Bu cür ifadələrlə sülh sazişinin imzalanması qeyri-mümkündür - MÜNASİBƏT BİLDİRİLDİ
"Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin dəvəti ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş sülhə və regionda təhlükəsizliyə xidmət edən bir görüş kimi dəyərləndirilə bilər”. Bu fikirləri SİA-ya açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Onun sözlərinə görə, üçtərəfli görüşdə əldə olunan razılaşmalardan görünür ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin gələcək inkişafı Azərbaycanın təqdim etdiyi 5 şərt üzərində aparılacaqdır: "Azərbaycanın təklif etdiyi 5 şərt beynəlxalq hüquq normalarına söykənən şərtdir və hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınması, sərhədlərin delimitasiya və demorkasiya proseslərini, eyni zamanda kommunikasiyaların təmin edilməsi ilə bağlı məsələləri özündə ehtiva edir. Düşünürəm ki, sülh istəyən dövlətlər bu şərtlərlə razıdırlar. Amma Ermənistan manipuliyasiya edərək vaxtı uzatmağa çalışırdı. Brüsseldəki görüş bunu göstərir ki, Aİ Azərbaycanın 5 şərti üzərində gələcəkdəki işlərin davam etdirilməsi arzusundadır və Ermənistan da bunu qəbul edib.
Aprelin 6-da keçirilən görüşü 2021-ci il dekabrın 14-də keçirilən görüşün davamı kimi qiymətləndirə bilərik. Hesab edirəm ki, Avropa İttifaqı bu məsələdə tərəfsizdir və bölgədə sülhün təmin olunması ilə bağlı addımlar atır. Bu görüşün nəticələrinə qiymət verərkən deyə bilərik ki, bu Azərbaycanın növbəti uğurudur. Brüssel görüşündən sonra Paşinyan hökümət iclasında “Hazırda Azərbaycanın bizim nəzarətimizdə olan müəyyən əraziləri var” deyə ifadə işlətməsi Ermənistanın siyasi hakimiyyətinin çətin vəziyyətdə olduğunu göstərir. Aİ Şurası Prezidentinin açıqlamalarında qeyd olunur ki, bu razılaşmalar Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf üçün olduqca mühümdür və ona görə də Aİ tərəfsiz olaraq beynəlxalq hüquq normalarına söykənən bir formada məsələnin həllində maraqlıdırlar.
Azərbaycan və Ermənistan Xarici İşlər Nazirliklərinə delimitasiya və demorkasiya ilə bağlı komissiyanın yaradılması üçün tapşırıqların verilməsi, sülh sazişinin mətninin hazırlanması üzərində işə elə Brüsseldə başlanılması bir daha onu göstərir ki, sülh sazişinin imzalanması yaxındır. Sülh sazişi ilə bərabər digər məsələlər də öz həllini tapacaq.
Bu görüş zamanı “Dağlıq Qarabağ”ın, ATƏT-in Minks qrupunun adının çəkilməməsi də diqqət çəkən məqamlardandır. Bunlar bizim uğurlarımızdır. Hesab edirəm ki, bu həm də Ermənistanın uğurudur. Çünki Ermənistan bu cür iddialarla hərəkət etdikdə hər zaman təzyiqlər altında olacağını dərk etməli, müharibə edərsə uduzacağını anlamalı, iqtisadiyyatını davam etmirmək istəyirsə bu ifadələrdən imtina etməli olduğunu anlamalıdır. ATƏT-in Minsk qrupu 30 il ərzində bölgəyə sülh gətirmədi, əksinə bu münaqişənin davam etməsi üçün əlindən gələni edirdi. Ermənistanın “Dağlıq Qarabağ” ifadəsindən imtina etməsi sülh sazişinin imzalanmasına təkan verəcəkdir. Çünki bu cür ifadələrlə sülh sazişinin imzalanması qeyri-mümkündür.
Sülh sazişi imzalandıqdan sonra həmin ərazidə yaşayan ermənilər istəyərlərsə Azərbaycan vətəndaşlığını qəbul edib yaşamağa davam edə bilər. Azərbaycan dövləti öz vətəndaşlarına göstətdiyi diqqəti və qayğını həmən ərazidə yaşayan, Azərbaycan vətəndaşlığını qəbul edən ermənilər üçün də tətbiq edəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB