Sergey Markov: Rusiya Ermənistana təzyiq göstərir, onu Azərbaycanla sülhə sövq edir - ŞƏRH

“Hazırda Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında üçtərəfli sülh sazişinin imzalanması şansı minimaldır”. SİA xəbər verir ki, bu fikirləri Rusiyanın dövlət və ictimai xadimi, diplomat Sergey Markov “Calibr” analitik mərkəzinə müsahibəsində noyabrın birinci ongünlüyündə Moskvada Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanın görüşünün keçirilə biləcəyi və burada üçtərəfli sazişlərin və ya bəyanatların imzalanması ilə bağlı mətbuatda yayılan xəbərləri şərh edərkən deyib.

Markovun sözlərinə görə, sülh sazişi sərhədlərin tam tanınmasını nəzərdə tutur və bu gün nə Ermənistanın ictimai rəyi, nə də bu ölkənin rəhbərliyi hələ Qarabağın Azərbaycanın bir hissəsi olduğunu etiraf etməyə hazır deyil.

“Eyni zamanda, hələ sərhədlərin qarşılıqlı tanınmayacağı, lakin sülh yolu ilə nizamlanma istiqamətində ciddi irəliləyişlərin olacağı başqa sülh sazişinin imzalanması üçün yaxşı şanslar var. Və əsl sülh sazişi bir müddət sonra gələcək. Ermənistan demək olar ki, Qarabağın Azərbaycan olduğunu de-fakto tanımağa hazırdır, lakin de-yure və siyasi baxımdan hələ buna hazır deyil.

Düşünürəm ki, Paşinyan sülh müqaviləsi imzalamaq və Azərbaycanın, o cümlədən Qarabağın sərhədlərinin tanınması ilə bağlı qərar versə, o zaman kütləvi etirazlar baş verəcək və o, Robert Köçəryanın başçılıq etdiyi “Qarabağ klanı” tərəfindən postundan devrilə bilər.

Rusiya Ermənistanı sülhə məcbur edə biləcəkmi? Düşünürəm ki, Rusiya diplomatiyası Ermənistana yumşaq təzyiq göstərir, onu Azərbaycanla sülhə doğru sövq edir. İrəvana heç bir sərt təzyiq olmayacaq, çünki Moskva Ermənistanın Qarabağın tamamilə itirilməsi və Qarabağın Azərbaycan olduğunun tam şəkildə tanınması kimi ağır geosiyasi məğlubiyyətə görə tam siyasi məsuliyyəti öz üzərinə götürmək istəmir”, - Sergey Markov bildirib.

Daha sonra politoloq Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin artması ilə bağlı fikirlərini bildirib: “Anti-Rusiya əhval-ruhiyyəsi Ermənistan ictimaiyyətinin Rusiyanın 44 günlük müharibədə özünü müttəfiq kimi deyil, bitərəf tərəf kimi apardığına inanması ilə bağlıdır. Ermənilər Rusiyadan çox inciyirlər, çünki Moskva Ermənistana hərbi yolla kömək etmək əmrini vermədi, çünki ermənipərəst lobbinin nümayəndələri, xüsusən də Konstantin Zatulin buna çağırırdı.

Mühüm amil Nikol Paşinyanın qərbyönümlü siyasətçi və Rusiya əleyhinə olmasıdır. Onun komandasındakı erməni mediasına nəzarət edən adamların çoxu Ermənistanda rusofob fikirlər səsləndirən daha parlaq anti-Rusiya siyasətçiləridir.

Anti-Rusiya təbliğatı aparmağa çalışan, Moskvanı Ermənistanın məğlubiyyətində ittiham edən, bu yolla erməni ictimaiyyətinin müti və depressiya vəziyyətindən istifadə edərək onları tamamilə Rusiya əleyhinə yönəltməyə çalışan Qərb dövlətlərinin mövqeyini də qeyd edərdim. Belə ölkələr arasında, ilk növbədə, Rusiyanın kifayət qədər gərgin münasibətlərdə olduğu Fransanı qeyd etmək lazımdır”.

Tərcümə - Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə