digər silahlı birləşmələrin zəruri ehtiyaclarının vaxtaşırı obyektiv qiymətləndirilməsi, habelə müasir tipli avadanlıqlarla təchiz etmək, texniki xidmət göstərmək və onlarla işçi qaydada əməli, əlaqəli və səmərəli fəaliyyətləri qurub tənzimləməkdir.

Digər tərəfdən də nəzərə almaq lazımdır ki, dünyada silah, hərbi və xüsusi texnikaya olan tələbatın miqyas və xarakterinin dəyişməsi, həmçinin hərbi-texniki məhsul bazarında rəqabətin güclənməsi ölkələri öz hərbi sənaye kompleksini, bu sahədə yaradılmış imkanlarını daim təkmilləşdirməyə və mövcud iqtisadi reallıqlarla uyğunlaşmağa, dövlət maraqlarının və təhlükəsizliyinin qorunmasının əsaslı təminatına sövq edildiyi də vacib məqamlardandır.

Odur ki, ölkəmizin iqtisadi imkanları ilbəil artdıqca güc strukturlarının müasir standartlar səviyyəsində və təməlində yeni texnologiyaları cəmləşdirən silah sistemləri ilə təchiz edilməsi, bununla yanaşı, XXI əsr müharibələrinin müqəddəratını həll edən kəşfiyyat və zərbə pilotsuz uçuş aparatlarının - PUA, SİHA, İHA’ların yerli istehsalı sahəsində də mühüm addımların atılmasını qaçılmaz etmişdir. PUA-ların, dron texnologiyasının, kəşfiyyat-patrul maşınlarının, döyüş modullarının, müxtəlif növ müasir simulyasiya sistemlərinin işlənilməsi, innovativ hərbi məmulatların ölkəmizin güc strukturlarının tələblərinə uyğun modernləşdirilməsi və seriyalı istehsalının təşkili ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsini daha da aktual etmişdir.

Yuxarıda qeyd olunan vacib kriteritalar, əsaslı məsələlər baxımından, hərbi-sənaye kompleksi sektorunda innovativ yönümlü islahatların aparılması öz effektiv nəticələrini qətiyyən gecikdirməz. Buraya həmçinin sistemin auditi, rəqəmsal texnologiyaların tətbiqi və zəruri xərclərin optimallaşdırılması kimi strateji məqamları və digər vacib amilləri də təbii ki, daxil etmək olar. Eyni zamanda elmi-texniki potensialın təşviq edilərək aidiyyatı sahələr üzrə cəmləşdirilməsi, əlavə xərclərin aradan qaldırılması, əmək resurslarının səmərəli şəkildə prioritet istiqamətlərə yönəldilməsi, rəqabət qabiliyyətli məhsulların yaradılması və istehsalına da təkan vermiş olardı.

Yaxın keçmişə ekskurs etdikdə bir çox inkişaf etmiş ölkələrdə müdafiə sənayesində geniş tədbiq olunan və sonralar dönüb mülki məqsədlər üçün istifadə edilən texniki vasitələrə də şahidlik edirik. Belə ki, bunlar vaxtıilə bizə yaxşı məlum olan hərbi məqsədlə yaradılmış olan internet, onun resursları, həmçinin müasir rabitə sistemləri, ratsiya və GPS naviqasiya vasitələri, eləcə də mülki təyinatlı digər analoji məhsulların geniş portfelini yaradan iri aviasiya və avtomobil konsernləri daxildir.

Hazırda, bilindiyi kimi ABŞ-da DARPA (Müdafiə sahəsində Qabaqcıl təcrübənin Öyrənilməsi və İnkişafı Agentliyi) innovasiya mərkəzi fəaliyyət göstərir. Həmin mərkəz silahlı qüvvələrin ehtiyaclarının müntəzəm qiymətləndirilməsini, bu sferada yerli podratçıların cəlb edilməsi ilə müdafiə sahəsində innovasiyalar bazarının konsolidasiyası, xarici tərəfdaşlarla əməkdaşlıq əsasında birgə çalışmaqla müvafiq məhsulların hazırlanmasını təmin edir.

Bu baxımdan İsrail hərbi-sənaye kompleksi də bu yöndə kommersiyalaşdırılmanın daha bir bariz nümunəsidir. Belə ki, bu ölkədə istehsal edilən müvafiq məhsulların 80 faizi ixraca yönəldilib. Müdafiə sənayesi üzrə yüksək texnologiyalar sferasında İsrail digər ölkələrlə müqayisədə böyük üstünlüyə malikdir. Bundan başqa, İsrailin Hərbi-Sənaye Kompleksi təmir-modernləşdirmə işlərində yaxşı təcrübəyə malikdir.

Bir digər tərəfdən də qardaş ölkə - bu günün Türkiyəsi, son dövrlər öz müdafiə sənayesini durmadan inkişaf etdirmiş, strateji hədəflər müəyyən etmiş, bu hədəflər doğrultusunda aidiyyatı sferaya məqsədli sərmayələr qoymuş və əldə etdiyi öz uğurlu nəticələri ilə də bu sahədə həm dəniz donanmaları, həm hava və quru qoşunları üçün müasir silah-sursat, o cümlədən pilotsuz uçan aparatlar, dron texnologiyası, robotik çalışmalar, süni zəka içərən innovativ layihələr, gəlişmiş proqram yazılımı, geniş hədəfli simulyasiya sistemləri, mina axtaran “ağıllı” qurğu və digər mütərəqqi mövzularda demək olar ki, dünya öncüllərinin sıralarına inam və iradə nümayiş etdirərək daxil olabilmişdir.

Bu qəbildən qabaqcıl Qərbin, İsrailin, o cümlədən qardaş Türkiyənin innovativ hərbi məmulatları, onların qabaqcıl nümunələri və eləcə də üstün bilik, təcrübə və peşəkar vərdişləri qarşılıqlı faydalı əməkdaşlıq şəraitində, isti və işguzar mübasibətlərlə yaxından mübadilə olunur. Bu da öz növbəsində ölkəmizdə mudafiə təyinatlı məhsullarının xarici bazarlara çıxarılması, hərbi-texniki əməkdaşlığın daha da genişləndirilməsi, qarşılıqlı faydalı əlaqələrin inkişafı və yerli istehsalın ən yeni nailiyyətlərinin nümayişi, o cümlədən müdafiə təyinatlı məmulatların, silah və hərbi-xüsusi texnikaların daha da gəlişdirlməsi baxımından qabaqcıl təcrübə mübadiləsi kimi çox əhəmiyyətli məsələlərdəndir.

Ümumiyyətlə, hərbi-texniki əməkdaşlığın genişləndirilməsi, bu sahədə qabaqcıl texnologiyaların Azərbaycana gətirilməsi və beləliklə yüksək standartlara cavab verən silah və hərbi texnika növlərinin yerli imkanlar hesabına layihələndirilməsi, istehsalı və təkmilləşdirilməsinə nail olunması digər qabaqcıl ölkələrdə də olduğu kimi bizdə də başlıca prioritet vəzifələrə aid edilmişdir. Təbii ki, sonda dövlət başçısının vurğuladığı kimi: ”Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və bu sahədə də biz beynəlxalq əməkdaşlığa verdiyimiz əhəmiyyətlə böyük nailiyyətlərə çata bilmişik”.

Həm də iqtisadiyyatı güclü olan dövlətlər sarsılmaz və basılmazdır…

Əflatun Məmmədov,

Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun direktorunun birinci müavini,

İnternet və Yüksək Texnologiyalar üzrə ekspert

Bütün xəbərlər Facebook səhifəmizdə