Hüquqi cəhətdən hansı hallarda ağac kəsmək olar? - AÇIQLANDI

“Vətəndaş ağacı özü əkibsə belə, həmin ağac onun həyətyanı sahəsindən kənardadırsa, onda onu kəsmək üçün mütləq torpaq mülkiyyətçisinə (yerli bələdiyyə, icra hakimiyyəti və s.) müraciət etməlidir. Həmin qurumların Ekologiya və Təbii Sərvətlət Nazirliyin müraciətindən sonra nazirliyin mütəxəssisləri ağacın mövcud vəziyyətini öyrənmək üçün ağaca yerində baxış keçirir. İnsan həyatına və vətəndaşın əmlakına təhlükə törədəcəyi baxımından ağacın kəsilməsi, yaxud köçürülməsi zərurəti yaranarsa, müvafiq rəy verilir. Rəyin icrası yerli yaşıllaşdırma idarəsi tərəfindən icra edilir”. Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyib.


Fariz Əkbərov sözlərinə belə davam edib: “Ümumilikdə yaşıllıqların qorunub mühafizə edilməsinin "Yaşılllıqların mühafizəsi haqqında" qanunla tənzimləndiyinə görə vətəndaşların həyətyanı və bağ sahələrindəki ağacları kəsə bilməsi üçün həmin ərazinin vətəndaşın mülkiyyətinə aid olması barədə təsdiqedici sənədləri olmalıdır. Əgər həyətyanı torpaqların, bağ sahəsinin sənədi, xüsusi mülkiyyətə dair dövlət reyestrindən çıxarış sənədi varsa, ağac vətəndaş tərəfindən kəsilə bilər. Amma bu sənəd yoxdursa, onun ağac kəsməsi qanunvericiliyə ziddir.

Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 nömrəli “Yaşıllıqların götürülməsi Qaydası”na əsasən ağac kəsilməsinə görə məsuliyyət ümumiyyətlə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar, əkinlər istisna olmaqla digər sahələrə şamil edilir. İctimai obyekt, avtotexniki xidmət məntəqələri və bu kimi yaşayış məntəqələri xüsusi mülkiyyətdədirsə və orada ağac kəsilirsə, o zaman şəxsə cərimə tətbiq edilir. Amma həyətyanı və bağ sahəsindəki ağaclar kəsilirsə, buna cərimə tətbiq olunmur”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə