İlham Əliyevin Aşqabad triumfu! ANALİTİK+AKTUAL

Regional və beynəlxalq, həmçinin Avrasiya məkanında siyasi, strateji diplomatiyanın növbəti uğur tandemi

Azərbaycan Prezidenti İlham Əliyevin Aşqabada - İqtisadi Əməkdaşlıq Təşkilatının XV Sammitində iştirak etməsi üçün Türkmənistanın paytaxtında rəsmi səfəri başa çatdı. Lakin bu səfərin bir sıra əhəmiyyətli məqamları nəinki postsovet ölkələrinin, eləcə də dünyanın diqqətini cəlb etdi. Hətta belə desək, Sammitin məkanı Türkmənistan olsa da, bütün diqqətlər Azərbaycana və onun Prezidentinə yönəlmişdi - torpaqlarını işğaldan azad edən qalib Sərkərdə, triumfal Lider kimi.

Beləliklə, hazırda dünyanın bir sıra aparıcı ekspertləri İlham Əliyevin Aşqabaddakı görüşlərini və çıxışlarını şərh edərkən bir sıra detalların analizini aparır, maraqlı nəticələrə gəlirlər. Misal üçün, türkmən qazının İran üzərindən Azərbaycana nəql edilməsi ilə bağlı əldə edilən razılaşma bu qəbildəndir. Özü də nəqlin ölçüləri kifayət qədər böyükdür – ildə 1,5-dən 2 milyard kubametrə qədər.

Fərq üçün göstərə bilərik ki, Azərbaycan bu il Avropaya təxmini ölçülərə görə 5-5,5 milyard kubametr qaz nəql edəcək. Türkmənistan qazından isə Bakı, Tehran və Aşqabad, həmçinin Türkiyə ayrı-ayrılıqda öz səmərələrini götürəcəklər, söz yox ki, ödəyənlər də avropalılar olacaqlar.

Türkmən qazının Bakıya gətirdiyi bonuslar - artıq Brüsseldə Azərbaycan borusu ilə axacaq türkmən mavi yanacağının qoxusu yayılmağa başlayıb

Bu razılaşma Azərbaycana münbit siyasi bonuslar da gətirəcək. Bir tərəfdən İkinci Qarabağ müharibəsindən sonra Qərbdən yönələn bəlli neqativlər, siyasətçilərin müsəlman Azərbaycana qarşı yaranan qeyri-standart baxışları neytrallaşdırılacaq, digər tərəfdən, Azərbaycan sübut edəcək ki, yalnız regional deyil, həm də beynəlxalq statusda onun yeri nə qədər önəmli və vacibdir.

Prezident İlham Əliyevin Aşqabadda əldə etdiyi möhtəşəm triumfuna avropalı siyasətçi nəzərindən baxsaq, həm də belə bir mümkün ehtimallı qənaətə də gələ bilərik. Bildiyimiz kimi, bu günlərdə Rusiyanın dövlət başçısı Vladimir Putinin təşəbbüsü ilə Soçidə Azərbaycan və Ermənistan ölkə rəhbərlərinin görüşləri baş tutdu və buna qədərki müddətdə Qərbin məlum siyasi isteblişmenti yenə də bəlli davranışları ilə haqlı tərəf olan Bakıya sarı deyil, məğlubiyyəti ilə barışmaq istəməyən İrəvana sarı “yıxılır”, müəyyən mənalarda xristian klubu rollarını oynamağa davam edirdilər. Əbəs deyil ki, Soçi görüşündən əvvəl təyin olunmuş Brüssel görüşündə Bakının mövqeyinə əl verməyən davranışları bəri başdan ehtimal etmək olardı. Lakin Soçi görüşündə əldə eidlən ilkin razılaşmaların ardınca Aşqabaddakı Sammitdə imzalanan sənədlər Avropanın planlaşdırdığı siyasi gedişlərin üzərindən xətt çəkmiş oldu. Daha dəqiq desək, artıq Brüsseldə Azərbaycan borusu ilə axacaq türkmən mavi yanacağının qoxusu yayılmağa başlayıb və İrəvanın maraqları türkmən qazının yanında heçə endirilir. Beləliklə, qeyri-sağlam erməni “problemi” ikinci, hətta üçüncü dərəcəli arxa plana keçir, üstəlik, tədricən aradan götürülür.

Söz yox ki, sözügedən bu və digər əhəmiyyətli məsələlərdə Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdimuhəmmədovun önəmli seçiminə və verilən qərarına da nəhəng təşəkkür düşür!

Tehranla Bakı arasında son vaxtlara qədər mövcud olan müəyyən narazılıqlara da son qoyulur – yeni münasibətlər erasına başlanılır

Digər tərəfdən, burada regional və dünya miqyasında inkar edilə bilinməyən İranın rolunu qiymətləndirmək olar. İranın bu razılaşmadakı mövqeyi Tehranın Qərblə soyuq münasibətlərini necə deyərlər, isidə bilər. Və bu mənada, Bakının əhəmiyyətli strateji siyasi-iqtisadi rolu Tehranın yardımına çatır. Təbii ki, Tehranla Bakı arasında son vaxtlara qədər mövcud olan müəyyən narazılıqlara da son qoyulur. Eyni zamanda, 80 milyonluq əhalisi olan qonşusu ilə yeni münasibətlər erasına qədəm qoyur.

Əlbəttə ki, Pakistanın qardaş və sadiq tərəfdaş ölkə olaraq özünü daim Azərbaycanın yanında görməsini, Azərbaycanın isə Pakistanla vahid mövqelər bölüşməsini də qeyd edilən uğurlar sıralamasına aid etmək lazımdır. O cümlədən, beynəlxalq tədbir və sammitlərdə Türkiyə-Azərbaycan-Pakistan üçtərəfli qardaşlıq rəmzi qeyd edilən faktorlarda özünü kifayət qədər tamamlamaqdadır.

Daha bir mühüm faktor: Bakı türkmən qazının həcmi hesabına özünün beynəlxalq arenadakı enerji bazarındakı rolunu öz şətrləri ilə oynamaq şansını artırır.

KTMT üzvü olan ölkələrin dövlət başçılarının İlham Əliyevi Qarabağ zəfəri ilə bağlı təbrik etmələri reallığı

Və əlbəttə ki, Əliyev-Ərdoğan ritorikasının Zəngəzur dəhlizi faktorundakı vurğulanan ifadələri!

Məhz bu ifadələr gəzən bəzi söz-söhbətlərə son qoymuş oldu. Yəni sübut edildi ki, Soçidəki görüş zamanı Putin və Əliyev Paşinyanı bu məsələdə dalana söykədilər və İrəvanın regionun iqtisadi imkanlarına mane olan inadkarlığı, müqaviməti sındırılıb. Aşqabad Sammitinin son nöqtəsini isə KTMT üzvü olan ölkə rəhbərlərinin Azərbaycan Prezidenti İlham Əliyevi Qarabağ müharibəsində qazandığı qələbəsi münasibəti ilə təbrik etmələri faktı qoydu – beləliklə, İlham Əliyevin Aşqabad Sammitindəki iştirakı onun regional və beynəlxalq, həmçinin Avrasiya məkanındakı siyasi və strateji diplomatiyasının növbəti uğur tandemi sırasında yer aldı.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə