Qondarma “erməni məsih” və UĞURSUZ "ZÜHUR" - TƏHLİL

Məğlubiyyət acısını yaşayan Ermənistan cəmiyyətinə, batmaqda olanın saman çöpünə əl uzadacağı ümidi ilə özünü, öz hakimiyyətini sırımağa çalışan Koçaryan yenə də hiyləgərliyi və hakimiyyət hərisliyi ilə diqqəti cəlb edib. Ən çox da erməni dövlətini böhrandan çıxarmaq üçün guya xüsusi yollar təklif edən Koçaryanın özünü “məsih” kimi aparması isə böyük ikrah doğurur. Çünki erməni xalqı özü belə bu hiyləgərin dondan-dona girdiyini yaxşı bilir və görür ki, o erməni dövlətini böhrandan çıxarmaq üçün heç zaman xüsusi yollar təklif etməyib və indi də heç bir yol təklif etmir, sadəcə hakimiyyəti ələ keçirmək üçün müxtəlif yollara əl atır.

Ermənistanın ikinci prezidenti olmuş Robert Koçaryanın mətbuat konfransı keçirməsi, konfransda fərqli fikirlər səsləndirməsi bu ölkənin özündə belə müxtəlif fikir ayrılıqlarına, spekulyasiyalara səbəb olub. Düzdür, Robertin mətbuat konfransı keçirməsi birinci dəfə deyildi, onun adamları mütəmadi olaraq mediada çıxış edirlər və ermənilər öz ölkələrinin ən böyük müxalifət qüvvəsinin belə nə halda və necə nəfəs aldığını da az-çox bilir. Kimlərsə Robert Sedrakoviçin birdən-birə işıq saçacağını və guya Ermənistanı xilas etmək reseptini təqdim edəcəyini ağlının ucundan belə keçirirdilərmi, ona ümid edilirdimi? Əsla yox. Əslində, Koçaryan mətbuatla ünsiyyətindən başqa heç nə əldə edə bilmədi.

Əsl həqiqətlər göz önündədir və həmin həqiqətlər ondan ibarətdir ki, özünü xilaskar, hətta məsih kimi göstərmək, təqdim etmək istəyən Robert Koçaryan eyni ilə əvvəlki kimi, ölkə rəhbəri kürsüsünə qayıtmaq üçün irrasional fikrindən əl çəkmək niyyətində deyil. “Hakimiyyət dəyişikliyi mütləq tələbdir və aydındır ki, xəstəliyə sövq edən mühitdə sağalmaq da mümkün deyil”, deyən Sedrakoviç bütün çıxışını eyni mövzuya, hakimiyyət dəyişikliyinə həsr edib və məqsədi də özünün hakimiyyət kürsüsünə gəlməsinə nail olmaq olub. Bunu da artıq erməni cəmiyyəti yaxşı başa düşür və çətin ki, ikinci erməni prezidenti bunu xəyallarında belə bir də təsəvvür edə.

Koçaryanın özünün belə etiraf etdiyi kimi, indi erməni cəmiyyəti keçmiş günlərinə qətiyyən dönmək istəmir. İstəməz axı. Çünki başına gələn müsibətlərini unutmayıb və bu gün qarşılaşdıqları acınacaqlı vəziyyətin toxumunun həmin o hakimiyyət tərəfindən cücərdildiyini yaxşı bilir. Ən maraqlısı odur ki, hər dəfə olduğu kimi, bu dəfə də “erməni məsihi” rolunda çıxış edən Koçaryan əslində, Ermənistan dövlətini böhrandan çıxarmaq üçün heç bir xüsusi yol təklif etməyib. Bu baxımdan onun mətbuat konfransında dediklərinin hamısı cəfəngiyyat kimi qəbul edilir. Təsadüfi deyil ki, erməni cəmiyyəti Robert Köçəryanın sonuncu mətbuat konfransındakı çıxışına tamamilə biganə qaldı. Elə isə özümü məsih kimi sırıması heç bir effekt verməyib, verə də bilməz. Belələri xilaskar yox, baiskardırlar və bunu da artıq bilməyən yoxdur. Beləliklə, Robertin erməni xalqına öz ağlının məhsulu olaraq “məsih”in zühuru missiyası götürməsi uğursuzluqla nəticələndi. Eyni bütün uğursuzluqları kimi. Belə uğursuzluqları fonunda çətin ki, erməni xalqı könüllü olaraq hakimiyyəti ən nifrət edilən daxili siyasətçilərdən birinə gümüş nimçədə təqdim etmək istəsin.

Axmaqlıq, yoxsa xəyanət?

Ermənistanın eks-prezidentinin həmin işğalçı ölkənin zəifliyini dərk etməsi fonunda təhlükəsizlik baxımından çarəni yanlış yerdə, yəni qeyri-sabitliyə qucaq açan yaramaz dövlətlərdə axtarması ya axmaqlıq, ya da xəyanət kimi qiymətləndirilir. Koçaryan İranla münasibətləri dərinləşdirməyi ya amaqcasına, ya da xəyanətkarcasına təklif edir. İndi İran ən güclü etirazlarla sarsılan bir ölkədir və bu etirazların nəticəsini proqnozlaşdırmaq belə mümkün deyil. Üstəlik, bütün dünya İrana qarşı çıxdığı bir vaxtda belə təklifə erməni cəmiyyəti çox aqressiv yanaşdı.

Digər tərəfdən Sedrakoviçin Ermənistanı Rusiyanın ayaqları altına sürükləməyə çalışdığı da açıq şəkildə özünü biruzə verir. Hakimiyyəti dövründə öz ölkəsini Rusiyadan tam asılı vəziyyətə salan Koçaryanın yenə də eyni plan üzrə hərəkət etmək istədiyi görünür. Düzdür, Robert hər zaman Rusiyanın ən yüksək rütbəli müxtəlif növ məmurları tərəfindən açıq-aşkar təhqir olunub, amma bu, onu heç narahat da etməyib, çünki həmişə yalnız şəxsi hakimiyyətinin təhlükəsizliyindən narahat olub. Elə indi də hakimiyyəti üçün çalışır və ölkəsini gah İranın, gah da Rusiyanın ayaqları altına atması, suverenliyinin əldən verilməsi təhlükəsini hesba belə almadan müvafiq fikirlər söyləməsi Ermənistan ictimaiyyətində, erməni cəmiyyətində onun xain olması barədə şübhələrin peyda olmasına gətirib çıxarıb. Deməli, erməni xalqı Robert Sedrakoviçi ya axmaq, ya da xain hesab edir ki, bu halda “erməni məsihi” kimi özünü aparması çox gülüncdür. Bir sözlə, “erməni məsihi” obrazında rola girməsi uğursuzluqla nəticələnib.

Təbii ki, reallıqlardan kənar danışanlar, hərəkət edənlər uğursuzluqla da qarşılaşmalıdırlar. Ən azından real vəziyyəti söyləyənlərin, reallıqları göstərənlərin fikirlərinə diqqət edilir. Məsələn, Koçaryanın fikirlərinə məhəl qoyulmadığı halda, Ter-Petrosyanın Qarabağ klanı barədə dedikləri Ermənistanda rezonans doğurub. Bəziləri onu ağlını itirmiş, axmaq qoca adlandırsalar da ermənilərin əksəriyyəti qəbul edir ki, uduzduqlarını, itirdiklərini etiraf etməkdə o haqlıdır və erməni cəmiyyətini illüziyalardan yaxa qurtarmağa çağırması doğru çağırışdır. Ermənistan cəmiyyəti üçün özünün birinci prezidentinin dediklərinə qulaq asması son dərəcə ağrılı olduğu kimi, dediklərini qəbul etməsi bundan da ağrılıdır, amma bununla belə qulaq asılır, hesaba alınır.

“Yeni hökumət gələcək”, deyə pafosla çıxış edən Seyran Ohanyan, yəni Ermənistanın keçmiş müdafiə naziri bəllidir ki, “yeni hökumət” dedikdə, Koçaryanı və özünü nəzərdə tutur, amma unudur ki, erməni xalqı onların dövründə nə günlərə qaldığını unutmayıb. Özlərini yenilməz kimi sırımağa çalışan bu sabiq nazir bilmirmi ki, Ermənistan hərbisində korrupsiya, “dedovşina” və kriminal anlayışlar məhz onun dövründə çiçəklənib? Bilmirmi ki, hərbçilərin araşdırılmayan qətliamları və intiharları da onun dövründə olub? Generalların və polkovniklərin milyonçuya çevrilməsindən yoxsa Ohanyan xəbərsizdir? Ağlına gəlmirmi ki, belə milyonçular təsadüfi peyda olmamışdılar və onların hakimiyyətləri dövründə buna şərait yaradılmışdı? Əlbəttə ki, hər şeydən xəbəri var və ermənilərin uduzduqları barədə Ter-Petrosyanın etiraflarını nə qədər axmaqlıq kimi qələmə verməyə çalışsa da faktlar gözləri önündədir və Ermənistan üçün ağrılı olan həqiqətlərlə, məğlubiyyətləri ilə, başda elə Ohanyan, Koçaryan olmaqla barışmalıdırlar.

Başda elə Seyran Ohanyanın özü olmaqla, Sarkisyanın düşərgəsindən çıxış edənlər daha da əhəmiyyətsiz görünürlər. Məsələn, Armen Aşotyan birinci prezidentin müsahibəsini şərh edərkən bildirib ki, “ölkənin acınacaqlı vəziyyəti indiki vəziyyətdən çıxış üçün ən effektiv konsensus yolunun axtarışını diktə edir”. Maraqlıdır, məgər Ohanyan bilmirmi ki, nəzərdə tutduğu dırnaqarası “şanlı” hakimiyyətinin on illiyi ərzində ölkəsini bərbad vəziyyətə salan onun ağası Serj Sarkisyan olub? Əlbəttə bilir. Onu da bilir ki, Ermənistanın artıq heç bir rol oynamadığı Qarabağ torpaqlarını unutmaları, sülh müqaviləsi imzalayaraq yaşamağa davam etmələri, hazırda ölkələri üçün başqa çıxış yolunun olmadığı barədə deyilənlən əsl reallıq və həqiqətdir. Ağlını itirmiş bir qoca saydıqları adam əslində, çarəsizliklərini və yeganə çıxış yolunu, vəziyyətlə barışmağın yeganə doğru yol olduğunu ermənilərə göstərir, uduzduqlarını bəyan edir, vəziyyəti geri qaytarmağın mümkünsüzlüyünü söyləyir. İşğalçı ölkənin birinci prezidentinin dediyi kimi, indi artıq onlar üçün Ermənistanın dövlətçiliyini qoruyub saxlamaq daha vacibdir, nəinki başqalarının torpaqlarına göz dikib mənimsəmək istəmələri və orada dövlət yaratmaq istəyinə düşmələri.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə