Çərşənbələr arasında üçüncüsü “Yel çərşənbəsi”dir. Bu çərşənbənin digər adı da "Külək çərşənbə"si adlanır. İnanclara görə, Yel çərşənbəsində yel dünyanı gəzib odu işə salır və həmin gün əsən yel həm isti, həm də soyuq olur. Bu dəyişiklik küləyin yenilənməsinə, yazın gəlişinə və havaların isinməsinə işarə edir.
Bəs, Yel çərşənbəsinin tarixi nəyə əsaslanır? SİA mövzu ilə bağlı araşdırma aparıb.
Azərbaycanda “Yel Çərşənbəsi” Novruzdan əvvəl üçüncü çərşənbə gecəsidir. Təbii ünsür kimi küləyə inanc Cənubi Sibir və Yakut türklərində hələ də mövcuddur. Türk mifologiyasının müəllifi Bahaeddin Ögelin yazdığına görə, Yakut türkləri küləyi dörd istiqamətə ayırmış və türklərin müqəddəs istiqaməti olduğu üçün şərqdən əsən küləyi müqəddəs saymışlar. Şərqdən əsən küləklər insanlara xeyir gətirdiyi üçün baharı da özü ilə gətirir.
Eynilə Azərbaycanda da Külək çərşənbəsində dörd küləyin bir araya gəldiyinə inanılır. Bu "Ağ yel", "Qırmızı yel", "Qara yel", "Yaşıl yel"dir. Azərbaycan türklərinin inancına görə bu dörd yel qara çayın yatağında yatır. Ağ yel suyu təmizləyir, Qırmızı yel odu alovlandırır, Qara yel yeri oyadır, Yaşıl yel yer üzündə toxumları cücərdirir. Beləliklə, dörd yelin Novruzdan əvvəlki dörd çərşənbə gecəsi ilə əlaqəsini görə bilərik.
Yel çərşənbəsində hər evdə pəncərələr açılır, xalçalar tozlanır, evlər təmizlənir, hər künc süpürülür və Novruz bayramına hazırlıq görülür. Bundan əlavə, Novruz süfrəsinin bəzəyi olan “Səməni”nin toxumları islanaraq bu gün cücərməyə buraxılır. Bərəkət və bolluğu simvolizə edən toxumlar ümumiyyətlə mərci və buğda toxumlarından ibarətdir.
Mifologiyada Yel çərşənbəsi yaradılış prosesinin üçüncü mərhələsini təmsil edir. Torpaq və su insan yaradıcılığının maddi əsasını təşkil etdiyi halda, od və külək (hava) bunun yaranmasına kömək edir. Yaradılış mifologiyasında torpaqda və suda daha çox sabitlik, odda isə dinamizm və hərəkətlilik var. Bu mənada külək birbaşa ilahi gücün iradəsi kimi meydana çıxır.
Odla yanaşı, külək də mənəvi başlanğıc sayılır və suyun əks tərəfində dayanır. Canlılara nəfəs verməklə öz hərəkətliliyini və dinamizmini ötürür. Buna görə də ölü torpağı və suyu durğunluqdan xilas edir. Bu xüsusiyyətinə görə külək ruhla eyniləşdirilir.
Dünya xalqlarının kosmoqonik mif sistemlərində əfsanəvi zamanın başladığı nöqtədə hava baş Tanrıdır. Azərbaycan türklərinin mifoloji baxışlarına görə, “Qara çayda yatan 4 növ yel” əvvəlcə səthə çıxıb təmizlənir, sonra hər biri ayrı-ayrı paltarlar geyinir. Yel çərşənbəsində külək ağacların budaqlarını sıxlaşdırır, onları qış yuxusundan oyadır, tumurcuqlarını açır, buludları qovur və isti yay yağışlarını yağdırır.
Qeyd edək ki, küləyin geyimi ilə xarakteri arasında oxşarlıq var. Burada rənglərin mifoloji mənaları xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan mifologiyasında Ağ yel - ağ paltarda, Qara yel - qara paltarda, Xəzri (Xəzərdən əsən soyuq külək) - mavi paltarda, Gilavar (Bakıdan əsən isti cənub küləyi) - qırmızı paltarda olur.
Yel Baba və ya Yel Ana kimi tanınan bu mifoloji varlıq başlanğıcı və ilk xaosu simvollaşdırır. Yel babanın vəzifəsi təkcə külək əsmək deyil, həm də qasırğa yaratmaq və havanı qarışdırmaqdır. “Yel Ana” yerlə göy arasında mövcud olan bir qüvvədir.
Qədim təsəvvürlərə görə, Yel Baba su və torpaq qüvvələrinə müqavimət göstərən varlıqdır. Əslində mətnlərdə suyun və torpağın birlikdə yaratdığını dağıdan, təhrif edən Yel babadır. Yel baba Azərbaycan mifologiyasında at belində qoca kimi təsvir edilmişdir.
Yel baba həm də Azərbaycan mifoloji təfəkküründə bələdçi rolunu oynayır. Yel Baba sıx meşələrdə itən və evini tapmaqda çətinlik çəkən xeyriyyəçidir.
Yel baba insanların qarşısına çıxır, onlara bir ipucu verir və topu yerə atıb yuvarlamağı xahiş edir. Yel babanın zərbəsi ilə topaq açılır və yolunu azmışlara evinə gedən yolu göstərir.
Yel baba mərasiminin kökü əcdadlarımızın külək tanrısına inamından qaynaqlanır. Azərbaycanın bəzi bölgələrində hələ də davam edən xalq inancına görə Yel Çərşənbəsi gecəsi söyüd ağacının altında dilək tutub, Yel baba çağırılsa, Yel baba səsini eşidib əssə və söyüd ağacının budaqları ağaca toxunsa, diləklər yerinə yetər.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə