Əliyevin 76-cı sessiyada klassik hədəfi..... - Aydın Quliyev yazır

Əliyevin 76-cı sessiyada klassik hədəfi ....."Azərbaycan buna məhkum idi"...Aydın Quliyev yazır....

BMT-nin 76-cı sessiyasında Azərbaycan Prezidentinin çıxışı ilə tanış olanda 4 il əvvəl həmin kürsüdə Ermənistanın hazırda devrilmiş sayılan xuntaçı prezidenti Serj Sarkisyanın və bizim Prezidentin o zamankı çıxışlarını bir daha xatırladım. Həmin günlərdə bu hadisələrlə bağlı o zaman həqiqətən ictimai dairələrin təmsilçilərinin üzünə daha açıq olan İctimai televiziyanın canlı yayımında yarım saat çıxış da etmişdim. Sarkisyan Azərbaycanın guya "Arsax respublikasına" təcavüz etdiyi, atəşkəsi hər gün pozduğu, münaqişənin dinc yolla tənzimlənməsində maraqlı olmadığı, Qarabağın Azərbaycan tərkibində olmasının mümkünsüzlüyü barədə danışdıqca, ona yox, onun bu kürsüdə " yer-göy" tanımayan yalanlarının bu qədər qol-qanad açmasına imkan verənlərə hiddətlənməli olurduq. O bir ermənidir, erməni prezidenti idi, yüz ildir dünyanın başını tovlaya-tovlaya gəldikləri yalanların çərçivəsindən çıxa bilməzdi. Bəs BMT-nin baş katibinə, Assambleya prezidentinə nə gəlmişdi ki, Sarkisyan "Azərbaycan Qarabağ ermənilərinə təcavüz edir" deyəndə diplomatik, ya da adi bir insani jestlə ona "bizim 4 qətnaməmizə düşmüş əraziləri bəs işğalda saxlayan kimdir" deyə soruşmadı. Sarkisyanın heç sözünü də kəsən olmadı. Həmin anlar ədalətsizliyin qurbanı olmuş Azərbaycanın yox, ədalətsizliyin qabağını ala bilməyən BMT-nin özünün zəiflik və miskinlik anları idi. Azərbaycan onu zəif və miskin duruma salmaq istəyənlərin cəzasını verdi, öz haqqını qaytardı, miskin vəziyyəti ilə tarixdə nə adla qalacağını müəyyənləşdirməyi isə BMT-nin öz ixtiyarına buraxdı....

BMT-nin 76-cı sessiyasında isə ayrı mənzərə gördük. Azərbaycan Prezidenti 44 günlük müharibə ilə Cənubi Qafqazdakı vəziyyəti dəyişdiyi kimi, BMT arenasında atmosferi də dəyişib. Ermənistan, onun yalançı başçıları, bir zamanlar yaratmış olduqları saxta və təcavüz üzərində qurulmuş reallıqlar sanki heç olmamışdı.

Prezident Əliyev dünyanın dövlət və hökumət rəhbərlərinin diqqətini kəmiyyət etibarilə çixsaylı məsələlərə cəlb etdi. Onları ayrılıqda da, şərti qruplaşdırılmış şəkildə də nəzərdən keçirmək olar. Bütün hallarda aparılan təhlilləri birləşdirən vahid parametr odur ki, Əliyev dünyanın başbilənlərinin nəzərində sual doğura bilən hər hansı məqam buraxmadı.

Pandemiya, postpandemiya bərpa və dirçəliş işlərini bir anlığa kənara qoyaraq deyək ki, artıq tarixə qovuşmuş hesab olunan Dağlıq Qarabağ münaqişəsinin , BMT-nin ilk növbədə özünə lazım olan transformasiya-islahat zərurətinin əsas xətlərinin çəkilməsində Prezidentin dəqiqliyi qəti şübhə doğura bilməz. 30 il əvvəllər Qarabağ münaqişəsi niyə başladı, Ermənistan necə təcavüz etdi və dünyanı üç on il necə yalanların məngənəsində saxladı, Azərbaycan öz haqqına doğru 30 illik mürəkkəb yolu hansı təmkinlə keçdi, Ermənistanın sülh imkanlarını ən son xəttə qədər məhv etdiyini dəqiqliklə necə təyin etdik, dinc yolun bütün işartıları məhv olandan sonra öz ərazimizdə əks hücum əməliyyatlarına necə başladıq, postmünaqişə dövrünün sülh quruculuğunun əsaslarını necə müəyyən etdik - bütün bunlar Əliyevin BMT-yə təqdim etdiyi" münaqişə və postmünaqişə konsepsiyasının" əsaslarını təşkil edən istiqamətlərdi.

Azərbaycan Prezidenti dünyaya anlatdı ki, 44 günlük müharibə tam qələbə ilə yekunlaşsa da, münaqişəni nəyin bahasına olursa olsun, müharibə yolu ilə həll etmək Azərbaycanın hədəfi deyildi və olmamışdı. Prezident inandırdı ki, Azərbaycan sona qədər hərbi yoldan qaçmağa çalışsa da, Ermənistanın on illər boyu davam etdirdiyi iki istiqamətdəki fəaliyyəti 27 sentyabrın başlanmasını şərtləndidi. Birinci, Ermənistan torpaqlardan çıxmaq fikrində deyildi. İkinci, aramsız təxribatlarla özünə sərfəli status-kvonu əbədiləşdirmək istəyirdi. Prezident dahiyanə şəkildə isbat etdi ki, 2020-ci ilin 27 sentyabrında Ermənistanın sərhədlərdə törətdiyi hadisələr onun mümkün təxribatlarının ən son həddi idi və bunun cavabsız buraxılması öz haqqına doğru inamla siyasət aparan Azərbaycan üçün daha ağır nəticələr doğura bilərdi.

Prezident 76-cı sessiyada videoçıxışının klassik hədəfini belə müəyyən etdi - "Azərbaycan Ermənistanın bacardığı ən sonuncu təxribatı sentyabrın 27-də uğurlu əks-hücum əməliyyatına çevirməyə sadəcə məhkum idi."..Azərbaycanın bütün sonrakı uğurları məhz bu taktikanın üstündə quruldu. Azərbaycanın söykəndiyi 27 sentyabr çıxış nöqtəsi o qədər möhkəm dayaqlara malik idi ki, hətta Ermənistanın yaxa-baca cıran müttəfiqləri, qardaşları da onu müdafiə edə bilmədi. Nə deyə bilərdilər?! Azərbaycan öncə bütün samballı beynəlxalq qurumların dəstək qətnamələrini əldə etdi, diplomatik müstəvidə özünə gərəkli olan bütün əsas üstünlükləri təmin edəndən sonra döyüş meydanında "tərifli erməni ordusunun" mifini dağıtdı. Müharibədən ötən aylar ərzində dünyanın bir dövləti, bir diplomatı "Azərbaycan nahaq müharibəyə getdi" demədi, deyə bilməzdilər, çünki Azərbaycan uğurlu hərbi əməliyyatlara çox tutarlı diplomatik, siyasi, beynəlxalq hüquqi əsaslar yarada bilmişdi. Baxmayaraq ki, müharibə günlərində BMT TŞ-nin 5 daimi üzvünün üçü Azərbaycana qarşı qətnamə qəbul edilməsinin cəmi bir addımlığından vurulub qaytarıldı. Tarix unudulmur. İndi Azərbaycan Prezidenti başda olmaqla bütün xalqımız TŞ-nın həmin üzvlərinin -Fransanın, Rusiyanın və ABŞ-ın haqqa gələrək bizdən üzr istəmələrini gözləyir. Axı onlar həmin anda Azərbaycan xalqının haqqına açıq xəyanət yolunu tutmuşdular. Birdən onların bu xəyanəti də baş tutmuş olsaydı?....Nə olacağını təsəvvür edirsinizmi?

Prezident Əliyevin BMT kürsüsündə "sonrakı güclü təsir" effektlərinə malik tezislərənin bir istiqaməti də dünyanın Ermənistanla hansı siyasəti aparması ilə bağlıdı. Prezident dedi ki, Ermənistan "əməkdaşlıqla qonşulara qarşı ərazi iddialarının arasında seçim etməlidir". Bu, Azərbaycan dövlət başçısının dünya liderlərinə "Ermənistanı buna yönəldin" mesajıdır. Tutarlı mesaj deyil?

Prezident dedi ki, Ermənistanda revanşizmin silahlandırılmasını dayandırmaq gərəkdir. Bu fikir tək Ermənistana yox, həm də onun bəzi müttəfiqlərinə digər dövlətlərin göstərməli olduqları siyasətin mahiyyətini təyin edir. Prezident Ermənistanla sülh sazişinin hansı prinsiplərlə imzalanmasının mümkünlüyünü də dəqiq göstərdi. Ermənistana yox, Ermənistanı saziş imzalamağa məcbur etməyə borclu olanlara göstərdi. Məgər Ermənistanın özbaşına buraxılacağı təqdirdə onun hər hansı saziş imzalamayacağını Azərbaycan Prezidenti bilmir?! Yaxşı bildiyi üçün məhz başqalarına deyir ki, Ermənistanı bəşəri dəyərlərin təntənəsi naminə səlahiyyətləriniz çərçivəsində sülhə məcbur edin. Bu mesaj da "sonrakı güclü təsir" effektinə malik deyilmi?

Azərbaycan Prezidentinin pandemiya ilə daha səmərəli mübarizə, postpandemiya bərpanın daha yaxşı getməsi, BMT-də əsaslı islahatların aparılması üçün göstərdiyi konkret təkliflərin hər biri geniş təhlillərə predmet ola bilər. Ancaq belə təhlillər aparmadan da demək olar ki, bütün bunlar birlikdə Azərbaycanın tək Qarabağ cəbhəsində yox, həm də BMT sferasında "Zəfər daşıyıcısı" olduğunu nümayiş etdirir.

Aydın Quliyev

"Bakı Xəbər" qəzetinin Baş redaktoru

Bütün xəbərlər Facebook səhifəmizdə